Xəstəxananın şöbə müdiri bıçaqlanaraq öldürüldü
11-01-2023 01:36 / Bu xəbər 1109 dəfə oxundu
Həkimin həyatını xilas etmək mümkün olmayıb
Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun yanvarın 10-da axşam saatlarında bıçaqlandığı bildirilir.
TƏBİB-in yaydığı məlumata görə, hadisə ilə bağlı 21:45 radələrində təcili tibbi yardıma çağırış daxil olub və həkim briqadası əraziyə yollanıb.
Lakin Bəyaz Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilərkən həkimlərin səyinə baxmayaraq, həyatını itirib.
Məlumatda bildirilir ki, fakt üzrə aidiyyəti orqanlar tərəfindən araşdırma aparılır.
Həkimin hansı səbəbdən öldürüldüyü haqda hüquq-mühafizə orqanları hələ məlumat verməyib.
Bəyaz Cabbarov
65 yaşlı Bəyaz Cabbarov Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub.
1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb.
1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən Vərəm Əleyhinə Dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib.
2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.