Yadigar Sadıqlı: "Mən sizə yenidən güclü Müsavat vəd edirəm"

Yadigar Sadıqlı:

08-10-2019 14:07 / Bu xəbər 6238 dəfə oxundu

Müsavat Partiyasının başqanlığına namizəd Yadigar Sadıqlı sosial şəbəkələrdə seçki platformasını yayıb.

Arqument.Az həmin sənədi təqdim edir: 

Hədəfimiz: YENİDƏN güclü Müsavat!
Devizimiz: Uğur, uğur gətirəcək!

Dəyərli müsavatçılar və Müsavat sevərlər!
• Mənim əsas hədəfim "Əliyevlər avtoritarizminə necə qalib gəlməli?" sualını cavablandırmaqdır. Bunun üçün biz Müsavat Partiyasının yeni siyasi strategiyasını hazırlamalıyıq.
Son 26 illik mübarizə göstərdi ki, mövcud strategiya əliyevlərin ailə avtoritarizminə müəyyən çətinlikər yarada bilsə də, nə onun dəyişdirilməsinə nail ola bilir, nə də əsaslı islahatlara vadar edir. Yaxın qonşularımz Gürcüstan və Ermənistanda siyasi dəyişiklərə nail ola biliblər və demokratikləşmə istiqamətində irəliləyirlər. Azərbaycan isə hələ də Cənubi Qafqazın anklav avtoritarizmi olaraq qalmağa davam edir. Düşünürəm ki, ölkəmizdə avtoritarizmin hələ də davam etməsinin əsas səbəblərindən biri də Müsavat Partiyasının siyasi proseslərə təsir imkanlarının azalmasıdır.
Əziz müsavatçı silahdaşlarım, hakim rejim sovet bolşevizminin qalığıdır və əmin olun ki, onun qənimi yalnız və yalnız müsavatçılıq ideologiyasıdır. Azərbaycanın dövlətçilik tarixi adına bütün uğurları Müsavat Partiyasının fəaliyyət tarixindən ibarətdir. Ölkəmizin Rusiya imperiyasından müstəqillik əldə etməsi, hüquqi-dünyəvi, demokratik cümhuriyyət şəklində fəaliyyət göstərməsi, bolşevik işğalından sonrakı 70 il ərzində mühacirətdə aparılan Azərbaycan mücadiləsi və 1980-ci illərin sonunda başlayan azadlıq hərəkatının dövlət müstəqilliyinin bərpası ilə başa çatması - bütün bunlar fədakar müsavatçıların yorulmaz mübarizəsi və müsavatçılıq ideologiyasının Azərbaycan xalqı tərəfindən qəbul edilməsi sayəsində mümkün olub. Son 26 ildə əliyevlər rejiminə qarşı aparılan demokratiya mücadiləsinin ən aktiv dövrünün də məhz Müsavat Partiyasının nüfuzlu və güclü olduğu dövrdə olması heç də təsadüf sayılmamalıdır. Əliyevlər avtoritarizminin möhkəmlənməsi də nə yazıq ki, Müsavat Partiyasının zəifləməsi fonunda baş verib.
Mən əminəm ki, əliyevlər rejiminə qarşı daha effektiv mübarizə aparmaq və demokratik dəyişiklərə nail olmağın həlledici yolu Müsavat Partiyasının YENİDƏN güclənməsindən, özünün tarixi nüfuzunu, müsbət imicini bərpa etməsindən keçir. Təəssüflər olsun ki, partiyamızın mövcud başqanının ictimai nüfuzu bu müqəddəs işimizi gerçəkləşdirməyə fürsət tanımır. Mənim başqanlıq iddiam da yalnız və yalnız Müsavat Partiyasının nüfuzunun gücləndirilməsinə xidmət məqsədi daşıyır.

• Mənim hədəfim müsavatçılıq prinsiplərini tam şəkildə tətbiq etməkdir.
Bunun üçün:
- Müsavat Partiyasının proqramında göstərilən müddəalara və prinsiplərə tam əməl olunmasını təmin edəcəyik.
- Hakimiyyətə təkcə siyasi düşərgə baxımından deyil, dəyərlər və bu dəyərlərə sadiqlik baxımından alternativ olduğumuzu hər zaman nümayiş etdirəcəyik. "Müsavat yalansız və zorakılıqsız yaşayanların partiyasıdır" şüarını əməldə tətbiq edəcəyik.
- Hakimiyyətdə tənqid etdiyimiz hallara özümüz yol verməyəcəyik: tənqidə qarşı dözümlü olacağıq, şəffaf fəaliyyət göstərəcəyik, hesabatlılığı təmin edəcəyik, partiya daxilindəki müxalifləri cəzalandırmayacağıq.
- Partiyadaşlarıma, digər siyasi partiyalara, hər bir vətəndaşa münasibətdə müsavatçılığın təməl prinsiplərindən biri olan ləyaqətçiliyə dönmədən əməl olunacaq.
- Müsavat Partiyasının hər bir üzvündən milli təsanüd (birlik) ideyasına sadiq olaraq vətəndaşlarımızın etnik, dini, cinsi və digər mənsubiyyət və baxışlarına görə ayrı-seçkilik hallarına yol verməmək tələb olunacaq.
- Ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmaqla bərabər, soydaşlarımızın kompakt yaşadıqları ölkələrdə onların problemlərini diqqətdə saxlayacağıq.

• Mənim hədəfim Azad Azərbaycan naminə YENİDƏN güclü Müsavatdır!
Bunun üçün:
- Yeni, xüsusən gənc üzvlərin partiya sıralarına cəlb olunması üçün layihələr hazırlanacaq. Bu istiqamətdə həm siyasi, həm də elmi və əyləncəli tədbirlər həyata keçiriləcək.
- Partiyanın yerli strukturklarının dirçəldilməsi, gəncləşdirilməsi yollarını hərtərəfli araşdıracağıq.
- Müsavat Partiyasının resurslarını artıracaq və gücləndirəcəyik. Partiyanın işlək saytını, internet telekanalını yaradacaq, sosial şəbəkələrdə daha intensiv və planlı fəaliyyət göstərəcəyik. Müsavatçılıq ideyalarının təbliğinə xüsusi önəm verəcəyik, dünya tarixinin demokratiya və azadlıqlar uğrunda əhəmiyyətli hadisələrindən bəhs edən maarifçilik tədbirləri keçirəcəyik.
- Ölkədə baş verən proseslərə çevik və adekvat reaksiya göstərəcək, prinsipial mövqe sərgiləyəcəyik.
- Müsavat Partiyasının Qarabağ, iqtisadiyyat, təhsil, səhiyyə, milli münasibətlər və digər sahələr üzrə proqramlarını yenidən işləyərək cəmiyyətin müzakirəsinə təqdim edəcəyik.
- Azərbaycan siyasi mühacirətinin və diasporasının tamamilə yeni keyfiyyətdə təşkilinə nail olacağıq. Onları məskunlaşdıqları ölkələrin hökumətləri, siyasi partiyaları, insan hüquqları müdafiə təşkilatları ilə əlaqələr qurmağa sövq edəcəyik və bu əlaqələrdən Azərbaycandakı insan haqları problemlərinin həlli, eyni zamanda, Müsavat Partiyasının beynəlxalq imicinin gücləndirilməsi üçün yararlanacağıq.

• Mənim hədəfim Müsavatın seçkili demokratiya mədəniyyətini inkişaf etdirmək və bütün demokratik qüvvələrə yayaraq, nəhayət, onu Azərbaycanın hakim siyasi mədəniyyətinə çevirməkdir.
Bunun üçün YENİDƏN Müsavatın güclənməsini təmin edəcəyik.

Azərbaycanın demokratikləşməsi demokratiya uğrunda mübarizə aparan həqiqi siyasi qüvvələrin konsolidasiyasından keçir. Mənim əsas missiyalarımdan biri də real siyasi qüvvələr arasında kommunikasiyanın qurulması və bu qüvvələrin konsolidasiyasına nail olmaqdır. Bu əməkdaşlıqda bərabərhüquqlu tərəf olmaq üçün ilk növbədə Müsavatın güclənməsini təmin etməliyik. Güclü Müsavatın birinci şərti isə onun başqanının güclü ictimai nüfuza sahib olmasıdır. Məhz bu məqsədə nail olmaq üçün biz başqanımızı yeniləməliyik! Əminəm ki, mən başqan seçilərəmsə, bizim məqsədlərimizin həyata keçirilməsi üçün ilkin şərtini, müsbət imicə malik Müsavat başqanını birlikdə qazanmış olacağıq.

Əziz müsavatçılar,
Mən sizə YENİDƏN güclü Müsavat vəd edirəm.
Yeni başqan bizim ilk uğurumuz olsun.
Uğur uğur gətirəcək!"