NATO-ya lüzum qalıbmı?

NATO-ya lüzum qalıbmı?

09-07-2016 12:40 / Bu xəbər 1460 dəfə oxundu

Bəlkə də bu da tarixin bir ironiyasıdır. Hətta Corc Oruell 30-40 il bundan əvvəl Varşavada NATO-nun sammitinin keçiriləcəyini proqnozlaşdıra və hətta təxmin edə bilməzdi...

Amma NATO-nun bu sammti ərəfəsində nədənsə mənə bədbin notlar hakim kəsildi. Bilirsinizmi niyə? Hər sammitə mən yalnız bir prizmadan baxıram: Genişlənmə nöqteyi-nəzərindən o, nə ilə yadda qalacaq? Görən, Gürcüstan və Ukrayna Alyansa üzv olmağa dəvət alacaqlarmı?..

İndi sammitin gündəliyinə baxanda görürəm ki, bunların heç biri olmayacaq. Gürcüstan da, Ukrayna da sammit ərəfəsində hər şeyin ”ok” olacağı haqda vədlər aldılar...


Bəli, bir neçə gün idi ki, ABŞ-ın dövlət katibi Gürcüstanda idi. Gürcü həmkarları ondan konkret bir şey qopara bilmədi. Con Kerri həmişə olduğu kimi Gürcüstana "gücləndirilmiş müdafiə” vəd etdi, daha sonra müxalifət təmsilçilərilə görüşdü və ölkəni tərk etdi...

Bir az əvvəl bədbin notlardan bəhs etdim... Qeyri-ixtiyari olaraq özümdən soruşuram ki, bu Blokun missiyası bitməyib ki? Təbii ki, NATO Avropanın təhlükəsizlik, siyasi və iqtisadi arxitekturasının mühüm bir elementidir. Buna söz yox. Üstəlik, NATO çəkindirici amildir. Bəlkə də bu Blok olmasaydı Rusiya siyasətçiləri daha çox nadinclik edər, dünyada lokal müharibələrin sayı birə-on artardı... Təbii ki, NATO həm də müəyyən təcrübədir. On illər ərzində hərbi inteqrasiya, modern ordu və müdafiə siyasətilə bağlı, hərbi strategiya və taktika ilə bağlı burada böyük təcrübə toplanıb. Bunların hamısından faydalanmaq olar. Həm də NATO okeanın o tayında olan ABŞ-ın Avropaya hərbi çıxışını təmin edir ki, bu, da çəkindiricilik missiyası baxımından mühüm önəm kəsb edir...


Bir daha deyirəm ki, bütün bunların önəmini başa düşürəm və dəyərləndirirəm. Üstəlik, Böyük Britaniya öz qərarı ilə yeni qənaətlər yaratsa da qloballaşma bütün hallarda zəruri bir tendenisya kimi qalır, çünki hamımız bir planetdə yaşayırıq...

Amma tərəddüdlər də yox deyil. Biz NATO-dan daha çox şey umurduq. Gözləyirdik ki, o, bəzi lokal münaqişələrə, xüsusən də etnik münaqişələrə daha fəal müdaxilə edəcək. Düşünürdük ki, Blok dünyanın təhlükəsizlik arxitekturasının daha təkmil və əhatəli olması üçün indikindən bir qədər də artıq israrlı olacaq...

Fəqət, belə olmadı. NATO bir çox məsələlərə münasibətdə hələ də kənarda qalmağa üstünlük verir. Həm də başqa bir məsələ var. Təbii ki, ABŞ-dan sonra Rusiya ən iddialı və dünya düzənini dəyişmək iqtidarında olan ölkə kimi görünür. Amma hələ də Rusiyanı əsas rəqib kimi görmək dünya siyasətinə izafi gərginlik gətirir. 


Bununla heç də məlum bir faktı inkar etmirik ki, NATO dəfələrlə Rusiyaya dəvət yolladı. Fəqət, nə edəsən ki, bu ölkə NATO daxilində də özünə xüsusi status istədi!..

Amma buna baxmayaraq yenə də Rusiyanın əsas rəqib kimi götürlməsini bir o qədər də təqdir etmirik. Bəlkə də bunun nəticəsidir ki, bəzi ölkələrin NATO-ya qəbulu birə on çətinləşib...

Reallıqdan çıxış edəndə görürsən ki, NATO daha çox geosiyasi instituta çevrilmək üzrədir. Əgər belədirsə, o, geosiyasətin qanunlarını və məntiqini qəbul etməlidir. Rusiya daha əvvəlki kimi ideoloji dövlət deyil, daha əvvəlki kimi fərqli siyasi və iqtisadi fəlsəfə daşımır özündə. O, sadəcə, konkret geosiyasi ambisiyalar ifadə edən ölkədir...

Sözsüz ki, NATO-nun siyasi prinsipləri də yox deyil- elə təsəvvür yaranmasın ki, bunu tamam unutmuşuq. Digər Avropa strukturlarından fərqli olaraq o, bu prinsipləri daha üstün tutur- siz Alyansın daxilində bir ədəd belə avtoritar ölkəyə təsadüf etməzsiniz...

Biz də elə bir vaxtlar daha çox həmin prinsiplərə görə NATO-ya həvəs göstərirdik. İndisə etiraf etmək zorundayıq ki, Azərbaycanın bu qurumla təmasları minimuma enib. Məsələ bundadır ki, Azərbaycan bir qədər fərqli geosiyasi müstəvidədir. 


Düzdür, NATO üzvü olan Türkiyə də, məsələn, Rusiya ilə sıx münasibətlərə can atır. Amma bu məsələdə Azərbaycana yönəlik münasibət bir qədər fərqlidir: Rusiya özünün Azərbaycana qarşı xoş münasibətini bu ölkənin NATO-ya üzv olub-olmaması ilə şərtləndirir...

Digər detal isə ondan ibarətdir ki, Azərbaycanın daxili siyasi seçimi də bir qədər fərqlidir- ölkə avtoritarizmi seçib, burada demokratiyadan, çox təəssüf ki, yalnız şüarlar qalıb...

Azərbaycanın NATO-ya istiqamət götürməsini demokratiyanın və azadlığın təminatı kimi görürdük. Amma Azərbaycan NATO-ya istiqamət götürmədi. Üstəlik, NATO özü də ondan kənarda qalmağa üstünlük verdi. Çox təəssüf ki, belə oldu. Amma nə etmək olar?.. Görünür, daha bir böyük və təsirli demokratiya dalğasını gözləmək lazım gələcək...
 
Hüseynbala Səlimov
Musavat.com