“Nə müharibə, nə sülh” strategiyası müharibəyə gətirib çıxarır

“Nə müharibə, nə sülh” strategiyası müharibəyə gətirib çıxarır

10-03-2023 12:27 / Bu xəbər 1064 dəfə oxundu

MKİ, FKB, Ədliyyə Nazirliyinin Kəşfiyyat İdarəsi və Milli Təhlükəsizlik Agentliyinin rəhbərləri martın 8-də Konqresə illik qlobal risklər icmalını təqdim ediblər

Sənəddə yekun həllini tapmamış Ermənistan-Azərbaycan münaqişəsinə diqqət yetirilib.

ABŞ xüsusi xidmətləri Ermənistanla Azərbaycan arasında gərginliyin səbəbi kimi üç problemi göstərir:

1. Sülh müqaviləsinin olmaması;
2. Delimitasiya və demarkasiya məsələsinin həll olunmaması;
3. Qarabağın ermənilər məskunlaşan ərazisinin gələcəyinin qeyri-müəyyənliyi.

Prinsipcə, bununla razılaşmamaq olmaz və bugünki gərginliyin davam edəcəyi 2020-ci ildə 44 günlük müharibədən dərhal sonra proqnozlaşdırılırdı. Bu, ilk növbədə erməni cəmiyyətinin 1992-1994-cü ildə işğal edilmiş bütün Azərbaycan ərazilərinin itirilməsinə və Qarabağın ermənilər məskunlaşan ərazisi uğrunda 35 illik açıq mübarizədə Ermənistanın mövqeyinin xeyli zəifləməsinə gətirib çıxaran müharibənin nəticələrini qəbul etməyə hazır olmaması ilə bağlıdır.

Ermənistanın Qarabağın ermənilər məskunlaşan ərazisinin zorla ayrılması strategiyası həmişə pat vəziyyəti yaradıb. Bu strategiya Azərbaycanla danışıqlar prosesində Yerevanın "güzəştli xəttindən” və "suveren” və Ermənistan tərəfindən idarə olunmayan Qarabağ ermənilərinin güzəştsiz mövqeyindən ibarət idi. Yeri gəlmişkən, beynəlxalq vasitəçilər uzanan münaqişədə status-kvonu qoruyub saxlamaq üçün bu xətti qəbul edib və ondan istifadə edib. 

Müharibə Ermənistanın Qarabağ ermənilərinə təsirindən daha çox bu regionun birbaşa idarə edildiyini və Qarabağ ermənilərinin davranış xəttinin müəyyən edildiyini üzə çıxarıb. Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılması haqqında 10 noyabr 2022-ci il tarixli Bəyanatın imzalanması, Ermənistan SQ-nin maddi-texniki və insan itkiləri və onların çıxarılması Azərbaycanın Ermənistanın təcavüzü və vasitəçilərin imzaladığı beynəlxalq sənədlərdə təfsir olunduğu kimi hansısa qeyri-müəyyən "erməni qüvvələrinin” deyil, onun müntəzəm ordusunun Azərbaycan ərazilərini işğal etməsi haqqında iddiasını təsdiq edib.

Sonuncu dəfə biz 13 sentyabr 2022-ci il tarixində Ermənistan-Azərbaycan sərhədində lokal, amma intensiv qarşıdurmadan sonra belə yazmışdıq: "Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycan və Ermənistan arasında davam edən gərginliyin səbəbi sülhə bir-birinə zidd iki yanaşmanın mövcudluğundadır.
 
Azərbaycan öz mövqeyini üç əsas məqam üzərində qurur: 
1) böyük sülh sazişi, 
2) bütün nəqliyyat kommunikasiyalarının açılması, 
3) sərhədin delimitasiyası və demarkasiyası. 

Ermənistan Azərbaycanın, demək olar ki, bütün beynəlxalq vasitəçilər tərəfindən dəstəklənən planı üçün ilkin şərt kimi Qarabağın ermənilər məskunlaşan ərazilərinin ilkin statusunun müəyyən edilməsi, daha dəqiq isə Qarabağ ermənilərinə müstəqillik verilməsi tələbini irəli sürür.

Brüssellə dördmərhələli danışıqlara və Moskva ilə çoxmərhələli danışıqlara baxmayaraq, tərəflərin mövqeyi dəyişməyib. Bu prosesdə yeganə nəticə Yerevanın 1992-ci ilin payızında ələ keçirdiyi və 2016-cı ilin aprel döyüşlərindən etibarən itirməyə başladığı hərbi-siyasi təşəbbüsü ardıcıl olaraq itirməsidir. 

Bakı və Yerevan 44 günlük müharibənin yekunlarına görə status-kvoya əsaslanan ortaq məxrəcə gəlmədikləri təqdirdə, vəziyyətin inkişafı məntiqinə əsasən, növbəti gərginliklərin baş verəcəyini və Ermənistanın regionda hərbi-siyasi təşəbbüsü itirməyə davam edəcəyini gözləmək olar”.

Azərbaycan və Ermənistan arasında onlar tərəfindən qəbul edilməmiş və təsdiq edilməmiş sərhəddə hadisələr 13 sentyabr 2022-ci ildə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanması zərurəti haqqında Vaşinqton-Brüssel xəttinə zidd olan radikal anti-Azərbaycan mövqeyi tutan rusiyalı oliqarx Ruben Vardanyanın Qarabağa köçməsindən sonra baş verib. 

Paşinyan və Əliyevin oktyabrın 6-da Praqada Fransa prezidenti Emanuel Makron və Aİ sədri Şarl Mişelin iştirakı ilə keçirilən görüşdən sonra ümid verən rəsmi bəyanatına baxmayaraq, vəd edilən sülh sülh sazişi hələ də imzalanmayıb və yenə də Qarabağın ermənilər məskunlaşan ərazisinin statusu həll edilmədiyinə görə.

Ermənistandan fərqli olaraq, Azərbaycanın Ermənistanın sülh müqaviləsinin bağlanması prosesini uzatmaq xəttinin əksinə, azad edilmiş beynəlxalq səviyyədə tanınan ərazilərdə iştirakını artırması prosesini sürətləndirməyə çalışacağını gözləmək olardı. Bu mənada ekoloji fəalların Laçın yolunda aksiyası, Vardanyanın Bakının təzyiqi altında Qarabağın ermənilər məskunlaşan ərazisindən kənarlaşdırılması bu prosesin qeyri-hərbi addımları olsa da, münaqişənin hərbi alətlərinin artıq yerin dərinliyinə basdırıldığını düşünmək sadəlövhlük olardı. 

Bu mənada azərbaycanlılar və ermənilər arasında hərbi qarşıdurma vəziyyətin gərginləşdirilməsinə yönəlmiş qarşılıqlı addımlar məntiqi nöqteyi-nəzərdən gözlənilən idi. Martın 5-də 5 nəfərin həyatına son qoyan atışma Bakı və Qarabağ ermənilərinin nümayəndələri arasında nəticəsiz danışıqlardan sonra baş verib. Bu görüşdə sonuncular Qarabağın ermənilər məskunlaşan ərazisinin Azərbaycanın tərkibində statusu haqqında danışmaqdan qəti şəkildə imtina ediblər.

Vəziyyət növbəti hərbi eskalasiyadan narahat olan beynəlxalq vasitəçiləri bir daha gərgin vəziyətə salıb. Bu hərbi eskalasiya üçün bəhanələr göz qabağındadır. Amma münaqişə tərəflərinin hərbi-siyasi addımlarının informasiya təminatı yaxın günlərdə, bəlkə də yaxın həftələrdə hərbi qarşıdurma haqqında danışmaq üçün əsas vermir. Amma "nə müharibə, nə sülh” status-kvosu davam edərsə, qarşıdurma, xüsusən Cənubi Qafqaz regionunu əhatə edən kövrək geosiyasət şəraitində qaçılmaz ola bilər.

İndi artıq gərginliyin artması səbəbindən yekun sülh sazişinə nail olmaq məqsədilə Brüsseldə qarşıda duran Əliyev-Paşinyan görüşü haqqında danışmırlar. Bu isə ABŞ kəşfiyyatının bəhs etdiyi növbəti və bəlkə də daha genişmiqyaslı gərginliklərə gətirib çıxaran qeyri-müəyyənlik rejiminin davam etməsi deməkdir.