Türkiyəli futbolçular Bakıda dava edib

Türkiyəli futbolçular Bakıda dava edib

21-06-2021 12:26 / Bu xəbər 11302 dəfə oxundu

AVRO-2020 ilə erkən vidalaşan Türkiyə yığmasının düşərgəsində İsveçrə ilə dünənki oyundan əvvəl gərginlik yaşanıb.

Bu barədə iyunun 21-də "Apasport.az" saytı məlumat yayıb. 

Bildirilir ki, "ay-ulduzlular”ın Bakıdakı son məşqi zamanı iki futbolçu arasında dava düşüb.

Ön xətt oyunçuları Halil Dərvişoğlu ilə Enes Ünal bir epizodun ardından əlbəyaxa olublar. Lakin digər futbolçular cəld müdaxilə edərək, onları ayırıb. 

Halil onu sakitləşdirməyə çalışan Cengiz Ündərlə də mübahisəyə girişib.

Buna qəzəblənən baş məşqçi Şenol Günəş həm Halili, həm də Enesi sərt şəkildə xəbərdarlıq edib. 

Hər iki futbolçu bu səbəbdən İsveçrə ilə qarşılaşmada meydana çıxmayıb.

A qrupunda İtaliya (0:3), Uels (0:2) və İsveçrəyə (1:3) məğlub olan Türkiyə millisi sonuncu yeri tutub.

UEFA Avro-2020 çərçivəsində Bakıda baş tutan qarşılaşmalardakı azarkeş sayı da açıqlanıb. 

Rəsmi göstəricilərə görə, İsveçrə-Uels oyununda 8762, Türkiyə-Uels oyununda 19.762, Türkiyə-İsveçrə oyununda isə 17.138 azarkeş iştirak edib. Yəni üç oyuna ümumilikdə 45.682 nəfər.

Bakı Olimpiya Stadionunun tutumu 69.870 nəfərdir.