Prezidentin sərəncamı: humanist qərar, yoxsa yarımçıq əfv?

Prezidentin sərəncamı: humanist qərar, yoxsa yarımçıq əfv?

20-03-2021 01:41 / Bu xəbər 2334 dəfə oxundu

"Budəfəki əfv sərəncamını humanist qərar kimi dəyərləndirmək olmaz. Görünən budur ki, hökumət hüquqi və demokratik açılımlara maraq göstərmir. Göstərsəydi, ənənəvi-yarımçıq əfvə deyil, əhatəli və ədalətli əfvə qərar verərdi”.

Bunu "Toplum TV”-yə "Müdafiə Xətti”nin həmtəsisçisi, hüquqşünas Rüfət Səfərov deyib.

Martın 18-də prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Sərəncam 625 nəfər məhbusa şamil edilib.

Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib ki, budəfəki əfv sərəncamı ilə müxtəlif kateqoriyalardan olan şəxslər azad edilb: "Müraciət etmiş təxminən 1400 şəxsin 625 nəfəri əfv olundu. Onlardan 475-i cəzasının çəkilməmiş hissəsindən azad edilib, 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilən 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib. Qalan şəxslərsə islah işlərindən, cəza ödənişindən azad edilib. Əfv olunanların 28 nəfəri qadındır, təxminən 35 nəfəri isə qoca və əlillərdir. Adı siyahıda olan şəxslərin 25 nəfəri xarici vətəndaşlardır. Eyni zamanda, müxtəlif siyahılarda siyasi məhbus adlandırılan 38 nəfər də əfv edilib ki, onların 30-u Nardaran hadisələrinin iştirakçısı, 5-i Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, biri isə İslam Partiyasının sədr müavinidir”. 

Əliməmməd Nuriyev

Ə.Nuriyev deyib ki, əfv sərəncamında şəhid və qazi ailələri də nəzərə alınıb: "Əfvlə bağlı müraciətlərə baxılarkən bəzi meyarlar diqqətə alınır. Məhbusun yaşı, səhhəti, ailə vəziyyəti, edilmiş cinayətin ağırlıq dərəcəsi, həbsxanadakı davranışları, eyni zamanda, şəhid və qazi ailəsindən olması kimi parametrlər də qiymətləndirilir”. 

Rüfət Səfərov isə hesab edir ki, əfv sərəncamı siyasi məhbus problemini köklü surətdə həll etməyib: "Əslində, buna inamımız yox idi.  "Müdafiə Xətti" olaraq ölkə başçısına müraciət etmişdik ki, siyasi dustaqlar, vicdan məhbusları, xüsusilə Qarabağın azadlığı uğrunda döyüşmüş qazilər azadlığa buraxılsın. Müraciətdə vurğulamışdıq ki, əhatəli əfv olarsa, bu, dövlət-vətəndaş birliyinin dərinləşəcəyinə inam yaradacaq. Lakin əksi baş verdi, yəni hökumət ənənəvi siyasətini davam etdirdi. 38 siyasi məhbus azadlığa çıxsa da, onlarla vicdan məhbusu, siyasi dustaq yenə də məhbəs həyatı yaşayır. Hökumət ölkədə siyasi motivlərlə cinayət təqibinə məruzqalma hallarının olmadığını desə də, beynəlxalq təşkilatlar buna inanmır. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin beynəlxalq siyasi mərkəzlər bilirlər ki, Azərbaycanda onlarla siyasi məhbus var. Təsadüfi deyil ki, bu ilin yanvar ayında AŞPA "Azərbaycanda siyasi məhbuslar haqqında” qətnamə qəbul etdi. Hökumətə çağırış edildi ki, siyasi məhbusları azadlığa buraxsın, amma ciddi nəticə yoxdur. Ona görə də mən bu yarımçıq əfvi humanist qərar kimi qiymətləndirə bilmərəm. Kim qiymətləndirsə, ədalətsizlik etmiş olar".

Rüfət Səfərov 

Martın 19-da Ombudsman Səbinə Əliyeva da əfv sərəncamına münasibət bildirib. 

O, sərəncamı humanist addım adlandıraraq azadlığa çıxan məhbusları dövlətə və xalqa layiqli vətəndaş olmağa çağırıb. 

Rüfət Səfərov isə deyir ki, Ombudsmanın bu açıqlaması onun müstəqil fəaliyyət göstərə bilməməsindən xəbər verir: "O, belə yanaşmalıdır, çünki Azərbaycan hökumətinin maraqları çərçivəsində fəaliyyət göstərir, insan haqları sahəsində prinsipial mövqeyiilə fərqlənmir. Hesab edirik ki, Azərbaycan cəzaçəkmə müəssiəsində bir siyasi məhbus qalsaydı belə, yenə də yarımçıq əfv hesab olunacaqdı. Bu mənada builki əfv sərəncamını humanist qərar adlandırmaq doğru deyil".