Nyu Cersi ştatında Azərbaycana qarşı sanksiya tətbiq edilə bilər

Nyu Cersi ştatında Azərbaycana qarşı sanksiya tətbiq edilə bilər

18-12-2023 16:00 / Bu xəbər 1013 dəfə oxundu

Senator Endryu Tsviker Qubad İbadoğlunun həbsinə görə yeni qanun layihəsi irəli sürüb

ABŞ-ın Nyu Cersi ştatı Qubad İbadoğlunun həbsi ilə əlaqədar Azərbaycana qarşı sanksiyalar tətbiq edə bilər. 

Bu, baş versə, Nyu Cersi Azərbaycana sanksiya tətbiq edən ilk Amerika ştatı olacaq.

"Turan” İnformasiya Agentliyi yazır ki, Amerikanın Nyu Cersi ştatının demokrat senatoru Endryu Tsviker noyabrın 30-da insan hüquqlarının pozulmasına və ilk növbədə iqtisadçı alim Qubad İbadoğlunun həbsinə görə Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan N4107 qanun layihəsini irəli sürüb.

Qanun layihəsinin artıq Ştatın Senat komissiyasının təqviminə salındığı bildirilir.

Qanun layihəsində deyilir ki, Nyu Cersi ştatı Azərbaycanda həbs edilmiş iqtisadçı Qubad İbadoğlunun vəziyyətindən və hüquqlarının pozulmasından "həddindən artıq narahatdır”.

"Cənab Qubadoğlu yaxşı idarəçiliyi və dövlətin maliyyə vəsaitlərinin şəffaflığını təşviq edən hörmətli iqtisadçıdır. O, bütün dünya ilə təcrübəsini bölüşüb. Onun Avropa və ABŞ-da müxtəlif ali təhsil müəssisələri, o cümlədən Rutgers, Nyu Cersi Dövlət Universiteti və Prinston Universiteti ilə əlaqəsi olub. Elmi fəaliyyəti ilə yanaşı, o, Azərbaycan hökumətini tənqid edən görkəmli siyasi fəaldır”, – deyə sənəddə bildirilir.

Azərbaycan hakimiyyəti Qubad İbadoğlunu 2023-cü ilin iyulunda saxta pul hazırlama, əldə etmə və ya satma ittihamı ilə həbs edilib.

Sənəddə deyilir ki, İbadoğlunun həbsi Azərbaycanda çoxdan mövcud olan hökumətin tənqidçilərinə qarşı saxta ittihamlar irəli sürülməsi tendensiyasını, demokratik söz azadlığı prinsipinə zidd olan tendensiyanı davam etdirib.

"Nyu Cersinin qanununun insan hüquqlarının pozulduğu digər ölkələrlə hökumət münasibətlərini qadağan etdiyini nəzərə alaraq, Azərbaycana qarşı da eyni siyasəti yürütmək ştatın maraqlarına uyğundur”, – deyə qanun layihəsində bildirilir.

Qanun layihəsi qəbul edilsə, Azərbaycanla bağlı olan müəssisələrlə dövlət sövdələşmələri qadağan ediləcək.

Azərbaycanda və ya Azərbaycanla işləyənlər Maliyyə Nazirliyinin siyahısına daxil ediləcək və onun Nyu Cersi ştatında aşağıdakı fəaliyyətləri qadağan ediləcək:

— dövlət orqanları ilə müqavilə bağlamaq;
— ictimai işlər üçün hüquqa malik olmaq;
— iqtisadi inkişaf üçün subsidiyalar almaq;
— əmlak üçün bələdiyyə vergisində imtiyazlar əldə etmək;
— vergilərdən azad edilmək üçün ərizə vermək və arayış almaq;
— şəhərlərin abadlaşdırılması işləri üçün sertifikata malik olmaq.

Bundan başqa, qanun layihəsi dövlətin Azərbaycan hökumətinin sərmayəyə malik olduğu şirkətlərə pensiya fondu investisiya etməyi qadağan edir.

O həmçinin dövlətin və onun bölmələrinin Azərbaycan hökuməti ilə səhmdar əlaqələri olan maliyyə müəssisələri ilə bank əməliyyatları həyata keçirməsini, sərmayədə səhm, borc öhdəliyi və ya digər investisiyalara malik olmağı onlara verilmiş sığorta ödənişini dəstəkləməyi qadağan edir.

Nyu Cersinin sıx məskunlaşmış Nyuark şəhəri uzun müddət Azərbaycanın ikinci şəhəri olan Gəncə ilə qardaşlaşmış şəhər olub.