"Azad Salamov Fuad Məmmədovun adamıdır"

07-05-2020 23:29 / Bu xəbər 3357 dəfə oxundu

Müdafiə Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin rəisi Azad Salamov vəzifəsindən uzaqlaşdırılıb.

Bu barədə nazirlikdən Arqument.az-a məlumat verilib. 

Məlumata görə, nazir müavini Fuad Məmmədov tərəfindən önə çəkilən Salamovun vəzifədən uzaqlaşdırılması Prezidentin hərbi məsələlər üzrə köməkçisi, general Məhərrəm Əliyev və nazir Zakir Həsənova edilən şikayətlərdən sonra baş tutub.

Məlumatda deyilir ki, Salamov vəzifədə olduğu müddətdə xeyli sayda peşəkar hərbçinin işdən uzaqlaşdırılmasına nail olub və bu da onunla bağlı narazılıqların yaranmasına səbəb olub: "2015-ci ilin sentyabrında Müdafiə Nazirinin Maddi Texniki Təminat üzrə müavini, Maddi Texniki Təminat Baş İdarəsinin rəisi dəyişdirildikdən 3-4 gün sonra orada Azad Salamov adlı bir polkovnik-leytenant peyda oldu və 3 ay sonra yenidən müəmmalı şəkildə yoxa çıxdı". 

"2016-cı ilin yanvar ayı olmasına baxmayaraq, işini 1 ay geriyə, 2015-ci ilin dekabrına sənədləşdirib. Həmin sənədi də Fuad Məmmədov imzalatdırıb. Məlum oldu ki, bu, pensiya almaq üçün bu işə gətirilib və bundan sonra ehtiyatda olan hərbi qulluqçu kimi 500 AZN pensiya alıb. Amma müəyyən qısa vaxt keçəndən sonra ordudan tərxis olunmuş Azad Salamov yenə də Maddi Texniki Təminat Baş İdarəsində göründü. Bəlli oldu ki, bu dəfə onu mülki şəxs kimi işə götürüblər", - bildirilir. 

Bildirilir ki, Azad Salamov vəzifədə olduğu dövrdə 5 polkovnik olmaqla bir çox rütbəli zabitlərin ordudan uzaqlaşdırılmasına nail olub: "O gündən 2020-ci ilin aprelin 30-dək silahlı qüvvələrdə illərlə yetişdirilmiş, peşəkarlamış polkovnik-leytenant, polkovnik, mayor və digər rütbəli zabitlər onun əli ilə Fuad Məmmədov tərəfindən ordudan uzaqlaşdırılıb. Təkcə 2018-2019-cu illərdə 5 polkovnik və bir neçə zabit işdən çıxarılıb. Tərxis olunan zabitlərin yerinə isə Fuad Məmmədovun təqdimatı ilə qeyri-peşəkar hərbçilər cəlb edilib".

"Azad Salamovun xidmət dövründə özünün rütbəsi iki dəfə alınıb. Amma kimlərsə himayə edib yüksək "post"a qaldırıblar. Bu adama xidməti maşın da verilib, amma bir çox hallarda həmin avtomobil özfəaliyyət məqsədilə istifadə edilib", - məlumatda qeyd olunur.

Məlumata görə, yalnız Prezidentin hərbi məsələlər üzrə köməkçisi, general Məhərrəm Əliyev və nazir Zakir Həsənovun məsələyə müdaxiləsindən sonra Salamovu işdən uzaqlaşdırmaq mümkün olub.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı ilə əlaqə saxlamaq mümkün olmayıb.