Natiq Cəfərli: “75 günə 1 cüt corab, 100 günə bir mayka...”

Natiq Cəfərli: “75 günə 1 cüt corab, 100 günə bir mayka...”

27-12-2020 01:02 / Bu xəbər 888 dəfə oxundu

"Azərbaycan hökumətinin rəqəmlərlə "rəqs etməyi” sevir, statistik məlumatları siyasi ritorikaya uyğunlaşdırır". 

İqtisadçı ekspert Natiq Cəfərli "Feysbuk" hesabında 2021 il üçün hesablanmış yaşayış minimumunu şərh edərkən belə deyib.

Azərbaycanda 2021-ci ildə yaşayış minimumunun məbləği "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə dair izahatda qeyd edilib.

2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196,0 manat təşkil edir. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 207,0 manat, pensiyaçılar üçün 162,0 manat, uşaqlar üçün 175,0 manat məbləğində proqnozlaşdırılır. Məbləğin 2020-ci illə müqayisədə müvafiq olaraq orta hesabla 6,0 manat və ya 3,1 faiz çox olduğu bildirilir.

"Gələn il üçün yaşayış minimumu ortalama 196 manat götürülüb, bu da minimum istehlak zənbilinə əsaslanaraq hesablanır. Azərbaycan hökuməti minimum istehlak zənbilinin meyarlarını müəyyən edib: Çörək – ilə 136,8 kq, yəni, günə 380 qram (günlük kalori normasının dolması üçün çox götürülüb); Kərə yağı – ilə 7 kq, günə 19 qram; Ət və ət məhsulları (bütün növ) – ilə 32,9 kq, günə 90 qram; Balıq, balıq məhsulları – ilə 7,7 kq, günə 21 qram; Yumurta – ilə 150 ədəd, yəni, 2,5 günə 1 ədəd; Şəkər və qənnadı məmularları, şirniyyat – ilə 16,9 kq, günə 46 qram; Kartof – ilə 54,8 kq, günə 150 qram (bu da kalori norması dolması üçündür)" - ekspert belə yazır.

O, qeyri-ərzaq mallarının qiymət ortalamasının hökümət tərəfindən necə götürüldüyünün müəyyən olmadığını bildirir: "Məsələn, üst geyim, ayaqqabı və s. orta qiyməti yoxdur, amma normalar var: Palto, və ya üst geyimi – 8 ilə 3 ədəd; Ayaqqabı – 4 ilə 6 cüt; Corab – 1,5 ilə 7 cüt, yəni, 2,5 aya, 75 günə 1 cüt corab; Alt paltarı (tuman-mayka) – 2,5 ilə 9 ədəd (Bu da maraqlılıdır, niyə 9, yəni tək rəqəm? 4 tuman, 5 mayka, ya 5 mayka 4 tuman?), yəni, 100 günə ya bir tuman, ya bir mayka".

"Başqa bir şey demirəm, biz hökumətin corab-tuman norması ilə yaşasaydıq, millət iy yerərdi, ya da tumançağ gəzərdi" - N.Cəfərli belə hesab edir.

O, 2021-ci ildə hökumətin internet xərclərini nəzərə almasını isə belə şərh edir: "Sağ olsunlar, 4 nəfərli ailə üçün gündə 1 saat, yəni, hər ailə üzvünə sutka ərzində 15 dəqiqə. Rəqəmlərlə bu cür "rəqs” edərək hökumət həm minimum əmək haqqının, həm də minimum təqaüd və sosial müavinatların məbləğini aşağı götürməyə nail olur. Belə..."///toplum.tv