Ruslan İzzətli də Baş Prokurorluğa çağırılıb

Ruslan İzzətli də Baş Prokurorluğa çağırılıb

29-07-2022 00:20 / Bu xəbər 1329 dəfə oxundu

D18 Hərəkatının keçmiş başqanı, siyasi fəal Ruslan İzzətli iyulun 28-də Baş Prokurorluğa çağırılıb.

Bu barədə Ruslan İzzətli "Feysbuk" səhifəsində məlumat yayıb.

Ona hərbçilərin problemləri ilə bağlı yazdığına görə xəbərdarlıq edilib: "Baş Prokurorluğa çağırılmağımın əsas səbəbi kimi 26 iyun 2022-ci ildə səhifəmdə hərbçilər və müharibə iştirakçılarının problemləri haqda yazdığım status göstərildi. Bu barədə Prokurorluq rəsmilərilə söhbət etdik, onlar öz fikir və mesajlarını, mən də öz mövqeyimi ifadə etdim. Sonda şifahi xəbərdarlıq etdilər". 

Ruslan İzzətli hesab edir ki, Baş Brokurorluğun bu davranışı ifadə azadlığını pozur və siyasi xarakterlidir: "Ölkədə problemlərin çözümü hakimiyyət tərəfindən müəyyənləşdirilmiş meydançadan çıxıb doğruları söyləməkdir. Məqsədimiz vətəndaşın bu ölkədə rahat nəfəs almasına çalışmaqdır".

Baş Prokurorluq iyulun 27-də də sosial şəbəkələrdə orduda baş verən hadisələrlə bağlı paylaşım edən bir sıra şəxslərə xəbərdarlıq edib. 

Qurumun yaydığı məlumatda deyilir ki, "jamaz.info” saytının rəhbəri Fikrət İbişbəyli (Fərəməzoğlu), "miq.az” saytının rəhbəri Aqil Alışov Baş Prokurorluğa çağırılıb, onlara xəbərdarlıq olunub.

Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatdan aydın olur ki, eyni səbəblə xəbərdarlıq edilənlər arasında Şirvan şəhər sakini Elçin İsmayıl, Lənkəran rayon sakini Əli Cabbarlı və Xaçmaz sakini Nuranə Fətəliyeva da var.

Hərbi bloger kimi tanınan Tofiq Şahmuradov isə ordu ilə bağlı yazılarına görə həbs olunub. 

İyulun 27-də Nizami Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs cəzası verilib. 

Hüquqşünas Ələsgər Məmmədli isə Baş Prokurorluğun bu addımını Konstitusiyaya zidd sayıb. O hesab edib ki, Baş Prokurorluq özünü senzor kimi aparır