“Paşa Bank” keçmiş deputatın oğlunu borca görə məhkəməyə verib

“Paşa Bank” keçmiş deputatın oğlunu borca görə məhkəməyə verib

07-07-2022 18:24 / Bu xəbər 595 dəfə oxundu

Elçin Abramovdan 100 min manatdan artıq pul tələb edilir

2005-2019-cu illərdə Quba-Qusar bölgəsindən Milli Məclisdə təmsil olunan mərhum deputat Yevda Abramovun oğlu Elçin Abramov məhkəməyə verilib. 

Səbəb isə borc məsələsidir.

Elçin Abramovun özüylə yanaşı, onun rəhbərlik etdiyi "Agro Trade” MMC də cavabdeh qismində qoyulub. İddiaçı isə "Paşa Bank”dır. İddiaçı tərəf olan bank onlardan kredit borcuna görə ümumilikdə 117 min 918 manat pul tələb edir.

"Bankdan daha böyük məbləğdə kredit götürülüb. Əvvəllər normal qaydada ödəniş olunub. Sonradan problem yaranıb. İndi tələb olunan kreditdən qalan borcdur”, – məhkəmədən Meydan TV-yə bildirilib.

"Paşa Bank”la Elçin Abramov arasında borc çəkişməsinə Bakı Kommersiya Məhkəməsində baxılır. İşi hakim Zaur Pirverdiyev araşdırır. 

Bir ay əvvəl başlanmış məhkəmə prosesi iyulun 18-də davam edəcək.

"Agro Trade” MMC 2018-ci ildə yaradılıb. Bu şirkət plastik masa, oturacaq, zibil konteynerləri (zibil yeşikləri), plastik yeşiklər və s. avadanlıqların istehsalı ilə məşğuldur.

Bir müddət öncə şirkətin adı həm də büdcəyə 7 min manatdan çox vergi borcunda hallanırdı.