Ruslan İzzətli: "İlham Əliyev, bu şəxslərə sözünüz keçmir?"

Ruslan İzzətli:

03-08-2021 17:49 / Bu xəbər 3234 dəfə oxundu

"Mənəvi terror artıq pik həddə çatıb. Hər gün müxtəlif xarici nömrələrdən durmadan təhdid, söyüş, təhqirlə qarşılaşıram. Gün ərzində onlarla belə mesaj alıram. Hərbi xidmətdən öncə də belə mesajlar gəlirdi. İndi isə artıq ailəmi də bu təhdidlərin içinə daxil ediblər". 

Bu fikirləri yenicə hərbi xidmətdən qayıdan D18 Hərəkatının sədri Ruslan izzətli yazıb.

O, bu kampaniyanın dayandırılması ilə bağlı ölkə başçısına da müraciət edib: "İlham Əliyev, bu ölkədə qərar verən tək şəxs sizsiniz. Bu söyüş kampaniyasını dayandırılmamasını siz əmr edirsiniz? Yoxsa bu şəxslərə sözünüz keçmir? Ölkə ictimaiyyətinə, mediyaya burdan müraciət edirəm! İlham Əliyev hər zaman şəhidlərimizdən, qazilərimizdən, müharibədə iştirak edən Azərbaycan əsgərlərindən danışır. Mən sual edirəm: II Qarabağ müharibəsində döyüşən bir şəxsin ailəsini, özünü təhdid etmək, təhqirlə mənəvi terror etmək hansı əxlaqa sığır? Yaxın günlərdə bu terrorla bağlı hüquq mühafizə orqanlarına müraciət edəcəyəm! Bundan da bir nəticə çıxmasa, məhkəmə prosesi başladacağam!"

"Bu tərzlə əqidəmdən döndərməyin mümkün olacağını düşünəcək qədər də sadəlövh  olmayın. Primitiv və çirkin üsullarla məşğul olmaqdansa, vəsait xərcləməkdənsə problemlərin həllinə yönəlmək daha faydalı olar. Sonda qeyd edim ki, siyasi mübarizədə kiminsə ailəsilə heç zaman işim olmayıb. Söyüşü, mənəvi əxlaqsızlığı da siyasi alətə çevirənlərə qarşı olmuşam. Açıqlamalarında daima söyüşü qəbul edilməz hesab etdiyini deyən hakimiyyət bu əxlaqsızlığın qarşısını almayacaqsa tezliklə təsdiq etmiş olacaq ki, bu terrorun arxasında məhz o durur. Çünki bunu durdurmaq üçün bir göstəriş yetər. Görəcəyik...", - Ruslan İzzətli belə yazıb.
 
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin sözçüsü Elşad Hacıyev bildirib ki, Ruslan İzzətli müraciət etdikdən sonra məsələ araşdırılacaq.