Koronavirus həbsləri və təzyiqlər nəyə hesablanıb? - ŞƏRH

Koronavirus həbsləri və təzyiqlər nəyə hesablanıb? - ŞƏRH

21-05-2020 20:48 / Bu xəbər 1915 dəfə oxundu

Siyasi şərhçi: "Karantin rejiminin ilin sonuna qədər uzadılması həm də sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına yönəlib" 

Mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycanda karantin rejimi bu ilin sonuna qədər davam edəcək. 

Ölkə başçısı İlham Əliyev isə CISCO şirkətinin rəhbərləri ilə videokonfransda bildirib ki, məktəb və universitetlər koronavirusa görə martın əvvəlindən bağlanıb, bu müəssisələr tədris ilinin sonuna qədər birmənalı olaraq, açılmayacaq. 

İlin sonuna qədər planlaşdırılan karantin rejimi dövründə isə tez-tez Azərbaycanda müxalif fəalların, jurnalistlərin inzibati həbsə məhkum edildiyi, cəriməyə və təzyiqə məruz qaldığı xəbərləri yayılır.

Martın sonlarından bəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 15-dən artıq üzvü inzibati həbsə məhkum edilib, 2 AXCP fəalı isə cinayət məsuliyyətinə cəlb olunub. Eyni zamanda digər ictimai fəallar da həbs və cərimə edilib.
 
Məsələn, aprelin 10-da Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşları hüquqşünas Fikrət Cəfərlini karantin rejimini pozmaq ittihamı ilə saxlayıblar. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimələnib. 

Karantin rejimi dövründə Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu da xuliqanlıq maddəsi ilə saxlanılıb və barəsində 4 ay həbs-qətimkan tədbiri seçilib. 

Bundan başqa, karantin rejimi dövründə AXCP sədri Əli Kərimlinin interneti kəsilib, informasiya blokadasına alınıb. Evinə baş çəkməyə gedənlər isə təzyiqlərlə üzləşdiyini deyiblər. 

Bu dövrdə media nümayəndələrinin də fəaliyyətinə müəyyən problemlər yaranıb, bəzi həbslər məhz ifadə azadlığı kontekstində həyata keçirilib. 
 
Yerli və beynəlxalq hüquq müdafiəçiləri fəalların və jurnalistlərin həbsini siyasi və peşə fəaliyyəti ilə əlaqələndirsə də, Azərbaycan hakimiyyəti bu ittihamları qəbul etmir, onların həbsinin qanuni olduğunu bəyan edir. 

Ələsgər Məmmədli: ""Qadağan olunmuş informasiyalar” adı altında jurnalistlərin fəaliyyəti məhdudlaşdırıldı"

Media hüququ üzrə ekspert, hüquqşünas Ələsgər Məmmədli Arqument.az-a deyir ki, bu dövrdə ifadə azadlığı ilə bağlı qanunvericiliyin məhdudlaşdırılması ilk addımlardan oldu: "Azərbaycanda COVİD 19 virusu ilə mübarizə başlar-başlamaz, maraqlıdır ki, ilk addımlardan biri də bilavasitə ifadə azadlığı istiqamətində fəaliyyət göstərənləri ilgiləndirən qanunvericiliyin məhdudlaşdırıcı normalarla zənginləşdirilməsi oldu. Martın 17-də Milli Məclisin tələsik qəbul etdiyi, əslində isə hüquq və azadlıqların məhdudlaşdırılması ilə bağlı qanunların üç oxunuşdan keçməsinin tələb olunduğu halda, bir oxunuşla İnzibati Xətalar Məcəlləsinə və "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişiklik edildi. Epidemiya dövründə informasiyaların yayılması ilə bağlı müəyyən məhdudlaşdırıcı nomalar yenidən qanuna əlavə olundu. Zatən, 2017-ci ildə edilən dəyişikliklə III fəsil bütünlüklə məhdudlaşdırıcı normalar idi. Dərhal da praktik olaraq bu normalar sürətlə tətbiq olunmağa başladı. Bu, internet media və sosial mediadakı yazılara da geniş tətbiq olundu ki, bəs filan yazılar qanunvericiliklə qadağandır. Bu yazılara görə cərimə və həbslər də oldu". 

"Ümumiyyətlə, hökumətin həmişə çəkindiyi söz olub. Ona görə də sistemli şəkildə söz azadlığının məhdudlaşdıran addımlar atır. Bu epidemiya dövründə də bundan istifadə etdilər. Hətta Nazirlər Kabinetinin qərarı ilə jurnalistlərin fəaliyyətinin məhdudlaşdırılması da yolverilməz idi. Çünki jurnalistlərin fəaliyyəti yalnız qanunla məhdudlaşdıra bilər,  bu da ancaq fövqəladə vəziyyət rejimində və ya müharibə zamanı mümkün ola bilər. Buna baxmayaraq, Nazirlər Kabinetinin qərarı ilə karantin rejimi zamanı jurnalistlərin bölgələrə, rayonlara getməsi, bir sözlə, informasiya əldə etmək hüquqi məhdudlaşdırıldı. Bununla da Bakıda fəaliyyət göstərən jurnalistlərin bölgələrdən informasiya almaq imkanlarını azlatdı. Yəni "qadağan olunmuş informasiyalar” bəhanəsi ilə jurnalistlərin həm fiziki hərəkəti, həm informasiya almaq imkanları xeyli mədudlaşdırılmış oldu”, - hüquqşünas bildirib. 

Ruslan İzzətli: "Müxalifətə qarşı repressiya toplumdakı narazılığı azaltmır"

D18 Hərəkatının sədri Ruslan İzzətli Arqument.az-a bildirib ki, Azərbaycan hakimiyyəti karantin rejimindən rəqiblərinə qarşı bəhanə kimi istifadə edir: "Çox təəssüf ki, avtoritar rejimlər karantin dönəmi insanların sağlamlığı ilə yanaşı, öz siyasi niyyətlərini də reallaşdırdılar. Azərbaycan hakimiyyətinin karantin dönəmini bəhanə edərək və avtoritar siyasətinə sadiq qalaraq siyasi qurumlara qarşı repressiyasını davam etdirdi. Beynəlxalq təşkilatların da açıqlamalarında bu mövzu qabardıldı. Xüsusilə "Freedom House" Azərbaycanda oturuşmuş avtoritarizmin olduğunu açıq bəyan etdi".

Onun sözlərinə görə, repressiya siyasətinin arxasında sosial-iqtisadi vəziyyətin mənfiyə doğru getməsi dayanır: "Ölkənin iqtisadi durumu ortadır. Hər gün vəziyyət pisə doğru gedir.  Amma İlham Əliyev də anlamalıdır ki, müxalifətə qarşı repressiya toplumdakı narazılığı azaltmır. Əksinə narazılıq etiraza çevrilir".

Azər Qasımlı: "Karantin olmasa da, repressiyalara gedəcəkdilər" 

Siyasətçi Azər Qasımlı isə hesab edir ki, hakimiyyətin repressiyaları iqtisadiyyatı neftdən asılı olan ölkənin durumu ilə bağlıdır: "Burada bir neçə səbəb var. Göründüyü kimi, dünya bazarında nefftin qiyməti düşür.  Aydındır ki, bu, ölkə daxilində də qiymətlərə təsir edəcək. Çünki hakimiyyət bilir ki, neft ucuzlaşdıqca Neft Fondunun gəlirlər də azalacaq. Proses belə davam edəcəksə, devalvasiya qaçılmaz olacaq. Bu da ölkədə ciddi sosial narazılıqlara səbəb ola bilər. Bu məsələnin birinci tərəfidir". 

Azər Qasımlı deyir ki, ölkə əhalisi hakimiyyətin siyasətinə inanmır: "Məsələnin ikinci tərəfi odur ki, son parlament seçkilərində xalq bu hakimiyyətin islahata gedəcəyinə birmənalı inanmadı. Hakimiyyət bunu da başa düşür, amma islahata da gedə bilmir. Xalq isə seçki hüququnun əlindən alındığının fərqinədir. Belə bir ziddiyyətli məqam var hakimiyyətlə xalq arasında. Bu da hakimiyyəti narahat etməyə bilməz. Amma çıxış yolu kimi repressiyaları görür". 

"Üçüncü məqam isə hakimiyyətdaxili böhranın olmasıdır. Bu, 2016-cı ilin referendumdan başlayan bir prosesdir. Bütün resursların bir ailənin əlində cəmlənməsinə hesablanan addımlar hakimiyyətdaxili narazılıqlar yaradıb. Ona görə də ortaya dialoq təklifi atıblar ki, guya müxalifətin bir hissəsi ilə dialoqa gedirlər. Bütün bunlar imitasiyadır. Hakimiyyət belə bir vəziyyətdə onsuz da repressiyalara gedəcəkdi. Yəni karantin olmasa da, bu repressiyalar baş verəcəkdi və bundan sonra da baş verməsi istisna deyil. Açıqlamalarından da görünür ki, təcrid siyasətinə düşünülmüş şəkildə üstünlük verirlər", - A. Qasımlı qeyd edib. 

Alya Yaqublu:  "İlham Əliyev koronavirus təhlükəsini müxalif düşərgəyə hücum fürsətinə çevirdi"

Siyasi şərhçi Alya Yaqublu Arqument.az-a deyir ki, hakimiyyət epidemiya tədbirlərini rəqiblərinə və tənqidçilərinə qarşı hücum fürsətinə çevirdi: "Utandırıcı faktdır - pandemiya dövrü Azərbaycan tarixində həm də repressiyalar dövrü kimi qalacaq. Çünki İlham Əliyev koronavirus təhlükəsini müxalif düşərgəyə hücum fürsətinə çevirdi. Hərçənd rejim buna bir növ məhkumuydu da demək olar. Zatən, bərbad olan idarəçiliyin fəsadlarına bir də neftin ucuzlaşması və karantin məhdudiyyətlərinin yaratdığı işsizlik problemi əlavə olunandan sonra böyük əksəriyyəti yoxsul olan əhalinin vəziyyəti daha da pisləşdi, 2 milyondan çox işsizin cəmi 600 min nəfərinə birdəfəlik müavinətlər verildi. İnsanlarda pulsuzluqla bağlı bəlli səviyyədə bir panika ovqatı yarandı. Müxalifət hakimiyyətin antipandemiya siyasətini kəskin tənqid etməyə başladı və əhaliyə yardımların artırılmasını tələb etdi. Bu, əlbəttə ki, hakimiyyətin narahatlığına səbəb olmalıydı və həbslər-təzyiqlər  də məhz buna görə intensivləşdi - narazıların müxalifət tərəfindən yönləndirilməsi ehtimalına qarşı". 

Alua Yaqublunun fikrincə, karantin rejiminin ilin sonuna qədər uzadılması həm də sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına yönəlik addımdır: "Elə karantinin ilin sonuna kimi davam edə biləcəyi xəbəri də bu narahatlıqdan xəbər verir, hakimiyyət insanların mümkün etirazlarına yol verməmək üçün sərbəst toplaşmaq azadlığını hər an ləğv etmək hüququna sahib olmaq istəyir".

"Yeri gəlmişkən, budəfəki repressiyalarda İlham Əliyevin şəxsi qərəzi və qəzəbi əvvəlkilərdən daha çox hiss olundu, kütləvi həbslər də, çoxtərəfli hücumlar da çoxdan hazırlanmış plan təsiri bağışladı. Sanki müxalifət düşərgəsini müxalif mövqedən birdəfəlik təmizləmək istəyirlər. Bu pandemiyanın bu planı sürətləndirdiyini deyə bilərik", - o bildirib.

Məsud