Zikr
11-11-2022 15:16 / Bu xəbər 842 dəfə oxundu
Ənnağı Hacıbəyli
Arada zikr eəməyi xoşlayıram. Öz ağlım bir şey kəsmədiyindən bu zaman Füzulini, Nəsimini, Seyid Əzimi, Sabiri köməyə çağırıram.
Mirzə Cəlillə söhbətlərim bir ayrı aləmdi. Nəzm ya nəsr zikri isə asılıdı əhvalımın pərişan olub-olmamağından...
Hərdən də əhvalım lap təlx olur, bu zaman açıram telefonu və başlayıram millət vəkillərimizin dərin-dərin kəlamlarını zikr eləməyə. Ortaya əndrəbadi mətləblər çıxır.
Bu gün Mirzə ilə söhbətə məşğul idik ki, qəfil telefon zəng çaldı. Bir dostum bir millət vəkilinin, axırıncı olmasın, axırıncı moizəsini mənə göndərib şiddətlə məsləhət görürdü ki, bunu oxu. Onu sizə də oxuyacam, amma gəlin əvvəlcə Mirzədən nə oxuduğumu deyim.
O cəfakeş kişinin "Cümə günləri” adlı felyetonunu zikr eləyirdim.
Mirzə yazır ki, biz müsəlman tayfası bir sözü danışanda heç o sözün dalını-qabağını fikirləşmirik. Elə, məsələn, indi mən özüm də bu sözləri yaza-yaza nə dalını fikirləşirəm, nə qabağını, elə ha zora salıb yazıram və heç fikir eləmirəm ki, görək axır bu sözləri yazmaqdan nə fayda, görək bu sözləri kim oxuyacaq və kimə lazımdır və nəyə lazımdır ki, oxusunlar?
İrəvanda da deyirlər vitse-konsulun köməkçisi biletin birinə İran rəiyyətindən düşəndə on manat alır, elə gün olur, saat xoş olur, on beş alır və s. və s.
Hə, qayıdaq milli vəkillərimizə.
Bilirəm nəyi gözləyirsiniz. Elman Nəsirovdan sitat gətirməyəcəm. Üz vurmayın. Səbəbini izah eləmək üçün gərək qayıdım kəndimə.
Kəndimizdə Elman müəllimin bir neçə qohumu yaşayır. Hardansa bir dənə də Şirməmməd gəlib çıxmışdı kəndə. "Şımı" deyirdilər adına. Bilmirəm onu nə məqsədlə və hansı xidmətinə görə bizə transfer eləmişdilər, bir şey aydın idi ki, bu köçün ağılla nəsə bir əlaqəsi vardı.
Kəndin ən dərin dərrakəli adamlarının uçotunu aparan Həsənağa kişidən soruşurlar ki, kitabında Şımı da varmı, kitabçı cavab verir ki, yox, onu kitab götürmür.
Elman müəllimin də adı o kitabda yoxdur. Elman müəllim millət vəkili təyin olunanda artıq Həsənağa kişi o müqəddəs kitabını da götürüb bu nahaq dünyadan biryolluq getmişdi. Bəlkə də seçkilərin nəticələrini qabaqcadan hiss eləmişdi, ya nə olmuşdusa, kişi kitabını heç olmasa gələcək günahlardan qoruya bildi.
Sizə kimdən deyim, kimdən danışım, Arzu Nağıyevdən. Bu adamın hikmətli kəlamları çoxdur, ancaq ən hikmətlisi uşaq pulu ilə bağlıdır. Bildir bu ümummilli məsələnin parlament müzakirəsi vaqe olanda adam ərz eləyib ki, uşaqpulu verilsə, doğhadoğ başlayacaq.
Uşaq düzəltməyin pulla birbaşa əlaqəsi varmı-yoxmu, bilmirəm. Onu bilirəm ki, Arzu müəllim yarananda hökumətimiz uşaq pulu verirdi. Bax, bu fakt dartışmasız sübut edir ki, uşaqpulu verilməsi həmişə arzu olunan nəticələr doğurmur.
Gərək insaflı olaq, sözü millət vəkili desə də, orada nəsə bir məntiqli fikir olması tam istisna olunmur. Mən Arzu müəllimin o sözləri barədə sosial şəbəkələrdə yazılan hətərən-pətərənə o qədər də yaxşı baxmıram, biləsiniz. Ünsürlər barədə bir qədər sonra.
Amma uşaqpulunun təyinatı barədə də Arzu müəllimin təsəvvürləri, Mirzə demişkən, bir balaca dal-qabaqdı. Uşaqpulu uşaq doğmaq üçün deyil, uşaqları saxlamaq, yedirib-içirmək, oxutmaq üçün verilir. Təbii, hökumət uşaqların acından ölməməsində və oxuyub adam olmasında maraqlıdırsa. Ölkəmiz varlıdırsa o puldan cuppululara da bir cıqqan pay düşməlidi, ya yox, ay Arzu müəllim?
Mirzə demişkən, buradan istəyirəm bir haşiyə çıxım. Bizim Cahangir müəllim də o vitse-konsul kimi biletin birini istəyir beş yüzə satır, istəyir min beş yüzə. Kimsənin də ona "zameçaniye” eləmək, yəni mız qoymaq haqqı yoxdur. Ay adam, onunla şərik samolyot almısan? Bəlkə, ölkədə ayrı quş uçurdan şirkət var? "Samolyot" onun, aerodrom onun, pilotlar onun, istəyər lap iki min beş yüzə satar.
Maraqlıdı, bu kişiyə mız qoyanların çoxu da guya Ukraynanı dəstəkləyənlərdi. Anlamırlar, Coni də Ukrayna xalqının haqlı mübarizəsinə dəstək vermək üçün rusları Moskvadan ora-bura daşıyır ki, onlar həm müharibəyə gedib qırılmasınlar, həm də Ukrayna xalqı torpaqlarını qoruya bilsin. Bu kişi humanizm mücəssəməsidi, siz isə qəpik-quruş sayırsınız. Ayıb deyilmi?
Qaldı bu bilet məsələsi, onun da büdcəmizi doldurmaq kimi bir müqəddəs istəkdən irəli gəldiyinə şübhə edənləri ancaq mürtəd, xain, dövlətimizə və dövlətçiliyimizə xəyanət yolu tutmuş ünsürlər adlandırmaq olar.
Ünsür bilirsiniz də nədir və kimlərə deyirlər?