Tarixçi alim ədəbi tənqidçiyə cavab yazdı

Tarixçi alim ədəbi tənqidçiyə cavab yazdı

13-03-2023 13:58 / Bu xəbər 1495 dəfə oxundu

Cəmil Həsənli

Otən həftə (martın 6-da) "Ədəbiyyat qəzeti"ndə filologiya elmləri doktoru, YAP İdarə Heyətinin üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Uşaq ədəbiyyatı" şöbəsinin müdiri Elnarə xanım Akimova "Heydər Əliyevin siyasi fəaliyyətində Cənubi Azərbaycan: sevgisi və ağrısı ilə" adlı bir yazı yazıb

Heydər Əliyev uzun müddət Azərbaycana rəhbərlik edib, onun həyat yolu və siyasi fəaliyyəti haqqında kitab və ya məqalələr yazıla bilər. Amma bunlar miflərə, uydurmalara, yalanlara deyil, həqiqi gercək faktlara, sənədlərə söykənməlidir. 

Elnarə xanım yazır ki, "1944-1945-ci illərdə Cənubi Azərbaycanda baş verən milli azadlıq hərəkatında, siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında bu zaman artıq dövlət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin iştirakı bioqrafları tərəfindən qeyd olunur". 

Əvvəla, Cənubi Azərbaycanda azadlıq hərəkatı Elnarə xanımın yazdığı kimi 1944-1945-ci illərdə deyil, 1945-1946-cı illərdə baş verib və 21 Azər hərəkatı kimi tarixə düşüb. İkincisi, Elnarə xanımın nəzərdə tutduğu bioqraflar yalan yazırlar, mif uydururlar və bu yalanlar da onlardan sonra gələn müəlliflər üçün "mənbəyə", istinad yerinə çevrilir. Yəni yalan tirajlanır. 

1945-1946-cı illərdə 21 Azər hərəkatında "dövlət təhlükəsizliyi sahəsində çalışan gənc Heydər Əliyevin" iştirakı 1946-cı ilin  mart ayında Mir Cəfər Bağırovla Seyid Cəfər Pişəvərinin Sovet Culfasının dəmir yol stansiyasında görüşün keçirildiyi vaqonu mühafizə edən dəstəsinin içində olması qədərdir.  Bunu Heydər Əliyev özü də mənimlə telefon söhbəti zamanı təsdiq etmişdi. Qalanları uydurmadır. Təbrizdə həmin illərdə "siyasi və ictimai təşkilatların yaradılmasında, müstəqillik ideyalarının formalaşmasında" Əliyevin iştirakı kimi bir şeylər uydurmadır. Bu faktlara, sənədlərlə təsdiq edilmir. 

1945-1946-cı illərdə Güney Azərbaycana göndərilən (iki dəfə: birinci dəfə 1941-1942-ci illərdə Əziz Əliyevin başçılığı ilə, ikinci dəfə 1944-1946-cı illərdə Həsən Həsənov, Mirzə İbrahimov və dövlət təhlükəsizliyi komissarının müavini Ağasəlim Atakişiyevin başçılığı ilə) bütün siyasi işçilərin, o cümlədən təhlükəsizlik orqanları işçilərinin adı, familiyası, harada işləməsi, hansı tapşırıqla hara göndərilməsi hamısı məlumdur. Əgər kimdəsə Heydər Əliyevin Təbrizdə siyasi təşkilatlar yaratması, müstəqillik uğrunda mübarizə apardığı barədə sənədi, faktı varsa zəhəmət çəkib qoysun ortalığı. 

Yazıda guya "Heydər Əliyev 19 yaşında Şimali və Cənubi Azərbaycanı birləşdirmək haqqında düşünüb" kimi ifadənin keçməsi  uydurmadır, tarixi həqiqətlə heç bir əlaqəsi yoxdur. 

Elnarə xanım və başqaları  Cənub mövzusunda Heydər Əliyevin qatqısını Səhəndin   "Elimin dayağı, yurdumun fəxri Heydər müəllimə" adlanan şeir məktubu ilə izah edirlər. Amma nəzərə almaq lazımdır ki, Cənub şairlərinin Mir Cəfər Bağırovun Güneyə "atalıq qayğısı" haqqında yazdıqları şeirləri toplasaq bir kitab alınar. 

Yazıda Heydər Əliyevin 1958-ci ildə Saranska gedib Milli Hökumətin Maarif naziri, şair Məhəmməd Biriyanı Bakıya "gətirməsi" bardə faktlar da ziddiyyətlidir. Məhəmməd Biriya 1958-ci ildə yox, 1956-cı ilin avqust ayının 30-da "əməlində cinayət tərkibi olmadığına görə" həbsdən azad edilib. Bununla bağlı Biriya SSRİ Nazirlər Sovetinin sədri Malenkova məktub yazmışdı. Məktub araşdırılan zaman məlum oldu ki, onun işində cinayət tərkibi yoxdur. 

Ancaq Məhəmməd Biriya Bakıya qayıtdıqdan sonra 1957-ci ilin yanvar ayının 18-də Azərbaycan KP MK-ya geniş bir məktub yazdı və bildirdi ki, marksizm-leninizm məktəbləri bağlanmalıdır, Marks-Engels-Lenin-Stalinin heykəlləri götürülməli, ermənilər Azərbaycandan çıxarılmalı, vicdan azadlığı və s. təmin edilməlidir. Azərbaycan Demokrat Firqəsi Azərbaycan KP MK-ya və Azərbaycan DTK-na gizli məktub yazdı ki, Məhəmməd Biriya daimi nəzarətdə saxlansın və onun İrana qayıtmasına imkan verilməsin. 

Məhəmməd Biriyanın fəaliyyəti haqqında mütəmadi olaraq Sovet Kommunist Partiyasının Beynəlxalq şöbəsinin müdiri Boris Ponomaryova, SSRİ KGB-nə və SSRİ prokurorluğa məruzə edilirdi. Onun antisovet fəaliyyəti haqqında yazılmış məlumatlarda Heydər Əliyevin də imzası var. 

Yeri gəlmişkən yuxarıda qeyd edilən məktubla bağlı Moskva və Bakı KGB-ləri 3 ay yazışdılar ki, (Heydər Əliyev də daxil olmaqla) Məhəmməd Biriyanı necə tutaq. Axırda bu qərara gəldilər ki, antisovet şeirlərini çoxaldıb Tarqovıda adam çox olan yerdə çibinə qoyub "hal şahidlərinin" iştirakı ilə aktlaşdırsınlar. Belə də etdilər. Yenidən Biriyaya 10 il iş verdilər. Bu həbs başa çatandan sonra Heydər Əliyevin rəhbərliyi dövründə Biriya "Sovet milisinə tabe olmamağa görə" yenidən həbs edildi və Tambova göndərildi. Hətta o, Tambovda belə bir şeir də yazmışdı: 

Soylə bir Heydər ağa,
Təbriz hara, Tambov hara?

 Həbsxanadan qayıdandan sonra ona 3 il Bakıda yaşamağa icazə verilmədi və Şamaxıya göndərildi. Bax belə. Əlahəzrət faktdan yayınmaq mümkün deyil. 

Elnarə xanım öz yazısında Heydər Əliyevin 12 iyun 1981-ci ildə ölkə yazıçılarının VII qurultayındakı nitqində toxunur və sair. Məsələ burasındadır ki, 1979-cu ildə İran İslam inqilabı ilə bağlı döğrudan da Sovetlərin İran siyasətində Azərbaycanın rolu artdı. Amma nəzərə almaq lazımdır ki, bu dövrdə Heydər Əliyevin müxtəlif tədbirlərdə Cənubi Azərbaycan məsələsinə toxunmasının təlimatı Moskvadan, Sov. İKP MK-dan və Beynəlxalq şöbədən verilmişdi. Bununla belə onun bu barədə icazəli danışması belə müsbət hadisə idi.
 
Bu dövrdə Heydər Əliyevin Demokrat Firqəsinin rəhbərləri ilə görüşləri oldu, milli məsələyə, dil mədələsinə toxunuldu. Amma demokrat partiyasının rəhbər heyətinə "tövsiyə" edildi ki, sizin başlıca işiniz Cənubi Azərbaycanda marksizm-leninizm ideologiyasını yaymaqdır. Yazıda belə bir fikir keçir ki, guya bu məsələlərə görə Heydər Heydər Əliyevin başı bir az "ağrıdı". Təlimat Moskvadan gəlmişdisə hansı "başağrısından" söhbət gedə bilərdi. Bu da mifologiyadır. 

Yazıda Elnarə xanım AMEA-nın müxbir üzvü, professor Musa Qasımlıya istinadən yazır ki, "Heydər Əliyevin bilavasitə qayğısı ilə 21 Azər Günü həmişə qeyd edilirdi. Cənubi Azərbaycandan olan siyasi mühacirlərə yaxşı şərait yaradılmışdı. 1981-ci ildə siyasi mühacirlər üçün 142.500 rubl daimi yardım ayrıldı".  

Azərbaycan Demokrat Firqəsi Sovet Azərbaycanına mühacirət etdikdən sonra bu partiyanı saxlamağa həmişə büdcədən, daha çox Qızıl Aypara Cəmiyəti xətti ilə yardımlar ayrılıb. Hamısının da hesabatları var. Bu tək Heydər Əliyevin "xidməti" deyildi. 

Mir Cəfər Bağırov vaxtında da, İmam Mustafayev və Vəli Axundov dövründə də bu belə olub və həmişə də ADF rəhbərliyi Azərbaycanın birinci şəxslərinə bu yardımlara görə təşəkkür məktubları göndəriblər. 1965-ci ildən başlayaraq hər il Novruz bayramını qeyd etmək üçün Demokrat Firqəsinə əlavə yardım göstərilirdi. 1970-ci ildə tək Novruzla bağlı yardımlar dayandırılmadı, ümumilikdə bu bayramın qeyd edilməsi də dayandırıldı.
 
Axı yolun düzü olduğu halda, əyrisi ilə getməyin nə mənası var?