Rövşən Ağayev: "Azərbaycan 2 böyük sosial-iqtisadi şok yaşayıb"

Rövşən Ağayev:

30-03-2021 14:50 / Bu xəbər 2097 dəfə oxundu

"Kasıb əhalinin 61 faizi kəndlərin, 39 faizi şəhərlərin payına düşüb"

"Yoxsulluğun etibarlı ölçülməsinə ehtiyac yaranıb”, - iqtisadçı Rövşən Ağayev belə düşünür.

O deyir ki, Dünya Bankının Azərbaycanda sosial-iqtisadi vəziyyətlə bağlı son diaqnostik hesabatı 2014-cü ilin lap sonlarında hazırlanıb, ancaq 1 ildən artıqdır davam etməkdə olan sərt karantin rejimi, 5 ildə manatın kəskin dəyər itirməsi, neft gəlirlərinin azalması nəzərə alınsa, daha bir diaqnostik hesabatın hazılanması lazım gəlir.

"O zaman Dünya Bankı ekspertləri apardığı tədqiqata əsasən bu qənaətə gəlmişdilər ki, ölkə əhalisinin 29 faizi orta təbəqəyə aiddir. Hökumətin yoxsulluqla bağlı rəqəmini əsas götürərək yoxsulların 6 faiz olduğunu göstərsələr də, yerdə qalan (60 faizdən çox) əhalini "həssas" əhali qrupları kimi təsnif etmişdilər", - o bildirib.

İqtisadçı deyir ki, "orta təbəqə" dedikdə, ev təsərrüfatında hər nəfərin gündəlik istehlak xərcləri alıcılıq qabiliyyəti pariteti (AQP) ilə 10 dollar ekvivalentində məbləği ötən ailələr götürülürdü: "Dünya Bankının İCP çərçivəsində hesablamalarından çıxış etsək, AQP ilə 10 dollar istehlak həcmi nominal məzənnə ilə ən azından 30-35 dollara bərabərdir. "Həssas qruplar" isə o qruplar idi ki, hökumətin yoxsul saydığı 6 faizə daxil olmasa da, Dünya Bankının "orta təbəqə" saydığı təminatlı əhali qrupuna da aid deyildi. Onları həssas edən meyar bu idi ki, ani şoklardan dərhal yoxsul qrupa keçmək riski yüksək idi. Təbii ki, əlverişli mühit olacağı halda isə "orta təbəqə"yə keçid edəcəkləri ehtimalı da vurğulanırdı”.

Rövşən Ağayev deyir ki, əslində o zamandan Azərbaycan vətəndaşları və iqtisadiyyatı 2 böyük sosial-iqtisadi şok yaşayıb:

"Milli valyutanın kəskin dəyər itirməsi;
Uzun sürən sərt karantin rejiminin tətbiqi".

Rövşən Ağayev

İqtisadçı deyir ki, bu baxımdan ölkədə əhalinin sosial vəziyyətinin obyektiv dəyərləndirilməsinə, yoxsulluğun etibarlı şəkildə ölçülməsinə ehtiyac yaranıb.

Rövşən Ağayev yerli mənbələrdə az tapılan bəzi faktları da açıqlayıb.

O deyir ki, orta təbəqənin 64 faizi şəhərlərdə, 36 faizi kəndlərdə yaşayır.

Əhalinin Bakı şəhərində 95, digər şəhərlərdə orta hesabla 83, kəndlərdə isə 33 faizdən az hissəsi mərkəzləşdirilmiş su təminatına malikdir: "Kasıb əhalinin 61 faizi kəndlərin, 39 faizi şəhərlərin payına düşüb. Yoxsulluq səviyyəsinə görə ölkədə ən yaxşı və ən pis göstəriciyə malik regionlar arasında fərq 6 dəfədir”.

Azərbaycanda yoxsulluq həddi 5,1 faiz təşkil edib. Nazirlər Kabinetinin Azərbaycandakı yoxsulluq həddi ilə bağlı ən son - 2018-ci ilin yekununda açıqladığı hesabatda belə deyilir.

Bildirilir ki, bu rəqəm 2017-ci illə müqayisədə 0,3 faiz azdır.

Bundan əlavə, Azərbaycanda yoxsulluğun səviyyəsi 2003-cü ildə 44,7, 2004-cü ildə 40,2, 2005-ci ildə 29,3, 2006-cı ildə 20,8, 2007-ci ildə 15,8, 2008-ci ildə 13,2, 2009-cu ildə 10,9, 2010-cu ildə 9,1, 2011-ci ildə 7,6, 2012-ci ildə 6, 2013-cü ildə 5,3, 2014 və 2015-ci illərdə 5, 2016-cı ildə isə 5,9 faiz təşkil edib.(meydan.tv)