Məhkəmə İlham Əliyevə qarşı iddianı qəbul etmədi

Məhkəmə İlham Əliyevə qarşı iddianı qəbul etmədi

31-08-2021 15:28 / Bu xəbər 3441 dəfə oxundu

Səbayel Rayon Məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin Prezident İlham Əliyevə qarşı iddiasına baxmaqdan imtina edib.  
 
Bu barədə Bəxtiyar Hacıyev "Feysbuk" hesabında yazıb.  
 
Onun sözlərinə görə, kakim Şahin Abdullayev qərarı əsaslandırıb: "Bəxtiyar Hacıyev hesab edir ki, dövlət başçısının rəsmi səhifəsi Prezident Administrasiyası tərəfindən  idarə olunur. Belə olan halda prezident cavabdeh sayıla bilməz. Belə ki, iddiaçı özü başqa şəxsləri səhifənin administratoru hesab edir". 
 
İctimai fəal dövlət başçısı İlham Əliyevin rəsmi səhifəsi tərəfindən bloklandığını və onun statuslarına şərh yazmaq imkanından məhrum edildiyini pozuntu sayıb.  
 
Bundan sonra məhkəməyə müraciət edib.  
 
Hacıyev hakimin arqumentlərini əsassız sayıb və təkrar məhkəməyə müraciət edib. İndi o, cavabdehlər kimi həm prezidentin, həm də Prezident Administrasiyasını cəlb olunmasını tələb edir.  
 
Hacıyev hesab edir ki, prezidentin səhifəsində onun bloklanması ifadə azadlığına zəmanət verən Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasıdır.