Eldar Sabiroğlu: Rüfət illərlə müdafiə etdiyim siyasətin qurbanıdır

Eldar Sabiroğlu: Rüfət illərlə müdafiə etdiyim siyasətin qurbanıdır

15-04-2019 16:21 / Bu xəbər 505 dəfə oxundu

''Belə şeyləri mübarizə apardığım Vəzirov, Mütəllibov, AXC-Müsavat iqtidarından hiss etmədim''

"Rüfətin səhhətindəki problemlər sanki dünyamı dəyişdirdi, Allah heç kimi övladı ilə sınağa çəkməsin”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu Meydan TV-yə göndərdiyi müraciətində deyib.

O bildirib ki, oğlu Rüfət Səfərovun həbsxanada Hepatit-C infeksiyasına yoluxmasından sarsılıb: "Həyatımda bu qədər ağır sarsıntı keçirməmişdim. Bunlardan nə desən gözləmək olarmış. Vaxtında bu acı həqiqəti dərk etmədiyimi etiraf edirəm. Rüfət illərlə müdafiə etdiyim bu siyasətin qurbanıdır. Mən İlham Əliyevi belə tanımamışdım. Bu rejimdən aldığım zərbəni vaxtı ilə haqlarında ən kəskin sözü, tənqidi əsirgəmədiyim Vəzirov, Mütəllibov hakimiyyətindən görmədim. Nə də belə münasibəti sutkanın 24 saatını əleyhinə mübarizə apardığım bir illik AXC-Müsavat iqtidarından hiss etmədim. İlham Əliyev isə bütün amansızlıqları ilə mənə və ailəmə bu üzütünü yaşatmağı özünə rəva gördü”.

E.Sabiroğlu oğlunun günahkar olmadığını bildirib: "Rüfəti sözünə görə cəzalandıran hakimiyyət qisasını axır ki, ağır şəkildə almış oldu. İmanımı yandırıb deyə bilmərəm ki, oğlumu bu xəstəliyə məxsusi olaraq yoluxdurublar. Ancaq bu rejimin ədalətsiz olaraq həbsxanaya atdığı bir gəncin taleyinə vurduğu zərbə aşkardır. Müstəntiq vəzifəsi hüquq mühafizə orqanlarında önəmli peşə sayılır. Bunu və öncəki aramızda olan münasibəti nəzərə alıb dövlət rəhbəri kimi müstəntiqi və Baş Prokuroru birlikdə qəbul edib Rüfətə ərkyana öz yerini göstərməklə Zakir Qaralovdan səbəbini sormaq o qədərmi çətinmiş. Ancaq bunun əvəzinə biz qamçılandıq”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu aprelin 12-də müraciət yayaraq ötən ay imzalanan əfv sərəncamı ilə azad edilən oğlu Rüfət Səfərovun həbsxanada Hepatit-C xəstəliyinə tutulduğunu bildirmişdi.

Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsi və Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi E.Sabiroğlunun söylədiklərini təkzib etdilər.///Meydan.tv