Tramp İran liderlərini repressiyalardan çəkinməyə çağırıb

Tramp İran liderlərini repressiyalardan çəkinməyə çağırıb

13-01-2020 16:58 / Bu xəbər 1113 dəfə oxundu

ABŞ prezidenti Donald Tramp bazar günü Twitter səhifəsində dinc nümayişçilərin qətliamına imkan verilməməsi ilə bağlı İran hakimiyyətinə xəbərdarlıq edib. 

"İranın liderlərinə - Etirazçıları öldürməyin! Minlərlə insan artıq sizin tərəfinizdən öldürülüb, ya da həbs edilib. Dünya izləyir. Bundan daha mühümü, ABŞ izləyir. İnterneti qaytarın və müxbirlərin azad hərəkətinə imkan verin! Böyük İran xalqınızı öldürməyi dayandırın!” - deyə, ABŞ lideri yazıb.

AmerikanınSəsi xəbər verir ki, bundan öncə şənbə günü prezident Tramp ilk dəfə olaraq fars dilində ayrıca tvit yazaraq "cəsur nümayişçilərə” dəstəyini ifadə edib.

"Cəsarətli və əziyyət çəkən İran xalqına: Prezidentliyə başlayandan sizi dəstəkləmişəm və mənim hökumətim də sizinlə bir dayanmağa davam edəcək. Etirazlarınızı izləyirik. Cəsarətiniz ruhlandırıcıdır”, - yazıb.

İranın İnqilab Keşikçiləri Korpusunun Ukraynanın sərnişin təyyarəsinin səhvən vurulduğunu etiraf etməsindən sonra şənbə günü başlayan etirazlar bazar günü də davam edib. İran hakimiyyəti paytaxt Tehranın küçələrinə iğtişaş polisini cəlb edib.

Etirazlar ilk olaraq Tehranın Əmir Kəbir və Şərif Universitetlərində tələbələrin aksiyaları ilə başlasa da, axşam saatlarında İranın başqa şəhərlərinə də yayılıb.

New York Times qəzetində bazar günü dərc edilmiş məqalədə bildirilir ki, İran rəsmiləri Ukrayna təyyarəsinin qəzası haqda həqiqəti yalnız uçuşla bağlı məlum dəlillərin iranlıların yalan söyləməyə davam etməsinə imkan verməyəcəyi aydın olduqdan sonra deməyə məcbur olublar.

Təyyarə qəzası ilə bağlı təhtiqaqata rəhbərlik edən Ukrayna rəsmisi Oleksiy Danilov "New York Times" qəzetinə deyib ki, "Ukrayna təhqiqatçıları təyyarənin yuxarı kabinasının raket başlığının qəlpəsi ilə vurulan hissələrini tapdıqdan sonra” iranlılar artıq bundan sonra qəzanın səbəbləri haqda yalan danışmağa davam edə bilməzdilər.