“Nəcməddin Sadıqovun adamı” Zakir Həsənovu məhkəməyə çağırdı

“Nəcməddin Sadıqovun adamı” Zakir Həsənovu məhkəməyə çağırdı

28-02-2023 17:02 / Bu xəbər 725 dəfə oxundu

Zərərçəkmiş qismində tanınan şəxslər Zahid Niftəliyevdən şikayətçi olmadıqlarını bildiriblər

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Hərbi Təhsil və Tədris İdarəsinin Tədrisin planlaşdırılması şöbəsinin tədris vəsaitlərinin hazırlanması bölməsinin baş zabiti Zahid Niftəliyev və N saylı hərbi hissənin tağım komandirinin müavini Elsevər Niftəliyevin məhkəməsində müdafiə naziri Zakir Həsənovun çağırılıb dindirilməsi məsələsi qaldırılıb.

Zahid Niftəliyevin vəkili Orxan Kəngərli bildirib ki, müvəkkilinə rüşvət müqabilində hansısa işlərin görülməsi (müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s.) haqda ittihamlar verilib. Halbuki onun belə səlahiyyəti olmayıb.

Vəkil bu məsələ ilə əlaqədar müdafiə naziri, general-polkovnik Zakir Həsənovun və Müdafiə Nazirliyinin Kadrlar Baş İdarəsinin rəisi, general-mayor Elçin Xəlilovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb. Tərtər Rayon Məhkəməsinin sədri bu vəsatətin müzakirəsini növbəti məhkəmə iclasına saxlayıb.

Budəfəki məhkəmə iclasında həmçinin Zahid Niftəliyevin Qəbələ rayonunun Vəndam kəndindəki bağ evində 2018-ci ildə fəhlə kimi işlətdiyi hərbi qulluqçular da dindirilib. Sözügedən 5 nəfər məhkəmədə istintaqdan fərqli ifadə verib. Zərərçəkmiş qismində tanınan bu şəxslər Zahid Niftəliyevdən şikayətçi olmadıqlarını bildiriblər. Onlar deyiblər ki, Qəbələyə göndərilib, orada işləyərkən heç o evin kimə məxsus olduğunu bilmirdilər.

Təqsirləndirilən şəxslərin hər ikisinə qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma) maddələrilə ittiham irəli sürülüb.

1955-ci il təvəllüdlü Zahid Niftəliyevə bundan əlavə Cinayət Məcəlləsinin 311-ci maddəsilə yanaşı, 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma) maddəsilə də ittiham verilib.

Zahid Niftəliyev 2022-ci il mayın 27-də həbs olunanda onun bir müddətdir dələduzluq ittihamıyla axtarışa verildiyi bildirilirdi.  Həmin vaxt hüquq-mühafizə orqanları da bu məlumatı təsdiqləmiş, Meydan TV-yə bildirilmişdi ki, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülüb. İndi isə məlum olur ki, istintaqın gedişində ittiham dəyişib. Yəni dələduzluq ittihamı rüşvətə tövsif olunub.

Zahid Niftəliyev həbs olunanda bu xəbərin ictimai əhəmiyyətini artıran əsas məqamlardan biri onun Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Nəcməddin Sadıqovun yaxın adamı olmasıydı. Bu, hazırda cinayət işinin materiallarında da əksini tapıb.

İttihama əsasən, Zahid Niftəliyev Müdafiə Nazirliyinin yüksək vəzifəli şəxslərilə münasibətlərindən istifadə edərək, müxtəlif hərbi qulluqçuları ordudan tərxis etdirmək, xidmət yerini dəyişdirmək və s. işlər görməyin müqabilində rüşvət alıb. Bu işləri N saylı hərbi hissədə gizir kimi xidmət edən Elsevər Niftəliyevin vasitəsilə həyata keçirib.

1987-ci il təvəllüdlü keçmiş gizir hazırda həbsdə deyil, onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib. O, 2019-cu ildə də dələduzluq və rüşvət verməyə təhrik ittihamıyla məhkum edilib. O zaman ona cərimə cəzası kəsilib.

Zahid Niftəliyev ifadə verməkdən imtina edib. Lakin o, ümumilikdə ittihamlara münasibət bildirərkən özünü təqsirli bilməyib, ittihamda göstərilənlərin həqiqətə uyğun olmadığını söyləyib.

Cinayət işində Zahid Niftəliyevin "Nəcməddin Sadıqovun adamı” olması haqda da müxtəlif ifadələr var. Hətta iddia olunur ki, Nəcməddin Sadıqov özü onu tapşırmış, "onun sözü mənim sözümdür” demişdi. Bu səbəbdən Zahid Nurəliyevə xüsusi münasibət vardı.

67 yaşlı Nəcməddin Sadıqov 1993-cü ilin noyabrından 2021-ci ilin yanvarına qədər Baş Qərargah rəisi vəzifəsində çalışıb.