Nərimanovla Rəsulzadənin fərqi

Nərimanovla Rəsulzadənin fərqi

17-04-2023 12:12 / Bu xəbər 1253 dəfə oxundu

Rövşən Əliyev

Nərimanov və Rəsulzadəni nə qədər adam tərəzinin eyni gözünə qoymağa çalışır  - mat qalıram. 

Yolayırıcında, toqquşma və ya münaqişədə hər iki tərəfi haqlı çıxarmaq mümkün deyil. Birini seçməlisiniz. İkisini də seçmək mümkün deyil (Jurnalist hər iki tərəfin arqumentini dinləməlidir, buna sözüm yox, amma mən vətəndaş olaraq şəxsi fikrimi yazıram). 

Mübahisəli məsələlərdə, münaqişədə hər iki tərəfi eyniləşdirməyə çalışmaq koqnitiv dissonans yaradır ki, Nərimanov məsələsində bir xeyli ziyalımız məhz bu işlə məşğuldur. 

Rusiya-Ukrayna müharibəsində həm Putinə, həm Zelenskiyə, 1993-cü il qiyamında həm Elçbəyə, həm Surətə, Qarabağ münaqşəsində həm ermənlərə, həm azərbaycanlılara, Qızıl ordunun işğalına münasibətdə həm Rəsulzadəyə, həm Nərmanova haqq qazandırmaq mümkün deyil. Birini seçməlisiniz. 

Hər ki tərəfin düzünə və səhvinə aid çoxlu arqumentlər gətirmək olar. Ancaq haqsız tərəfi təyin etmək çox asandır. Rusiya Ukraynaya təcavüz edib, torpaqlarını işğal edib, başqa ölkə daxilində separatçı hərəkat yaradıb - birmənalı günahkardır. 

Zelenskinin artistliyi, Kiyevdəki hansısa bandanın rasistliyi bəhanədir. Zelenskinin nə vaxtsa Putin haqda xoş söz deməsi, qarşısında diz çökəcəyni bildirməsi - bunlar Putini Zelenski ilə tərəzinin bir gözünə qoymağa əsas vermir. 

Elçibəylin çoxlu səhvləri vardı, bu, bir polkovnikin tabeçiliyndəki ordunu istədiyi istqamətə yönəltməsinə əsas vermir. Elçibəy Surətə milli qəhrəman adı vermişdi. Bu, 100 il sonra hər iksini bərabər faydalı şəxs saymağa əsas vermir. 

Qarabağ münaqişəsi institutlaşmış millətçilik hərəkatının rasist təbliğatı yolu ilə bir əsr boyu apardığı işin nəticəsi idi, irredentist mahyyətli idi, torpaq qoparmaq üçün planlaşdırılmışdı. 

Qarşı tərəfin "barbar köçəri" (bu da rasist termindir, nədənsə hamı görməzliyə vurur) olması münaqişəni başlayanları haqlı tərəf eləmir. 

Sumqayıtdakı bir cinayətkar bandanın spontan törətdiyi küçə iğtişaşı, cinayət ilə bu məqsədyönlü rasist və işğalçı hərəkatı eyniləşdirmək olmaz. Olsa-olsa Sumqayıt münaqşə üçün bəhanədir.

Xülasə, Nərimanov işğalçıların aləti idi, Rəsulzadə isə xalqın qanuni təmsilçisi. Nərimanov ondan savadlı və ya istedadlı ola bilərdi (hərçənd belə deyildi), Rəsulzadə nə vaxtsa Nərmanovun əsərlərini tərfləyə bilərdi, amma  bu, onların hər ikisinin eyni dərəcədə müsbət tarixi şəxsiyyət olduğunu deməyə əsas vermir.