İki deputatdan eyni açıqlama: "Məlumatımız yoxdur"

İki deputatdan eyni açıqlama:

26-10-2016 15:32 / Bu xəbər 1605 dəfə oxundu

"Qiyasın çıxışından da görünür ki, oradakı hakim şəxsi ambisiyalarını ortaya qoyub". 

Bunu Toplum.tv-yə açıqlamasında vəkil Əsabəli Mustafayev oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilməsinə münasibət bildirərkən deyib.
Əshabəli ile ilgili görsel sonucu
Əsabəli Mustafayev

Vəkil bu hökmü Azərbaycan məhkəmə sistemi üçün biabırçı hal hesab edib: "Adətən, sifariş prokurora gəlir. Məsələn, prokuror 9 il iş istəyir, hakim isə 1 il və ya 1 il yarım azaldaraq, hökm oxuyur. Mənə elə gəlir ki, qısa müddətdə siyasi sifariş dəyişə bilməz. Bəlkə də, belə deyil, amma mən belə düşünürəm. Bu məhkəmə prosesində isə biz hakimin öz siyasi mövqeyini ortaya qoyduğunu görürük və bu hadisə məhkəmə sistemi üçün çox biabırçı bir haldır".

AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, deputat Aytən Mustafayeva isə gənc fəal Qiyas İbrahimovun məhkəməsindən məlumatsız olduğunu deyib: "Mənim Qiyas İbrahimov barədə heç bir məlumatım yoxur. Bu məsələ ilə tanış deyiləm deyə heç bir münasibət də bildirə bilmərəm".
Aytən Mustafayeva ile ilgili görsel sonucu
Aytən Mustafayeva

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramov isə toplum.tv-yə açıqlamasında Qiyas İbrahimovun həbsinə belə münasibət bildirib:"Mən də həbs oluna bilərəm. Heç bir ölkədə heç kimi boşuna həbs etmirlər. Əgər həbs olunubsa, demək, cinayət törədib. Hakim 10 il iş kəsibsə, demək ki, tutarlı arqumentlər tapıb. O, hüququ bitirib, botanikliyi bitirməyib. Həmin məhkəmə barədə də məlumatım yoxdur və mən hər məhkəmədə də oturub düzgün qərar çıxarılmasını izləmirəm”. 
Yevda ile ilgili görsel sonucu
Yevda Abramov

Xatırladaq ki, Qiyas İbrahimov başqa bir gənc fəal Bayram Məmmədovla birgə mayın 10-da saxlanıb. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər.

Gənclər işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildiriblər. Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib. 

Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə isə, Qiyas İbrahimovdan 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkarlanıb. Onunla birlikdə saxlanan Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edildiyi iddia olunur.

Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib. Sentyabrın 6-da isə B.Məmmədov barəsindəki həbs müddəti 2 ay 1 gün artırılıb. Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib. 

Gənclərin eks-prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiyi iddia olunur. Beynəlxalq təşkilatlar isə gənc fəalları "Siyasi məhbus" hesab edir. 

Bayram Məmədovun işi isə hələ də davam edir.

İqrar Qurban