Saramaqonun İncili

Saramaqonun İncili

15-03-2023 15:10 / Bu xəbər 1554 dəfə oxundu

Ənnağı Hacıbəyli

Nobel ödüllü "İsanın İncili” romanının müəllifi ateist idi. Amma əsəri oxuduqda onun sırf ateist baxışının məhsulu olduğunu iddia etmək mümkünsüzdür. 

Həqiqətən də, böyük yazıçılar xırda ideoloji qəliblərə sığmaz.

Kilsənin "təhqiramiz, satirik əsər” adlandırdığı romanın qəhrəmanı mistik obrazdan şox real həyat adamıdır. 

İsa Saramaqonun interpretasiyasında Tanrıya bəzən qəliz suallar və cavablar versə də, "küfr”dən mümkün qədər çəkinir, İsa Məsih obrazının bütün çalarlarını – mistikasını, gerçəkliyini, qutsallığını qoruyub saxlamağa çalışır. 

Saramaqo böyük yazıçı-humanistlər kimi İsadan insanlığın dərdlərini danışmaq, ağrılarını bölüşmək, işıqlı sabahı görmək üçün yararlanır. 

Kilsənin tarixi cinayətlərinin birbəbir sadalanmasından görünən mənzərə isə yazıçının deyil, bu cinayətlərin müəllifi olan kilsənin günahlarıdır. 

Məsuliyyətdən qaçmaq cəhdləri həmişə uğurla sonuclanmır. 

Əsər mükəmməl təsvirlər külliyyatıdır. Min illər qabağın, görmədiyimiz, ancaq təsəvvür edə biləcəyimiz zaman və məkanın, hadisələrin bu qədər maraqlı və işıqlı təsviri yalnız böyük yazıçının bacaracağı işdir: "Ruhun gücü daha uzaqlardan xəbər verir”. 

Saramaqo ədəbiyyat Tanrısının seçilmiş apostoludur.  

Din tarixinin dəyəri insanlıq tarixi olmasındadır. Bu tarix bəzən insanlığa sığmasa da...  Çeşidli xalqlar, tayfalar, qəbilələr sübut etməyə çalışıblar ki, Tanrı məhz onların torpağında özünə məbəd seçib. 

Tanrının taxtını gözəgörünməz ucalığa insan təxəyyülü qaldırıb. O qədər ucalığa qaldırıb ki, ömrü boyu o əlçatmaz zirvəyə can atsın, ora heç kəsin çirkli əlləri və baxışları yetməsin. O ucalığa yetmək nə qədər qutsal arzu olsa da, məqsəd deyil, məqsəd o ilahi yolun əzablarını və şərəfini yaşamaq, ora çatmağın hətta mümkünsüzlüyündən də zövq almaqdır.

***

Tanrı özünü insanlara necə göstərirsə özü barədə elə də təsəvvür yaradır. O özünü vasitəçilər, mələklər və ya insanlar vasitəsilə göstərdikdə öz imicini daha çox təhlükəyə atır. İlahi gücün təcəllası birbasa, vasitəsiz olmalıdır. Çünki "Tanrı elə Tanrının özüdür”.

Tanrı kainatı izah eləmək acizliyimizin simvoludur: "Tanrı nə qədər əlçatmazdırsa, bir o qədər Tanrıdır”, - deyir Saramaqo.

Bəzən dünyada baş verən ən dəhşətli olaylar da Tanrını dərin "letargiya yuxusundan” oyada bilmir. Müharibələrdə ölən də, öldürən də Tanrını çağırır, çünki onların hər ikisinin yaradıcısı və bir-birinin üstünə göndərən eyni qüvvədir. Bu zaman ilahi ədalətin paylanmasındakı bərabərlik ilahinin ədalətinə şübhə yaratsa da, bunu haqqın üsyanı kimi yox, küfr kimi qiymətləndirirlər. Çünki dini kitablar inanclılarına bir vəzifə olaraq tapşırır ki, "onun iradəsinə qarşı çıxanları məhv edək”. 

Saramaqo Tanrını imicinə biganə deyil. Onu Tanrı ucalığında saxlamaq üçün təklifini verir: "Tanrı varsa, yəqin təkdir, amma yaxşı olardı ki, ondan iki dənə olsun – biri ölən, biri isə öldürən üçün”...

***
  
"Zaman – dalğalanan maili səthdir və yalnız yaddaşımız onu hərəkətə gətirib bizə yaxınlaşdırmaq gücündədir. Hər şeyin öz zamanı var və bu zamanın özü də göylərin iradəsindədir”. 

Bütün hakimiyyətlərdən ən az irad Tanrının hakimiyyətinədir, lakin o da etirazdan sığortalana bilməyib.

Tanrının da gücü sonsuz deyil – o, bəndələrini ölümdən qoruya bilmir. Roma imperiyasının legionerləri üsyançıları çarmıxa aparır. Onlara qoşulmamış İosif – İsanın atası "Tanrı sizə nicat versin” deyir. 

Üsyançı: "Tanrı ruhları xilas edir, bədənləri yox”. 

Ruha və bədənə münasibətdə Tanrının yol verdiyi ayrımçılığı çeşidli şəkildə izah etməyə cəhd eləmək olar. Amma çətin ki bu izahlarda din, fəlsəfə və Tanrı arasında konsensus olsun. 

Tanrı İsanın "Nəyə görə özünün verdiyin canı bizdən alırsan?” sualına cavabında bunu belə izah edir: "Almasam yer üzü tamamilə adamla dolar”. 

Razılaşaq ki, bu, Tanrı üçün çox bəsit cavabdır.

Tanrı günahlarımızın yuyulmasına qərar verəndir. Bəs günahları bizə kim verir? Niyə biz günaha batmalıyıq ki, sonra ondan xilas olmağı kimdənsə xahiş edək, kiməsə yalvaraq ki, bizi bağışlasın. Bu, bizi alçaltmırmı?

Həzrəti Musa dedi: "Kim günahsızdırsa, qoy birinci daşı o atsın”. Yer üzündə isə beləsi tapılmadı. Bəs yuxarılarda, xoş və ağır günlərimizdə əl açıb göz dikdiyimiz, ədalət və mərhəmət umduğumuz instansiya(lar)da beləsi varmı? Varsa, Tanrı da var, yoxdursa...  

 ***

Tanrının yolu təkcə dərkedilməz deyil, çox vaxt həm də keçilməzdir. "Gül-gülə, torpaq-torpağa, başlanğıc olan hər şey sonuna varacaq, başlanan hər şey bitmişdən doğacaq”. 

Əsərin başlıca fəlsəfi qənaəti olan bu əbədi sxem Saramaqonu sufizmə doğru yönəldir. Bəlkə özü də sezmədən. İlahinin yolu dərkolunmaz ola bilər, amma İlahi yol dərkolunandır. 

Dərkolunmaz yol ulaşılan yol deyil: özünə varmayan mənzilə varmaz. O nə yoldur ki, dərk olunmur və ulaşılmır. Yolumuz izimizdir, izimiz özümüzük. Özü olmayan Tanrıya vara bilməz. Tanrı yolu sufu yoludur, səfil yolu deyil. 

 ***

"Satqınlar dönüklərdən tez bağışlanır”. 

Elə bilirsiniz bu, təkcə İsa zamanında belə idi? Yox, sonra da belə olub, indi də belədir, sabah da belə olacaq. Çünki dönüklük satqınlıqdan daha pisdir. Dönüklüyün dəyəri heç yoxdur. 

Satqınlıq bir alver məsələsidir, dönüklük insanın insanlığı inkarıdır, qutsallığa xəyanətdir, insanlığın toxunulmaz qanunlarının pozulmasıdır. Satqınlıq bağışlanır, çünki o, ikinci əl üçün də yararlıdır. Dönüklər isə əbədi itirilmiş, bir daha təyinatı üzrə yararlanmağa layiq olmayan fərdlərdir.

"Satqınlar dönüklərdən tez bağışlanır” o demək deyil ki, dönüklər bağışlanmır. Sadəcə, onlar daha gec bağışlanır – yaddaş gərək bir az kütləşsin, zaman keçsin, yaralar sağalsın, bəlkə də, onlara yenidən ehtiyac yaransın...

Toplum ismipünhan dönükləri bağışlamağa həmişə hamilədir. 

Siyasət satqınlıqla dönüklüyün görünən tərəflərini üzə çıxarır. Əslində bu "keyfiyyətlər” siyasətdənkənar cameədə, adi insanlar arasında daha tez bağışlanır. 

İnsanlıq hər bir halda bağışlamanı böyüklük kimi qəbul eləmək rəzalətindən xilas olmayınca satqınlar və dönüklər bağışlanacaq. 

Özünüzü belə düşünənlərdən daha böyük göstərməyin, bütün günahların bağışlanmasının Tanrıdan gələn humanizm olduğunu nahaq yerə iddia etməyin. Belə olsaydı, İsa öncə öz atasını bağışlayardı. Günahsız körpələrin qətlinə mane olmadığına görə onu ömrü boyu ittiham etməzdi. Onun atası – İosifi isə bu günahda ittiham etmək mübahisəsiz deyildi.

"Tanrı bağışlayandır” hökmünü "Tanrı bütün günahları bağışlayır” ölçüsüzlüyünədək uzatmaq küfrdür, Tanrıya hörmətsizlikdir, onu indulgensiya alverçisinə çevirməkdir. 

Tanrının hansı günahları bağışladığı və ya bağışlamadığını ondan başqa kim bilə bilər ki?!

***

"İstisna elə ona görə istisnadır ki, qaydanı bir daha təsdiq eləsin”. Hər hansı istisna qaydanın mahiyyətini tam dəyişə bilməz. Çünki o məhz həmin qaydadan istisnadır, o qaydaya tabe olmasa da, onu tam dəyişə bilməz, son anda yenə də onun gerçəkliyini tanımağa məcburdur.

Günahsızlıq ümumi qaydadırsa, niyə günahkara daş atmağa adam tapılmadı? Bəs ümumi qayda nə vaxt hamılıqla olmasa da, çoxluğun əməl etdiyi qaydaya çevriləcək? Bu durum ümumi qaydanın istisnaya çevrilməsi deyilmi? Belə çıxır ki, günahsızlığın ümumi qaydaya çevrilməsi üçün minilliklər gərək olacaq. Bu nə deməkdir - günah əbədidirmi?  

"Yalnız sükut gerçək və əbədidir” – deyir Saramaqo.

***

"Günah-tövbə” labirinti insanlığı itaətdə saxlamaq vasitəısidir. Tanrı İsaya tapşırır ki, dünyanı gəzib insanları tövbəyə çağırsın. Hər şey Tanrının hökmündədirsə, nəyə görə Tanrı insanlara öncə günah, sonra isə tövbə göndərir? 

İsa bunu soruşmur, çünki az öncə Tanrı ona demişdi ki, "Tabe olmağa həmişə hazır olan insan Tanrının əlinə düşmüş ən böyük uğurdur”. 

İsa, görünür, özü istədiyi kimi, Tanrı deyil, daha çox insandır. Hər şeyə boyun əyən insan hamını qane edir – yerdəki tanrıları da, göydəkini də.

Tabelik fəzilət deyil, amma hamının işinə yarayan keyfiyyətdir. Din yolunda milyonlarla əzabkeş qurban veriləndə, milyonlar inkvizisiyanın ağlasığmaz işgəncələrinin qurbanı olanda Tanrı susurdu. Çünki "rəqib allahlarla mübarizə yer üzərində getməli, göylər isə əbədi və sakit qalmalı idi”. 

Tanrı ruhun nicatı üçün cismi qurban verməyi tələb edir. Səlib yürüşləri, inkvizisiya, başqa ancaq dinin törətdiyi qəddar cinayətlər real insan cismini kimsənin görmədiyi ruha qurban verib. Kimsə buna görə məsuliyyət daşımayıb. 

İsa Tanrıdan soruşur: "Sən bütün bunlara görə vicdan əzabı çəkmirsən” və Tanrı cavab verir: "Mən Tanrıyam, Tanrı isə vicdan əzabının nə olduğunu bilmir”. Ancaq bu suala bir nəfərin də cavabı var. 

İblis: "Həqiqətən Tanrı olmaq lazımdır ki, qanı bu dərəcədə sevə biləsən”. 

İblislik həm də Tanrıya xəyanətdir. Onsuz da kimsə bunu cəsarət kimi qəbul etməyəcək.  

***

Tanrı heç nəyi unutmur və heç kimə də borclu qalmır. Amma ən ağır cəzanı da günah işlətmiş bəndələrinə deyil, daim yanında saxladığı varlığa – İblisə verib. 

Ömrü boyu nə insan, nə də Tanrı ola biləcək adam günah əsiri olan insanlardan daha ağır durumdadır. Odur ki, naşükürlük etməyək, hər halda insanıq və insanlıq yükünü daşıdığımızın fərqində olsaq yetər.

Yetər ki, o yükü şərəflə daşıyaq.