Sorğudan əsl sorğuya

Sorğudan əsl sorğuya

20-03-2021 02:06 / Bu xəbər 2906 dəfə oxundu

Təhsili naziri Emin Əmrullayev "Feysbuk” şəbəkəsində təhsilin keyfiyyətinə təsir edən amillərlə bağlı sorğu keçirib.

10812 nəfərin qatıldığı sorğuda əsas amillər kimi bunlar önə çıxıb:

- müəllimlərin peşəkarlıq səviyyəsi – 33,3%

- məktəbin maddi-texniki təchizatı (bina, istilik, İKT ilə təminat və fənn laboratoriyaları) – 17,3%

- valideyn amili (ailə mühiti, dəstək, təhsilə münasibət, məsuliyyət) – 15,2%

- məktəb rəhbərlərinin fəaliyyəti – 10%

- məktəbdə psixoloji mühit – 8,2%.

Cavab variantları arasında dərsliklər, qiymətləndirmə (imtahanlar) amilləri də olub.

Novator.az-ın məlumatına görə, ekspert Rövşən Ağayev yazır ki, sorğunun nəticələrinin təhsil sahəsində durumu obyektiv və etibarlı xarakterizə etdiyini demək çətindir:
 
"Əvvəla, Azərbaycanda təhsilin problemlərini peşəkar və davamlı şəkildə müzakirə edən mühit yoxdur. Hətta sorğu obyektiv keçirilsə də, ictimai rəy təhsilin keyfiyyətinə təsir edən əsas və real amilləri göstərməyə bilər. Çünki cəmiyyət bu sahədə hərtərəfli və dərin analizləri eşitmək, oxumaq imkanından məhrumdur.

İkincisi, sorğudakı cavab variantları sırasına təhsilin idarəçiliyi (menecmenti) amili daxil edilməyib.

Hazır seçim variantlarının təklif edildiyi sorğular bir qayada olaraq yönəldicidir. Yəni respondent təklif olunmuş variantlar arasından seçim edir. Bu halda sorğu keçirən ya bütün mümkün variantların təklif edildiyinə əmin olmalıdır, ya da, məsələn, təhsilin keyfiyyətinə təsir edən amillərin müəyyən edilməsini sorğu iştirakçılarının öhdəsinə buraxmalıdır.

Uzun dövr ərzində təhsil sisteminin problemləri, eləcə də müxtəlif ölkələrin təcrübəsi ilə maraqlanan araşdırıcı olaraq iddia edərəm ki, Azərbaycanda təhsilin keyfiyyətinə təsir edən fundamental amil təhsil sisteminin menecmentinə bağlıdır.

Tutalım, müəllimlərin peşəkarlığı törəmə faktordur, əsas etibarilə nəticədir. Bu məsələdə fundamental amil müəllimlərin peşə hazırlığında, onların əməyinin stimullaşdırılmasında, sosial statusunda olan problemlərdir. Fundamental səbəblərin üzərindən sükutla keçən sorğu problemlərin kökünü də göstərə bilməz.

Yaxud məktəb rəhbərliyinin fəaliyyəti çox yayğın amildir. Əsas problem məktəblərin fəaliyyətində ictimai iştirakçılığa, onların hesabatlığına və şəffaf fəaliyyətinə zəmanət verən məktəb idarəetmə modelinin yoxluğudur.

Valideyn amilindən danışılır, məsuliyyətə vurğu edilir. Amma cəmiyyətdəki sosial qeyri-bərabərliyin və yoxsulluğun, zəngin və orta təbəqənin övladları üçün elitar məktəblərin yaratdığı qeyri-bərabərliyin, kənddəki sosial-iqtisadi mühitin şəhər və kənd məktəblərinin nəticələrində yaratdığı qeyri-bərabərliyin real təsirlərini bu sorğuda görmək olmur”.