Vəkil: "Rövşən Əkbərovun oğlu ölkəni tərk edib"

Vəkil:

03-09-2021 20:08 / Bu xəbər 1566 dəfə oxundu

Elçin Sadıqov deyir ki, ona hücum edən şəxsin dindirilməsi mümkün olmayıb

Vəkil Elçin Sadıqovun şikayətindən sonra həbsdə olan general, Milli Qəhrəman Rövşən Əkbərovun oğlu Telman Əkbərov ölkəni tərk edib. Bu barədə Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, Telman Əkbərovdan verdiyi şikayətlə bağlı araşdırmanın nəticəsi ilə maraqlanmaq üçün sentyabrın 3-də polis idarəsilə əlaqə saxlayıb. İdarədən ona bildirilib ki, 31 yaşlı Telman Əkbərov ölkəni tərk etdiyinə görə onun izahatını almaq mümkün olmayıb: "Telman Əkbərov sentyabrın 2-də ölkəni tərk edərək Türkiyəyə gedib. Bu səbəbdən onun dindirilməsi hələ mümkün olmayıb”.

Vəkil sentyabrın 1-də Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində, generalın işi üzrə məhkəmə iclasından sonra Telman Əkbərovun hücumuna məruz qaldığını deyir. General oğlunun ona xəsarət yetirməyə cəhd göstərdiyini deyən vəkil onun cəzalandırılması üçün Prezident İlham Əliyev, daxili işlər naziri Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyevə müraciət edib. Elçin Sadıqov ona qarşı hücum faktının xüsusi nəzarətə götürülməsini, Telman Əkbərovun cəzalandırılmasını xahiş edib: "Vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə-qorxu və zorakılıq halları artmaqdadır. Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücum edirlər”.

Elçin Sadıqov generalın 2001-ci ildə qətlə yetirməkdə ittiham olunduğu mərhum Elçin Əliyevin atası Fəday Əliyevin vəkilidir, məhkəmədə də onun hüquqi nümayəndəsi qismində iştirak edir.

Fəday Əliyev məhkəmədə təqsirləndirilən generala qarşı 1 milyon mənəvi, 200 min də maddi olmaqla, 1 milyon 220 min manatlıq mülki iddia qaldırıb.

2003-cü ildə Ukrayna prokurorluğu Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək, Elçin Əliyevin qətlində Rövşən Əkbərovun iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. Elçin Əliyevin valideynlərinin çoxsaylı şikayətlərinə baxmayaraq, Rövşən Əkbərov məsuliyyətə cəlb olunmamışdı.

2014-cü ildə Avropa İnsan Haqları Məhkəməsi mərhumun valideynlərinin şikayəti əsasında qərar çıxararaq, bu işdə Avropa Konvensiyasının 2-ci (yaşamaq hüququ) maddəsinin pozuntusunu tanıyıb. Qərarda göstərilib ki, bu cinayət işi üzrə effektiv araşdırmalar aparılmayıb.

56 yaşlı Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. 1995-ci ildə isə o, OMON-çulara qarşı əməliyyatı həyata keçirən əsas fiqurlardan olub.

 2001-ci ildə Ukraynada Elçin Əliyevin qətlindən sonra – 2002-ci ildə ona general-leytenant rütbəsi verilib. 2011-ci ildə isə korpus komandiri təyin edilib.

Rövşən Əkbərov özünü təqsirli bilmir. O, Elçin Əliyevi öldürməsi haqda ittihamda yazılanları "film ssenarisi” adlandırıb.///Meydan TV