Elçibəyin andı
24-06-2023 11:04 / Bu xəbər 1565 dəfə oxundu
Azad Qaradərəli
(Hekayə)
Azərbaycan Milli Azadlıq hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəyin 85 illiyinə
***
Elçibəy haqqında on hekayə yazmışam. Və bir uzun hekayə həsr etmişəm xatirəsinə. Ustadı, hamımızın öndərimiz Rəsulzadəyə də bir uzun hekayə həsr etmişəm... Bunlar "Demokratiya ağıları” kitabımda çap olunub. Elə bilirdim ki, iş bitmişdir... Zira bu günlərdə başıma gələn bir olay məni sarsıtdı: Elçibəy hər an bizimlədir. Biz ondan heç qopmadıq. Yaxud biz ondan qopsaq da, o bizdən ayrılmadı... Niyə axı?
Bu hekayə o niyəyə cavabdır. On birinci, sonuncudurmu? Onu deyə bilmərəm. Onu biz bilmərik, bilsə, bilsə, o bilər – Elçibəy bilər...
(Müəllif)
Bir gün bir adam gördüm, ruhum ağrıdı...
***
Adam zibil qutularının yanında əyləşib əlində tutduğu yarıçürük almanın parasını dişsiz damaqları ilə gəvələyir, arada böyrünə qoyduğu su butulkasından qurtumlayır, sonra yenə almanın qalan hissəsini əli ilə əzmələyib ağzına aparırdı.
Mən zibil qutularının yanından keçməli olanda həmişə tez aralanmışam – uşaqlıqdan qıvşamış zir-zibil qoxusuna həssaslığım var. Bostanda xarab olub lırtlamış xiyar, yemiş görəndə qaçardım ordan. Bəd qoxudan ürəyim ağzıma gələrdi...
İndi bu adamda nə vardı ki, əlimdə gətirdiyim zibil torbasını tiyana atdıqdan sonra burada mıxlanıb qalmışdım? Əvvala, gərək adamı təsvir edim ki, necə birindən bəhs etdiyimi siz də biləsiniz.
Oturulu olsa da, uzun boyu, boyuna münasib metirlik qolları, düz çiyinləri, gen sinəsi və ağ-qara saqqalı onu kimsə oxşadırdı. Amma əti tökülmüş, yanaqlarında əlindəki çürük almanın yerləşə biləcəyi boyda çuxur yaranmış, alnındakı qırışlar, əlinin üstündəki gömgöy damarlar adamın keçmişi ilə indisi arasında böyük uçurum olduğundan xəbər verirdi. O uçurumda kimlər itmişdi, kimlər batmışdı, nələr qəhr olmuşdu, nələri yel almışdı... bunlardan heç allahın da xəbəri olmuş deyildi...
Hərdən o biri böyründəki butulkadan su töküb əlinin almalı şirəsini yuması, nimdaş qara pencəyinin döş cibindən çıxartdığı qəzet parçasıyla əlini qurulaması kişinin haçansa nəcabətli biri olduğundan xəbər verirdi... Hələ boynundakı rəngi getmiş qalstuku...
Bu zibilliyi iş yeri kimi qorqanan adamın da gözü məni almışdı, deyəsən və bərk narahatlıq keçirir, yanına düzdüyü ələ gələn daşları yoxlayıb, özünü qorumağa hazırlaşırdı elə bil. Ya mənim onun zibilliyinə şərik çıxacağımdan ehtiyatlanırdı, ya da niyəsə mən onun gözünə pis adam kimi görünmüşdüm...
- Nəədi, nə istiyirsən?! Niyə çıxıb getmirsən?!. Hıy?
Tiyandan çıxardıb qənşərinə düzdüyü, gündə qurutduğu siqaret kötüklərindən birini yandırıb ayağa qalxdı. Adam az qala iki dəfə məndən hündür idi!..
- Siz... Sizin... Nədənsə... Elə bil tanıyırmışam kimi gəldiniz mənə?..
Heyrətlə sağ əlini qaşının üstünə apardı, başdan ayağa məni süzdü, palıdrəngi, bahalı dəridən türk ayaqqabılarımın üstündə nəzərini bir az saxladı, sonra ütülü kostyumuma bir göz atdı, yaşlandığım üçün başımdan əskik olmayan dama-dama yaz-yay şapkamda baxışlarını dayandırıb kinayəylə güldü:
- He-he... İndi sən maa qohum-zad çıxmıyasan ki?!. Dost-doğma qohumlarım mənnən üz döndərib, sən allah buna bax... Bir azdan təzə partiya zibil gələsidi, vaxtı bilirəm... Çıx get, mamoğlu, əmioğlu, dayıoğlu... Necədi, bəyəndin qohumluq nişanələrimizi?!.
- Pensiyə almırsan? Mən sənə kömək edə bilərm... Təqaüd alarsan, gedib bir ucuzvari ev tutarsan, üst-başına... – dalısını gətirməyə utandım elə bil, ayrı söz dedim. – Bu zillətdən canın qurtarar...
- He-he... Sağ ol valla!.. Mənim əlli səkkiz yaşım var e, əlli səkkiz! Maa kim pensiyə verər, ə! Sizdə pensiyə yaşı neçədi?! Altmış beş! Bude ha, burdan özüm oxumuşam!.. – Yanındakı torbadan çirkli bir qəzet çıxardıb az qaldı gözümə soxa. Sonra nə fikirləşdisə, uzun qollarını taqətsiz halda yanına salıb, kədərə tab gətirməyən başını aşağı əydi, gəlib zibillə dolu tiyanın birinə dirsəkləndi, tribunadan danışırmış kimi danışdı, danışdı, danışdı...
- Bağışda eee... Bir az... Bilirsiniz... Mən oxumuş adamam... AZİ-də üç il oxumuşam... Özü də yaxşı oxuyan olmuşam... Orda bir elmi kommunizm müəllimi vardı, onunla problemim çıxdı... Uzun işdi... Mən gecələr işləyib, gündüzlər oxuyurdum... Yuxusuz olurdum... O imtahannan kəsdi məni. Sonra iş uzandı, bir il kursda qaldım... Sonra əsgər getdim... Əsgərlikdən sonra Tümendə qalıb iki il işlədim. Geri qayıdanda gördüm ki, institutdan xaric ediblər... Getdim rayona. Dedim, hazırlaşım, təzədən imtahan verim. Bu vaxt xalq hərəkatı başladı... Cəbhəyə qoşuldum... Siz axı kimsiniz? Mən bunları sizə niyə danışıram?! Bəlkə də, YAP-çısınız?! Hə?! Boynunuza alın...
Düzü, ömrü kimi əyin-başı tökülüb-itən, amma amiranə səsi hələ də qalan, qırımından ömründə heç kimin qarşısında əyilməyən bu adamdan qorxdum. Amma yadıma düşəndə ki, biz eyni taleni yaşamışıq, sadəcə, həyatın amansız zərbələri bunu daha bərk tutduğundan sınıb ovulmuş və bir daha özünə gələ bilməyən bu binava, doğrudan da, mənim qan qadaşımdır, qorxum yoxa çıxdı. Sanki hansısa iclasın həm aparıcısı, həm tribunadan çıxışçısı olan adamdan söz istəyirmiş kimi əlimi qaldırdım:
- Yoox, YAP-çı zad deyiləm... Mən də hərəkatda olmuşam... Hətta...
- Cəbhənin vaxtı vəzifən vardı? – qısnadı lap məni.
- Hə... Yox... Mən hərəkatdan əvvəl məktəb direktoru idim... Kolxoz sədri vəzifəsinə təklif etdilər, getmədim...
- Niyə?! Bəyənmədin bizim höküməti?
- Yox əşşşi, nə bəyənməsi?! – Lap hirsləndim. "Sən işə bax, gör kimə hesabat verirəm” düşüncəsi ilə acıqlı nəsə demək istəyirdim ki, qoymadı.
- Bildim də, bildim. Səni maarif müdiri qosaydılar, yəqin gedərdin, hə?!
"İşə düşmədik? Mənə deyən lazımdır...”
- Hə, ya yox?!
- Əslində, gedərdim. Amma maarif şöbəsinə cəbhəyə düşmən olan, mitinqlər zamanı təzə-təzə tanımağa başladığımız milli bayrağımızı əlimizdən alıb cıranlarla bir cərgədə dayanan bir adamı qoydular...
- Yaxşı də, ağ eləmə! – Üstümə həttəndi. –Olmuşdu buna bənzər şeylər, amma tay bu qədər də yox... Yox, e, yox! Sən nə danışırsan?! Bəs sizin icra başçısı kim idi heylə? – Gözünü qıyır, məni sınayırmış kimi maddım-maddım üzümə baxır.
Çıxıb getmək istəsəm də, gedə bilmirəm. Özümü əməlli-başlı ilişdirmişəm. Az qala otuz ilin söhbətini eləyirəm bu "bomj”la. Hardansa əsən sərin meh bu isti iyun havasına zibilliyin dəhşətli qoxusunu da qatır, az qalır ödüm ağzıma gəlsin. "Ən yaxşısı bu axmaq söhbəti elə burada kəsib, çıxıb getməkdir. Getmək. Getmək! Getmək!!!”
Amma dayanıb hüdü-hüdü hüdüləyirəm:
- Bizdə bir seyid vardı. Üçüncü sinfəcən oxumuşdu... O bizim rayonun cəbhəsini də, idarə işlərini də, İrana gedib-gəlməyi də təkbaşına həll edirdi. Deyilənə görə, əli Bəyin ətəyində idi... Guya hətta qohumu imiş... Əlbəttə, mən buna heç inanmadım... Sadəcə, bundan istifadə edirdi...
- Bura bax, bura bax! Kimə nə deyirsən de, amma Bəynən işin olmasın! O mübarək adamdı... O qohum-zad hərləyən deyildi... İndi nolsun ki... Allahın da səhvi olur... – Adam son sözləri söyləyəndə hökmü azaldı, dili gödəklər kimi dalıladı.
Mən də dalıladım. Yenə gözüm qorxdu. Bu iki dəfə məndən uzun adam əlini uzatsa, məni tutub bu tiyana basar, tərsinə çevirib üstündə oturar, Koroğlu aşpazı aş qazanına basdığı kimi...
- Pis mənada demədim ki... Yoox... Belə... Bir milis polkovniki vardı... Heydər Əliyevin divanəsiydi... Seyid gedib onu gətirdi, bir axşam rayonun icra başçısı kimi bizə təqdim elədi... Bunnan da pox qoyuldu bizim cəbhənin də, icra hakimiyyətinin də, elə hər şeyin də içinə... Adam barama kimi strateji məhsulu İrana satdı. Rayonun nə qədər traktoru, kombaynı, maşını, texnikası vardı, Arazdan keçirdib gecəynən İranda suyu qiymətinə satdılar... Əvəzində İrandan bizə saqqız idxal etdilər... O gün, bu gün poxdan qurtara bilmirik...
Yenə "tribunasına” dirsəkləndi. Qaş-qabağını sallayıb acıqlandı mənə:
- Niyə gedib Bəyə şikayət etmədiniz?!
- Etdik... Düz altı ay buna sərf etdik mübarizəmizi... Sonda bəy bizi qəbul etdi. Narazılığımızı bilən kimi çox əsəbləşdi... Başçını səhəri gün işdən çıxartdılar...
İkimiz də susduq. O harasa baxır, nə barədəsə düşünürdü. Mən çıxıb getməyi çox istəyirdim. Amma doğma qardaş kimi yaxın olduğum bu mamoğıumu, əmioğlumu, dayıoğlumu burda belə qoyub gedə də bilməzdim. Adamla söhbətləşə-söhbətləşə kimə oxşadğını da tapmışdım... İlahi, adam adama necə oxşayarmış?!. Məni burada saxlayan da elə onun bu hüsnü imiş...
- Sən... Siz heç fikirləşmisiniz Bəyin o qeyri-müəyyən gedişini? O niyə bizi əllərdə qoyub getdi? Heçmi bizə yazığı gəlmədi? Axı... Axı o and içmişdi... Yadınızdadı o and?! – Səsi titrədi. Gözləri doldu. İlahi, adam necə gözəl adam olmuşdu. Dünyanın ən gözəl insanına dönmüşdü... Uzun-uzun qollarıynan, hündürcə boyuynan, çuxura düşsə də, işığı sönməyən gözləriynən, həlim, canayatan səsiynən... Və bir nəcabətli insan vücuduynan deyirdi ki (baxmayaraq ki, zibil tiyanları onun bütün ləyaqətini zibilə döndərmişdi, amma adamın daxilindən bir nəcabətli insan boylanırdı və boylandıqca onun oxşadığı adam dirilir, ruhu özünə qayıdırdı), mən siz gördüyünüz deyiləm, mən başqa adamam, böyük, çox böyük insanam, elə insan ki, bu zibil tiyanlarının yanında yüz illərlə eşələnərəm, amma kimsəyə əl açmaram...
Mənim nitqim quruyurdu. Dəhnəsi bağlanan arx kimi quruyurdu nitqim. Elə bilirdim ki, bir daha danışa bilmərəm. Gözümün önündə birdən-birə necə bir müqəddəs adamın çirkab içərisində olduğunu görmək kimi bir bədbəxtlik də görmək varmış taleyimdə. Və indi adam sanki özü özündən gileylənir, özü özünü ittiham edir... Və qəfil dilimin açıldığını duydum. Bu adamın doğmalığındandır, yəqin.
- Onun getməyi təbii idi. Getməli idi. Yanındakılardan getmişdi, əslində... Sənnən, mənnən, bizdən... Getməzdən qabaq mitinq çağırdı axı... Əslində, o mitinqi çağırmaqla insanların, cəbhəçilərin ovqatını, müqavimətini yoxlayırdı. Heç umduğu adamların mində biri gəlmədi o mitinqə!.. Eşitdiyimə görə, getdiyi gün əli heç yerə çatmayıb. Hərə başını götürüb bir yerə qaçıbmış... Yığdıqlarını yerbəyer etmək üçün hay-həşirdəymişlər... Bunu mən demirəm ha, onun öz sözləridir:”Rus tankının qabağında dayanan oğullar, pulun qabağında dayana bilmədilər...” O da Onu gətirdi, dedi ki, bunların hamısının cəzası var, ver cəzalarını, amma ölkəni qurtar, müstəqilliyimizi xilas et... Baxmayaraq ki, sizi burda, zibil tiyanının yanında, məni də qaçqın-köçkün, yurd-yuvasız gündə qoyub getdi, amma düz elədi getdi...
- Müəllim, salam... Burda nə edirsiniz? Bu kimdi belə?
Yaxın qohumun oğludur. Mənim bu adamla ədəb-ərkanla söhbət eləməyimə məəttəl qalb. İndi gəl bunu başa sal...
Hələ evdəkilər də zəhləmi tökəcək. "Səni bomjla oturub söhbət edən görüblər, xeyir ola?!”
***
...Sağ çiynindən sol sinəsinin – ürəyinin üstünə çəpinə salınmış bayraq rəmzləri olan o şırma boy-buxunlu, qaraqabaq, amma həm də üzündə bir hüsn, bir nur gəzdirən Bəyi daha da nurlandırmışdı. Bütün salon sehrlənmişdi. 74 ilin həsrətinə son verilmiş, ölkəmiz yenidən müstəqil, xalqımız azad olmuşdu. Bütün ölkə və bəlkə də bütün dünya bu andiçmə mərasimini birbaşa transliyasiya edən televiziyanı izləməkdə idi...
"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini vicdanla həyata keçirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına dönmədən əməl edəcəyimə, Vətənimizin ərazi bütövlüyünü və suverenliyini göz bəbəyi kimi qoruyacağıma, Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının keşiyində vicdanla duracağıma, xalqın yüksək etimadını doğruldacağıma and içirəm!”
Bütün salon hıçqırır, əl çalır, şüar deyir, müstəqilliyin dadını çıxardırdı...
...Nə yazıq ki, bu sevinc uzun sürmədi...
Bəy o andiçmədən yalnız "...Vətənimizin ərazi bütövlüyünü və suverenliyini göz bəbəyi kimi qoruyacağıma... and içirəm” bəndinə əməl edə bildi...
Zira biz bununçün döyüşmədikmi o böyük imperiya ilə?! Bizə bu lazım idi... Qalan hər şey, canımız, malımız daxil, Vətənə fəda olsun...
İndi bunları öz evimdə, rahat iş otağımda oturub düşünürəm. O isə yəqin ki, hələ də orada, o tiyanların yanında əyləşib qarnını doyuzdurmaq üçün zibil yeşiklərindən fərli bir qırıntı axtarır...
***
...Üç gün sonra yenə yolumu oradan saldım.
Tiyanların dibində miskin görkəmdə bir kişi oturmuşdu. Üç gün əvvəlki adama oxşarı vardı, amma o deyildi. Bunun sir-sifətindən rəzillik yağırdı. Heç məni görmədi də.
Zibil torbasının üstündə qoyduğum təmiz ət parçasını və para çörəyi hara qoyacağımı fikirləşirdim ki, kişi üzümə baxmadan torbanı əlimdən qapdı və elə ilk gözü ət parçasın aldı...Əcaba, məni qaramı basmışdı?..
Bu "bomj” hara, o gün gördüyüm amiranə səslə danışan adam hara?!
Bir xeyli irəli getmişdim ki, Ramana yolundakı məktəbin qabağında iki adamın ucadan danışaraq söhbət etdiyini gördüm. Birinin səsi qulağıma o qədər xoş gəldi ki, ayıb olsa da, yaxınlaşıb dinləyəsi oldum:
- İndi məni bu yaşda sertifikasiya imtahanına çağırıblar?! Neynək. Olsun. Mən o imtahanı verərəm. Məsəl var, onsuz da sürü yaza çıxacaq, pislik qışa qalacaq... İndi bu kruklumdu, nədi onu bir az oxumam lazım, amma verəcəyəm... O ki qaldı ixtisasa, müəllim ixtisasını mükəmməl bilməlidir!..
Başında panama, əynində köhnə, amma təmiz qara kostyum, yaxasında birrəng qalstuk... həmin boy-buxun, həmin uzun qollar, həmin bığ-saqqal...
And olsun bizi yaradana ki, o idi! 31 il əvvəl prezident kimi and içən, üç gün əvvəl zibil tiyanının yanında oturan, indi isə sertifikasiya imtahanına hazırlaşan Bəy idi!..
Qayıtmışdı. Bizi yoxlamağa gəlmişdi. Yaşayışımızdan nigaran imiş...
...Ən son onu Akademiya bağında gördüm. Haqqında kitab yazıb özü də satan gəncin düz qənşərində dayanıb hara isə nigaran-nigaran baxırdı. Elə bildim özü haqqında yazılan kitaba baxır. Gördüm yox, Akademiyanın giriş qapısından çıxan qoca kişilərə, qoca qadınlara baxır. Çox nigaran, çox da umudsuz idi. Elə ki, bir gənc qız o qapıdan çıxdı, kişinin rəngi-rufu qayıtdı yerinə. Bağdakı kitab yarmarkasına toxudu özünü...
***
Həkimə getməliyəm.
Ruhum ağrımaqda davam edir...
20.06.2023.