"Boş bir təşəbbüsdür, dəb xətrinə edilir" - Erkin Qədirli

16-07-2017 16:01 / Bu xəbər 744 dəfə oxundu

Erkin Qədirli
REAL Hərəkatının İdarə Heyətinin üzvü

"Azərbaycanda Multikulturalizm" adlı dərsliyin çap olunduğu xəbər verilir. Dillər Universitetində təqdimatı olub. Akademik baxımdan, tələbələrin bütün ideayalardan xəbərdar olması gərəkdir. Buna qarşı deyiləm. Məni narazı və narahat edən başqa şeydir.

İdeyalar düzgün təqdim (tədris) olunmalıdır. Avropada mədəni solun ortaya atdığı və siyasi solun tətbiq etməyə çalışdığı, sonradan iflasa uğratdığı içiboş bir ideyanın ölkəmizdə yaşayan çeşidli xalqların və onların mədəniyyətlərin arasında barış ortamıyla heç bir əlaqəsi yoxdur.

Multikulturalizm - Avropada miqrasiya (böyük köçün) nəticəsində yaranmış dərin problemlərin həll olunmadığı bir ortamda, bir-birinə qovuşmayın (yad) mədəniyyətlərin barış içində yaşamasını təmin etmək iddiasıdır. Yuxarıda yazdığım kimi, bu iddia gerçəkləşə bilmədi. Bunun Azərbaycanla nə əlaqəsi var? Ölkəmizə böyük köç var? Min ildən daha artıq zaman bundan öncə nə olubsa, bitib və oturuşub. Ölkəmizdə hansı xalqların mədəniyyəti bir-birinə yaddır? Bizdə qovuşmamış, bir-birinə təsir (nüfuz) etməyən mədəniyyətlər varmı?

Bizdə hamı və çoxdan, heç bir hökumətin yaratmadığı, toplumun öz içindən gəlmiş bir barış ortamında yaşayır. Bunun adı multikulturalizm deyil. Bizim cəmiyyət homogendir. Mədəniyyət pluralizmi başqa (o bizdə var), multikulturalizm - başqa (onu bizə sırımaq istəyirlər). Kökündən yanlış yanaşmadır. Özəl təşəbbüslər hesabına bunu kimsə desə, yazsaydı, bununla işim olmazdı. Amma ölkəmizdə multikulturalizmi dövlət səviyyəsində və dövlət hesabına tətbiq etməyə çalışırlar. Mən buna qarşıyam! İzahını burada və daha öncə paylaşdığım yazılarda vermişəm.

Dəfələrlə dediyim kimi, kontekst tekstdən önəmli və üstündür. Teksti (multikulturalizmi) kontekstdən (Avropada miqrasiya böhranıdan) ayırıb ölkəmizdə tətbiq etmək, sadəcə, akademik yanlışlıq deyil. Bunun ağır siyasi nəticələri ola bilər.

Bir ölkədə mədəni stereotiplərin üzərində qurulmuş bir neçə siyasət mümkün ola bilir. Gəlin, onları sizə qısa yazım:

1. Traybalizm.
Bu, tayfa kimliyi üzərində qurulmuş siyasətdir. Afrika ölkələrinin əksəriyyətində var. Bizdə traybalizmə yer yoxdur, çünki toplum tayfalardan ibarət deyil.

2. Rasizm.
Bundan bizdə heç zaman olmayıb. İndi də yoxdur (hamımız eyni irqə aidik).

3. Regionalizm.
Bundan bizdə var (qismən). Naxçıvan, "Ermənistan (Qərbi Azərbaycan)" və Qarabağ bölgələrindən olanların arasında regionalizmə daha çox rast gəlmək olur. Bunun aydın izahı var. Bu bölgələrin insanları Ermənilərlə yan-yana, iç-içə yaşayıblar, Ermənilərin onları dışlamağa çalışdığını, onları "türk" adlandırdığını çox görüblər. Buna görə də onlarda bölgə kimliyi güclü inkişaf edib (özünümüdafiə mexanizmi olaraq). Təəccüblü deyil ki, "türkçülük" ovqatı ən çox bu bölgələrin insanlarında var. Regionalizm bizdə, çoxlarının göstərməyə çalışdığı kimi, dərin problem deyil. İki şeydən asılıdır: 
1) Ermənistanın bizə qarşı düşmənçiliyi və yuxarıda adı çəkilən bölgələrin Ermənistan'ın təcavüzünə məruz qalması; 
2) demokratik seçkilərin olmaması. Bu problemlər həll olunandan (özəlliklə demokratik seçkilər sistem halına düşəndən) sonra regionalizmin siyasi təsirləri xeyli azalacaq.

4. Eksepsionalizm.
Başqa sözlə desək, müstəsnalıq. Bundan bizdə ancaq bir yerdə olub, indi də bir az var, amma getdikcə azalır. Söhbət "bakılılıqdan" gedir. Bizdə "bakılı - kəndli" qarşıdurması əvvəllər daha aydın görünürdü. Özəlliklə rusdilli Bakılılarda "есть такая нация - бакинцы" yanaşması vardı. Bakılı olmayan "çuşka" sayılırdı. Xalis eksepsionalizm. Amma dediyim kimi, bu yanaşma tədricən, təbii yolla, aradan qalxır (yox kimidir).

5. Şovinizm.
Bu, etnik kimliyin üzərində üstünlük yaratmaq iddiasıdır. Bizdə bunun sistematik təcrübəsi heç zaman olmayıb. Ayrı-ayrı şəxslərin şovinistik düşüncələri olur (var), amma bunun üzərində Azərbaycanda siyasət yapmaq mümkün olmayacaq. Toplumun quruluşu buna imkan verməyəcək.

6. Supremasizm.
Bu, etnik, dini, ya da irqi deyil, sosial ayrı-seçkilik üzərində qurulan siyasətdir. Sovet dönəmində bundan bizdə olub. Kommunist ideologiyası supremasistdir. Proletar sinfi ən mütərəqqi sinif, tarixin lokomotivi elan olunur, burjualardan və kəndlilərdən üstün tutulurdu və s. Özəl mülkiyyəti ləğv etdilər, elitanı qırdılar (bizdə elitizmin yarana biləməsinin əsas səbəbi budur), kəndliləri zorla kolxozlara yığdılar və s. Hər şey proletar sinfin "mütərəqqi tarix duyumu"na tabe olunurdu. Bu yanaşma, bizim özümüzdən gəlmədiyinə görə, SSRİ'nin çökməsilə yox oldu. Bugün ölkəmizdə supremasist siyasət yürütmək istəyi və bacarığı olan heç bir sosial qrup yoxdur.

İndi, özünüz düşünün. Belə bir dinc toplumda, barış içində yaşayan xalqların və onların mədəniyyətlərinin üzərinə "multikulturalizm"in gətirliməsinə nə gərək var? Heç nə! Boş bir təşəbbüsdür, dəb xətrinə edilir. "Avropada alınmadı, bizdə alınar və biz onlara göstərərik" sayağı yanaşmadır. Təkrar edirəm, multikulturalizmin mədəni pluralizmlə heç bir əlaqəsi yoxdur. İkincisi bizdə var, amma birinciyə yer olmamalıdır.

P.S. Bir də var nasionalizm (millətçilik). Onu burada ayrıca sırayla göstərmirəm, çünki millətçilik mədəni stereotiplərdən asılı deyil. Millətçilik, yuxarıda adı çəkilən siyasətlərin hamısından üstündür, vətəndaşlıq üzərində qurulur. Millətçilik (vətəndaşlıq) - üstkimlikdir, etnik kimliyi bildirmir, onu qadağan etmir, ondan qaynaqlanmır. Amma bu, başqa mövzudur, onun haqqında çox yazmışam.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.