AYB-dən istefa: "Anarın qəlyanından çıxan tüstü Azərbaycan ədəbiyyatının başından çıxır"

AYB-dən istefa:

27-10-2022 14:36 / Bu xəbər 1663 dəfə oxundu

Şair Elçin Aslangil Azərbaycan Yazıçılar Bilriyindən (AYB) istefa verib.

Bu barədə şair özü "Arqument.az"a məlumat verib.

"İllərdir ki, AYB-nin üzvü idim. Düşünürdüm ki, AYB Azərbaycanda hansı funksiyanı yerinə yetirmək üçün mövcuddur. Minlərlə üzvü olan bir "yerin" (Məhz yerin. Çünki AYB sadəcə mövcud olduğu binadan ibarətdir) nə ictimaiyyətdə, nə ədəbi mühitdə heç bir çəkisi yoxdur. AYB-nin çəkisi sadəcə mövcud olduğu binanın içindən ibarətdir. Bu iç məsələsinin də, içəridə olanların katibələrindən tutmuş, müəyyən şöbələrin rəhbərlərindən başqa kimsəyə faydası yoxdur", - deyə o bildirib.  

Elçin Aslangilin sözlərinə görə, AYB adına keçirilən tədbirlər, ədəbi mühittə canlanmaya yox, zaman-zaman çəkişmələrə səbəb olub: "AYB ən yaxşı halda "eşq macəraları ocağıdır". AYB ən pis halda istedadlı şəxsləri ədəbi intriqalara yox, şəxsi intriqalara sürükləyən alovu çoxdan sönmüş küllükxanadır. Ha Anar seçildi, ha bir başqası, dəyişən heç nə olmayacaq. Bir daha deyirəm, AYB adlı qurumun Azərbaycan ədəbiyyatına, Azərbaycanın ədəbi mühitinə dəxli yoxdur. AYB sadəcə dörd divarlardan ibarət, bəzilərinin öz adının üstündə vəzifə daşıdığı, müxtəlif yollarla nəsə çırpışdırdığı, şəxslərə görə mövcud olan bir məkandır". 

"AYB Azərbaycan ədəbi mühitində yeni çağla səsləşməyən, ədəbi mühittə alternativlikləri dəstəkləməyən, özgür iradəyə sahib olmayan, dərgiləri və digər vasitələrində azadruhlu yazıçılara, ümumən söz sahiblərinə yer tanımayan, azad sözdən qorxan, ədəbi tədbirlərində qalustuklarından asılan, köynək dəyişdirib, eynək yeniləyən, fəqət o yenilənmiş eynəyin camından dünyanı yox, dünya ədəbiyyatına inteqrasiyanı yox, "kreslonu" və nə qədər çırpışdıracağını görən, yeniliklərə göz yuman, köhnə hamam, köhnə tasdır", - şair qeyd edib. 

"Anarı təbrik edirəm, 30 ildən bir əsrə qədər. Və illah da demək istəyirəm ki, dəyişilməyən yerdə inkişaf olmur: "Anar olmasa AYB dağılar" (mış). Nəhayət, məmur Anarın qəlyanından çıxan tüstü, Azərbaycan ədəbiyyatının başından çıxır. Başımız sağ olsun, ədəbiyyatımızın üzü ağ olmasa da. Beləliklə, AYB üzvülüyündən imtina edirəm", - Aslangil belə deyib. 

Oktyabrın 26-da Akademik Millit Dram Teatrında AYB-nin XIII Qurultayı keçirilib. 

Qurultay qalmaqallarla yadda qalıb. Namizədlərdən Fuad Cəfərli və Emil Rasimoğluna söz verilməyib.

Jurnalistlərdən birinin AYB-nin qurultayına ayrılan 203 min manat vəsaitin xərclənməsi ilə bağlı sualına yazıçı, AYB sədrinin müavini Çingiz Abdullayev təhqirlə cavab verib.