Hikmət üçün elegiya: "Həqiqətin özü var, ancaq o həqiqətdə hikmət yoxdur"

Hikmət üçün elegiya:

17-12-2020 01:33 / Bu xəbər 1514 dəfə oxundu

Müəllif: Rasim Qaraca

(Hikmət üçün elegiya)

Hikmət yoxdur, inanılmazdır 
lakin inanmaq azdır, onun yoxluğunu qəbul etməliyik 
elmi dəlillər gətirib sübuta yetirməliyik.
"Acı reallıqla barışmalıyıq" - o özü belə deyərdi 
reallıqda bir hikmət olduğunu sübut edərdi. 
Lakin reallıqda heç zaman heç yerdə heç bir şəkildə hikmət olmayıb
bəlkə, yarım reallıqda, yuxu ilə aşkarlığın neytral ərazisində 
haqq-nahaq tərəzisində, tərəzinin oynayan milində 
yerüstü zamanda deyil, naməlum quş ilində bir məna, bir hikmət olub... 
Ancaq onun özü bütün bunlara təbəssümlə baxardı,
bir siqaret yandırardı öz tabutunun arxasınca 
"yob tvoyu mat, neujeli mən yoxam" deyərdi, 
heyrət dolu gözlərlə və əllərini yana açaraq, 
sonra təbəssüm qonardı üzünə, ağ saqqalına, bığaltı qımışardı, 
sanki həyatın, yaşamağın mənasını, hikmətini tapardı,
səssizcə barışardı öz yoxluğuyla. 
Lakin, indi bir həqiqət var: Hikmət yoxdur! 
Həqiqətin özü var, ancaq o həqiqətdə hikmət yoxdur 
məna yoxdur, dərinlik yoxdur belə canım sizə desin, 
qardaşlıq yoxdur, acıma yoxdur, anmaq yoxdur, 
duymaq, ürəkdən yanmaq yoxdur
kim, axı kim baxar indi sizin hikməti olmayan həqiqətinizə 
bir həqiqət ki hikməti olmaya apar onu tulla dənizə... 
Əzizim Hikmət, sən fikir vermə bunlara, 
indi sən bəxtiyarsan öz yoxluğunda aqillər səni göydə arar, 
amma sən yerdəsən göyün xəyalpərəstliyində deyil torpağın acı reallığındasan, 
çox dərinlərdəsən, yerin dərinliyində daha bərəkətlisən indi, 
minerallarla dolusan, ot olub torpaqda göyərəcəksən 
gediləsi bu uzun yolda hələ xalqa neçə il bələdçilik edəcəksən... 
səni soruşanlara deyəcəm, 
bir hikmət var idisə həyatda artıq o yoxdur, hikmətsizdir hər şey və hər kəs...

***

Hikmət Hacızadənin ölümündən 40 gün keçir. Ölümlərin çoxaldığı, çoxaldıqca adiləşdiyi indiki zamanda onu yada salıb tanıyanların qəlbində bir təəssüf hissi oyandırmaqla onsuz da gərilmiş olan həyat tarının sarı siminə toxunmaq istəmirəm. 

"Var idi, indisə yoxdur" adlı rasional gözlüyümüzü taxıb hadisəyə soyuq nəzərlərlə bir də baxaq - Hikmət özü də elə belə edərdi, buna əminəm. O özü belə istəyərdi, nə həyat nə son, nə göz yaşı, nə baş daşı, qəbirdə bir akoşka olsaydı, günümüzə baxıb gülərdi, "allah sizə rəhmət eləsin dirilər" deyərdi. O özü belə istərdi karnavalsız həyat və fathəsiz son. 
Hikmət Hacızadə

O özü belə istəmişdi - nə həyat, nə son, hər şey təkrar olur axın-axın, ard-arda, və biz xaş-xaş çəkib, ütülü cümlələr qondarırıq, ancaq onu ölülər adasına aparacaqlar, umurumuzda deyil, o özü belə istədi nə palçıq, nə söz, nə də Vətənin avara səfilləri, lakin ən əsası bu deyil, nə də qafiyəli ürəkbulanmalar. Onun arzuları... İndi nə mənası var bunların... 

Biz özümüz də sonda öz qumlu sahilimizi tərk edəndə dilimizə gələcək arzularımız, lakin məsələ burasındadır ki, biz əbədilik gedəcəyik, o isə keçən ilki qar kimi həm baharda yaşayıb, həm də payızda, çayda, gölməçədə, fırtınada və dənizdə və bir ufacıq səhər cırcıramasında yeni xəbərlərlə qayıdıb gələcək. O özü belə istəyirdi. Demək, o da yaşayır. Həyatın özü kimidir, qatma-qarışıqdır, tör-tökükdür. Demək, o, bir ibadət yeridir və həyatın zibilxanaları arasında ucalan bir məbəddir. Ölüm onun üçün nədir ki? Olsa-olsa yeni bir uçuşdur. 

İndi onun şən qəhqəhəsi və xırıltılı səsi kimə çatar? Onun kimiləri ölməyiblər, yox, çıxarkən sadəcə işığı söndürüblər, qaranlıqda isə boy ata bilməz sizin kimi yarasalar. Anlaşılmaz tale basıb əzəcək sizləri. Tərtəmiz, bəyaz və kor qalacaq Hikmət, öz vədəsinədək qapanıb susqunluğuna gözləyəcək. İndi onun üçün susqunluq nəyi ifadə edər, İndi nə məna daşıyır keçmiş sevgiləri və müqəddəslərin ölümsüzlüyü...