Yaddaşıma ömürlük həkk olunan səs

Yaddaşıma ömürlük həkk olunan səs

02-08-2022 14:58 / Bu xəbər 1217 dəfə oxundu

Çingiz Sultansoy

Məhərrəm ayı...  Aşağı-yuxarı 65-66 ilin xatirəsi.  1956-57-ci illərin Bakısı, Stalin üç-dörd ildir ki, ölüb, amma "eNKaVeDe" terroru, repressiyaları, qorxusu hələ davam edir. 

Poluxin, indiki Murtiza Muxtarov küçəsi. 18 saylı, inqilabdan əvvəl tikilmiş ikimərtəbəli evin küçə balkonu. Yayın ortasıdır, dəhşətli istilər, Stalin, NKVD, elə həyatın özünün nə olduğunu hələ bilməyən  4-5 yaşlı oğlan uşağı atasıyla balkonda yerdə, kilimin üstündə salınmış yorğan-döşəkdə  yatır. O uşaq mənəm. Anam, nənəm və kiçik qardaşım otaqda yatırlar. 

Az sonra biz bu, atamın evlənməmişdən əvvəl aldığı  evi təhvil verib Azneft meydanına, funikulyorun yanındakı yeni tikilmiş, blokumuzun qapısı hələ olmayan, düzəldilməmiş "Bəhram-Gur" fəvvarəsinə baxan, şəhərin ən gözəl yeni binalarından olan, memarlığı məşhur Mikayıl Hüseynova məxsus "Дом красной профессуры", sonra "Alimlər Evi" adlanası binaya köçəcəyik. 

"Bəhram-Gur" heykəli və fəvvarəsi biz köçəndən sonra düzəldiləcək, balkondan quraşdırma işlərinə tamaşa edəcəyik.  

"Telefonçü qız" filminin bir epizodu 61-ci ildə bizim blokda çəkiləcək, çəkiliş qrupu evin qabağında işləyəcək, o da bir ayrı tamaşa. Amma köçməyimizə hələ bir ildən çox var, fəvvarənin tikilməsinə, filmin çəkilməsinə daha çox…
 
İndisə axşam yerimizə girəndə  aşağıda, küçədə addımlayan adamların ayaq səslərini, danışıqlarını, hərdən keçən köhnə "Moskviç" ya təptəzə "Pobeda"ların motorunun uğultusunu eşidirəm, sonra məni yuxu aparır. 

Səhərin alatoranında, hələ oyanmamış, adamsız-maşınsız bomboş küçənin səssizliyində məni bir səs  oyadır – başımı qaldırıb o qəribə səsin nə olduğunu, haradan gəldiyini anlamağa çalışıram. 

Atam da oyanıb mənə: "Yat, yat, hələ tezdir", - deyir. 
- O nədir, papa?  Niyə elə qışqırır?
- Qışqırmır, azan səsidir, çağırır. Yat. 
- Azan nədir?
- Sonra deyərəm. Yat!
İtaətlə başımı yastığa qoyuram və ordaca yuxu aparır. 

Bir də oyananda atam artıq yanımda yoxdur, işə gedib, hava isə qızıb, qarşıdakı günün istisindən xəbər verir,  anam mənə kömək edir geyinim, yeni günün marağı, oyun-oyuncaqları,  kəşfləri sualımı unutdurur. Mən azan haqda heç nə soruşmuram, atam da heç nə demir. 

XIX yüzilliyin sonlarında Naxçıvan şəhərinin qazısı olmuş Saleh ağa Sultanovun nəvəsi, özü yer şumlasa da, hər halda bəy Möhsün Sultanovun oğlu, sovet hökuməti üçün şübhəli keçmişi, əksinqilabi olmasa da "düşmən ünsür"  sayılan, 1920-ci illərdə hələ yeniyetmə vaxtı ÇK-ya aparılan, "допрос" edilən, sovetin pis baxdığı keçmişini gizlətmək üçün 1930-cu illərdə ali təhsilini Bakıya yox, Moskvaya gedərək orda alan atam mənə azanın nə olduğunu anladacaqdı? 

Yox, əlbəttə, atam Sovetdən əvvəlki keçmişiylə bağlı bütün əlavə təhlükə doğura biləcək məqamları danışmazdı. Yalnız on-on iki il sonra, "Xruşşov istilənməsi" dövründə uşaqlığının bir-iki epizodunu, səkkiz yaşı olanda Andranikin Naxçıvana hücum etməsini, başqa bəy-xan və varlıların oğlan uşaqlarıyla birlikdə hansısa evin zirzəmisində gizlədildiyini, Osmanlı ordu hissəsinin Naxçıvana köməyə gəldiyini və başqa belə olayları mənə nəql edəcəkdi. O gecədən 10-12 il sonra. Məsələn, bunu: 

- Mənim atam, sənin baban Möhsün Sultanov ona görə güllələnmədi, sürgün edilmədi, sağ qaldı ki, əlləri qabarlı idi. Torpaqlarını özü də şumlayırdı, xoşu gəlirdi işdən. Əlbəttə, daimi nökərləri də vardı, çox deyildilər, ona görə əlavə muzdur da tuturdu əkin-biçin vaxtı. Amma onu aparmağa gələnlər qoluna qandal vuranda əllərini gördülər, kimsə qahmar çıxdı, ağız açdı, qabarına görə aparmadılar. 

Nənəmin göz yaşlarına, fəryadına baxan kim idi, o qədər ailələri belə gözüyaşlı qoymuşdular ki. Amma bu dəfə babamın başının üstünü almış Əzrayıl yan keçdi...

Fikir verin, "torpaqlarımızı" yox, "torpaqlarını" sanki 1920-yə, on yaşına qədər atası Möhsün ağanın o torpaqları oğlunun, atamın da deyildi; "güllələnmədi", "aparmağa gələndə" - kim gələndə? Kimlər tərəfindən güllələnmədi? Sanki bilmirdi, bilinmirdi kimlər. ÇK, NKVD, KQB, stalinizm dövrünü yaşamış adamın leksikonu, ehtiyatlı danışığı...

Məhz ailəsini qorumaq, uşaqlarına tam təbii nifrət aşılamamaq üçün atam da, keçmiş Tiflis tacirinin qızı anam da öz keçmişlərini, ata-analarının həyatını, işini-gücünü oğlanlarına danışmırdılar. 

Səhər alatoranında ucadan  səslənən, yaxındakı "Təzə Pir" məscidindən gələn o azan səsi yaddaşıma həkk olunub ömrümün sonunacan qalacaq, hərdən xatırlanacaq, özüm də bilmədən məni İslama çəkəcək, yarıməsrdən də çox sonra o gecə, o səhər gözlərim önündə canlanacaq, qulaqlarımda səslənəcək və mən insanları namaza, təmizliyə, saflaşmağa, Allahın hüzuruna çağıran o səsin qəribə ovsunlu gözəlliyini, sehrini sizə çatdırmağa, anlatmağa çalışacağam…

1950-ci illərin şəkli. Poluxin küçəsi deyil, Sovetskidir.