Türk aktyorları Bakıda

Türk aktyorları Bakıda

24-01-2023 01:43 / Bu xəbər 1373 dəfə oxundu

"Park Cinema Flame Towers”da Türkiyə istehsalı olan "Sevda mecburi istikamet” filminin qala-gecəsi baş tutub.

Qala-gecədə filmin yaradıcı heyəti də iştirak edib. 

Baş rol ifaçısı, Selim xarakterini yaradan "Aşk-ı Memnu” serialının qəhrəmanı, tanınmış aktyor Selçuk Yöntem Azərbaycana gəldiyindən məmnun olduğunu bildirib: "Burada olduğumuz üçün, filmimizi sizinlə bölüşdüyümüz üçün çox xoşbəxtik. Filmdə insanları həm əyləndirəcək, həm də kədərləndirəcək məqamlar var. Ekran əsərinin izlədikdən sonra nədən bəhs etdiyimi daha yaxşı anlayacaqsınız”.

Filmdə Selimin gəncliyini oynayan aktyor Kubilay Aka isə Bakı ilə bağlı təəssüratlarını bölüşüb: "Bizi çox gözəl qarşıladınız. Bakıya ilk dəfədir gəlirəm və şəhərinizi, insanlarınızı çox sevdim. Həqiqətən də sanki, başqa ölkəyə yox, qonşu şəhərə gəlmişik”.

Selimin həyat yoldaşı Sevda obrazını yaradan aktrisa Selin Şekerçinin anası əslən azərbaycanlıdır. Bu səbəbdən də o, Bakıda özünü ev yiyəsi kimi hiss etdiyini bildirib: "Bizi yenə çox yaxşı qarşıladınız, bura hər gəldiyimdə özümü qonaq kimi deyil, sizdən biri kimi hiss edirəm. Buna görə hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, filmimizi də çox bəyənərsiniz”. 

"Sevda mecburi istikamet” filmi yarımçıq qalan hekayəsini tamamlamaq üçün qızı ilə səyahətə çıxan məşhur aktyorun həyatından bəhs edir. 

"Yeşilçam”ın uğurlu aktyorlarından olan Selim film çəkilişləri zamanı tanış olduğu Sevda ilə eşq yaşayır. 

Cütlüyün münasibəti tezliklə evliliyə çevrilir və onların Suna adlı bir qızları dünyaya gəlir. 

Həyatlarında hər şey yolunda getdiyi məqamda Sunaya autizm diaqnozu qoyulur. 

Bundan sonra onların həyatı tamam dəyişir…

Qala-gecə "Park Cinema” tərəfindən Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin dəstəyi ilə baş tutub.

Filmi izləmək istəyənlər biletləri "Park Cinema” kassalarından və ya parkcinema.az internet saytından əldə edə bilərlər.

Ülviyyə