Zülmətxana mehmanları

Zülmətxana mehmanları

27-08-2017 10:52 / Bu xəbər 1745 dəfə oxundu

Vahid Qazi

Koreya yarımadasının gecə vaxtı kosmosdan çəkilən məşhur bir şəkli var. Yarımadanın cənub hissəsi çıraqbandı, şimalısa zülmət qaranlıq. Şimali Koreyada sözün iynə gözü boyda azadlığı yoxdur – elə qaranlığın tək səbəbi də budur!

Azad sözü boğmaqla biz də özümüzü, ətrafımızı qaranlıq zülmətə qərq edirik. Abşeronun hər neft quyusunu məşələ çevirsək belə, işıqlatmayacaq bir qaranlığı.
korea
"Əlcəzirə” kanalı iyirmi neçəsə ərəb ölkəsində mövcud olan minlərlə TV, radio, qəzet, agentliyin cəmindən daha böyük informasiya mənbəyidi. Bütün dünya ərəbi "Əlcəzirə”də eşidir. Niyə? Sözü azad deyir, ona görə!

Dünyada səsinin eşidilməsini istəyirsənsə, söz və ifadə azadlığına meydan verəcəksən. Çünki dünyada yalnız sərbəst ifadə olunan sözə inanır, dəyər verir, eşidirlər.

Anar Məmmədxanlının "day.az” saytı ümumrus media arealında boy verməyə başlamışdı. "Zerkalo” bütün Qafqazda ən iri rusdilli qəzet idi. "Turan” informasiya agentliyi dünyanın aparıcı mətbuatının, analitik araşdırma mərkəzlərinin istinad mənbəyi idi. Onlar buna öz səhifələrində sözün cilovunu azad buraxmaqla nail olmuşdular.

"Dünya ictimaiyyəti bu ədalətsizliyə  hələ də susur”, - deyə car çəkirik. Hansı haqla dünyadan ədalət istəyirik? "Dünya ictimaiyyəti”nin ədalətli sözün yanında durduğunu bilə-bilə.

"Azərbaycan həqiqətləri”ni beynəlxalq aləmə nəylə çatdırırıq? Səsi mikrorayona yetməyən "Səs” qəzeti iləmi?

"Turan” azad mətbuatımızın  qaranquşlarındandır. İndi ocağın son şöləsi kimidir. Azad mətbuat ocağımızı Zərdabi üfürə-üfürə közərdib, Mirzə Cəlil alovlandırıbsa, Mehman Əliyev də bu anadək qoruyub.

Bu gün Mehman Əliyevi həbs edib, "Turan”ı qapadırıq. Həm dövlət, həm də xalq olaraq.

Əslindəsə özümüzü zülmətxanaya salırıq. Elə zülmət dünyasına ki, oradan heç bir mehmanın xilasına təminat yoxdur.

Qapadanların belə…