Konformçuluq... - Alya Yaqublu yazır

Konformçuluq... - Alya Yaqublu yazır

31-07-2017 20:37 / Bu xəbər 2945 dəfə oxundu

ALYA

Əslində, məsələ çox da qəliz deyil. Bəzi hallarda şəxsi maraqlara görə, bəzi hallarda isə hələlik ancaq təxmin edə biləcəyimiz səbəblərə görə adamlar mövqelərini dəyişirlər.

Mövzu o qədər banaldı ki, adam hətta bununla bağlı uzun-uzadı yazmağa ərinir də. Üstəlik, yazdıqların, sadəcə, subyektiv yanaşma olacaq. Ona görə də mövzunu konseptual müstəvidə araşdıraq, görək, elm adamları belə metamorfozları necə şərh ediblər.   

Sivil cəmiyyətin (və ya bəlli bir qrupun) qəbul və müdafiə etdiyi davranış biçiminə, normalara, dəyərlərə qarşı çıxıb əks mövqe tutmağın elmi adı nonkonformizmdir və bu "mərəzin” bir neçə növü var:

1) Bəzi hallarda fərdlər çoxluğun düşüncəsinə qarşı çıxmağı sevdikləri üçün fərqli fikirlər söyləyirlər. Bu hallar bizdə ya gerçəkdən azad düşüncəli insanlarda müşahidə olunur (hansılar ki mövcud dəyərlər sistemini arxaik hesab edirlər, onun dəyişməsinə çalışırlar), ya da çoxluğu qıcıqlandıran, əsəbləşdirən, hətta təhqir edən fikirlərlə seçilmək, mənfi işarəylə də olsa, yadda qalmaq, "orijinal adam” imici qazanmaq istəyən "gözüqaralar”da...
Birincilərin marağı cəmiyyətin, ictimai şüurun inkişafıdısa, ikincilərin marağı merkantildir, öz yaralı "mən”lərini təmin etməkdir. Başqa sözlə, birincilər səmimi, ikincilər məkrlidilər.
     
2) Nonkonfirmizmin başqa bir forması fərdin öz təmsil olunduğu qrupda hamı kimi görünməmək (və ya daha cəlbedici görünmək) məqsədilə seçdiyi pozisiyadır. Bu davranış tipi bizdə bəzi hakimiyyət nümayəndələrinə və deputatlara xasdır (Hərçənd müxalifətdə də ayrı-ayrı zümrələrin, o cümlədən hakimiyyətin xoşuna gəlmək istəyənlər az olmayıb). Bərbad, talançı idarəetmə sisteminin təmsilçiləri və qoruyucuları olmalarına rəğmən, belələri təhlükəsiz tənqid "nöqtələri” seçib korrupsiyanı və sair qanunsuzluqları pisləyir, guya xalqa canıyananlıq edib ictimai rəydə xal qazanmağa çalışırlar. Milyonlardan çox-çox yaxşı yaşayan (həm də dövlət büdcəsindən oğurluq, qanunsuz biznes, vergidən yayındırılan gəlirlər hesabına) bu sadəlövh çoxbilmişlər elə bilirlər ki, "mən onlar kimi deyiləm, mən yaxşıyam, mən pislərə qarşı mübarizə aparıram” mesajı verməklə, doğrudan da, məsum görünmək olar.    
     
3) Kənar təzyiqlərin (və ya başqa bir qrupun) nəticəsi olaraq meydana gələn, ictimai-siyasi kontekstdə daha çox nəzərdən keçirilən nonkonformizm növü də var. Hesab olunur ki, bu davranış tipi əslində konformizmin tərs üzüdür (yaranma səbəbi eyni olduğuna görə) və ancaq sosial-psixoloji inkişafı aşağı səviyyədə olan qruplarda ortaya çıxır. Bəs konformizm nədir?

Konformçuluq – kənardan (bir və ya bir neçə şəxs tərəfindən) göstərilən təzyiq nəticəsində fərdin fikrirlərində və ya davranışında əmələ gələn opportunizm (şəxsi mənafeyini qorumaq və ya üstünlük əldə etmək naminə öz prinsiplərindən imtina), təslimçilik və mövcud şəraitə uyğunlaşmadır.

Bu "xəstəliyin” yüngül halında (təslimçilikdə) fərd daxilən dəyişmir, yəni yaxşı və pis haqqında təsəvvürləri eyni qalır, amma doğru bilmədiyi şəkildə davranır. Daha böyük faciə onda baş verir ki, o, əvvəl pis bildiyi əməlin əslində yaxşı bir şey olduğuna inanmağa başlayır. Elm buna identifikasiya deyir (Ölkəmizdə bu ikisi arasında nisbətin öyrənilməsi də maraqlı mövzulardan biridi, çünki vaxt, doğrudan da, çox uzun çəkdi və mövcud tabloda ikinci qrupa aid fərdlərin sayı xeyli çox görünür. Bunu araşdırmaq ictimai şüurun inkişaf dinamikasının gələcək proseslərə təsirini proqnozlaşdırmaq baxımından da vacibdir).

Klassik identifikasiyada fərd avtoritet hesab elədiyi və bənzəməyə çalışdığı birindən nümunə götürür. Bizdə bu, uğurlu karyera qura bilmiş adamlara qibtəylə başlayıb onların təqlidi şəklində reallaşır. Məsələn, biznesdə patronajlıq və loyallıqla, siyasətdə sözçülük və saxtakarlıqla bir yerlərə gəlmək istəyənləri göstərmək olar.   

Qarşılıqlı təsir məqsədi güdən identifikasiyada isə fərq özünün başqalarından, başqalarının da ondan umduğu şəkildə davranmağa başlayır. Bu, bütövlükdə cəmiyyət də ola bilər, fərdin təmsil olunduğu qrup da. Əgər cəmiyyətdə və ya qrupda çəxsi maraq naminə dəyərlərə arxa çevirməyi arzulayanlar çoxdursa, fərdin nonsens kateqoriyalı açıqlaması ciddi etirazlara səbəb olmur, əksinə, bu açıqlama başqalarında da prinsiplərdən vaz keçmə cəsarəti yaradır. Bu, konformizmin internalizasiyası, - bir sözlə, lokal mühit konformizmidir. Azərbaycanda bunun da nümunələri kifayət qədərdir. Demokratik düşərgədə təmsil olunub sonradan mövqe və cəbhə dəyişmiş bütöv partiyalar (o cümlədən QHT) var. Bu da maraqlı mövzudur, haqqında silsilə məqalələr yazmaq olar...

Bir də sürü davranışı tipli konformçuluq var: bu halda fərd başqalarının davranışının və münasibətinin təsiri altında olub instiktiv şəkildə dəyişir. Düzdür, elm bunu irrasional (məntiqdən uzaq) dəyişiklik hesab eləyir, amma bunu bütün hallara şamil etməmək də olar. Məsələn, bir idarədə çoxluğun hər cür qanun pozuntusuna dözdüyünü görüb onlardan nümunə götürən fərdlə məhəllə sakinlərinə qoşulub qeyri-adekvat kompensasiyaya etiraz ərizəsini imzalayan digər fərd arasında böyük fərq var. Birincinin davranışı təslimçilik, ikincinin davranışı öz haqqını tələb etməkdir...

Ancaq siyasi fəaliyyət müstəvisində konformizmin sürü davranışı növü nəinki arzuolunmaz, hətta təhlükəlidir. Çəpik çalmağı və mədhiyyə uydurmağı sevən çoxluğun rəhbərə təzimindən təsirlənib instiktiv şəkildə onlara qoşulan vətəndaş avtoritar idarəetmənin qalıcılığına (və ya yaranmasına) şərait yaradır. Azərbaycanda istər hakimiyyət, istərsə də müxalifət partilayalarında bu tendensiya ciddi ölçülərə malikdir. Şəxsi maraqlara və hələlik ancaq təxmin edə biləcəyimiz digər səbəblərə görə siyasət meydanı gündən-günə daha çox konformçuluğa yuvarlanır.

Bunun ən pis tərəfi cəmiyyətdəki deqradasiyanın getdikcə dərinşlənməsi deyil, bir gün bu prosesin də  sonu gələcək. Ən pisi odur ki, həmin gün prosesi idarə etmək iddiasıyla ortaya çıxanların çoxu "çox uzun çəkən vaxtın” sınağına təslim olmuş konformçular olacaq – intellekt, özgüvən və düzgünlük problemi olanlar...

Arqument.Az