RƏSMİ: Hadrutda 4 Azərbaycan əsgəri öldürülüb, 3 nəfər yaralanıb

RƏSMİ: Hadrutda 4 Azərbaycan əsgəri öldürülüb, 3 nəfər yaralanıb

13-12-2020 16:10 / Bu xəbər 722 dəfə oxundu

İndiyədək 4 Azərbaycan əsgəri öldürülüb, 3 nəfər yaralanıb

Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti Hadrut rayonunda baş verənlərlə bağlı birgə məlumat yayıblar.

Məlumatda xatırlanır ki, noyabrın 10-da Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistan Baş nazirinin imzaladığı bəyanata əsasən atəşkəsin elan olunmasından sonra Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə bəzi erməni silahlı birləşmələri qalmışdı:

"Ermənistanın rəsmi dairələrinə istinadən erməni kütləvi informasiya vasitələrində sözügedən silahlı dəstələrin meşəlik ərazidə azmış vəziyyətdə olduğu barədə məlumat verildi. Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etdi. Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə bütün şəraiti təmin edib. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gəlib, səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət edərək onların ərazidən təxliyəsi üçün zəruri tədbirlər görüb. Ümumiyyətlə, Rusiya sülhməramlı qüvvələri atəşkəs rejiminin qorunub saxlanması və "itkin düşmüş”, "azmış” olduğu iddia olunan erməni hərbçilərinin ərazidən təxliyəsi üçün məsuliyyətlə və yüksək peşəkarlıqla öz üzərinə düşən vəzifələri yerinə yetirib”.

Məlumatda erməni silahlı dəstələrinin ərazini tərk etmədiyi qeyd olunub: "Əksinə, döyüş mövqeləri yaradaraq son günlər qeyd olunan ərazidə Azərbaycan tərəfdən mülki xidmətləri həyata keçirən şəxslərə və hərbi qulluqçulara qarşı terror-təxribat və diversiya əməllərini törədiblər. Onlar noyabrın 26-də Xocavənd rayonun Sur kəndində Müdafiə Nazirliyinin həmin ərazidə xidmət aparan hərbiçilərinə hücum ediblər. Nəticədə 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. Bundan əlavə dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və "Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb”.

Açıqlamada Ermənistanın bəzi rəhbər şəxslərinin və erməni kütləvi informasiya vasitələrinin bu kimi hallara görə Rusiya sülhməramlı qüvvələrinə və Azərbaycan tərəfinə qarşı əsassız iddialar irəli sürməsi qəbuledilməz hesab olunub:

"Ermənistan tərəfi üçtərəfli bəyanatın müddəalarının yerinə yetirilməsini təmin etməli, atəşkəs rejiminin qorunmasına və sülhün təmin olunmasına dəstək verməli, ərazidə qalmış erməni silahlı dəstələri və ya Ermənistan silahlı qüvvələrinin qalıqları vasitəsilə təxribatların törədilməsi, vəziyyətin qəsdən gərginləşdirilməsi və bu kimi halların ölkədaxili siyasi məqsədlər üçün istifadə edilməsi cəhdlərindən çəkinməlidir. Azərbaycan üçtərəfli bəyanatın müddəalarına sadiq olaraq, Rusiya Federasiyası sülhməramlı qüvvələri ilə sıx əlaqələndirmə və əməkdaşlıq şəraitində regionda sülhün təmin olunması üçün səylərini davam etdirir”.

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.