İsa Qəmbər Ağamalı Sadiqi xatırlayır – PORTRET

İsa Qəmbər Ağamalı Sadiqi xatırlayır – PORTRET

12-12-2015 02:13 / Bu xəbər 2642 dəfə oxundu

Teleqraf.com-un "Portret” layihəsində İsa Qəmbər mərhum Ağamalı Sadiq Əfəndi haqqında danışır 

– İsa bəy, Ağamalı Sadiq Əfəndiylə ilk dəfə hansı şəraitdə və harda tanış oldunuz? Yəqin, yadınızdadır.

– Əvvəla, məhz bu mövzuda mənə müraciət etdiyiniz üçün sizə təşəkkür edirəm. Çünki Ağamalı Sadiq Əfəndi mənim üçün həddindən artıq dəyərli insandır, itkisindən indiyə kimi təsirləndiyim, yoxluğunu hər zaman hiss etdiyim bir dostumdur. O, təkcə mənim üçün yox, eyni zamanda Azərbaycanın ən dəyərli insanlarından biri idi. Dekabr ayında onun dünyadan köçməsinin iyirminci ildönümüdür. Hesab edirəm ki, cəmiyyət özünün böyük mədəniyyət və ictimai xadimlərini tanımalıdır, qiymətini, dəyərini bilməlidir. 

Tanışlığımıza gəldikdə isə, mən onu bir şair kimi imzasını tanıyırdım. "Azərbaycan”, "Ulduz” jurnallarında şeirləri çap olunurdu. Hətta yadıma gəlir, "Başsız” adlı bir povesti də çıxmışdı. 80-ci illərdə maraqlı bir ədəbi mühit vardı, Ağamalı Sadiq Əfəndi də həmin mühitin seçilən imzalarından biri idi. Sonra səhv eləmirəmsə, 1986, ya da 1987-ci ildə mən onunla şəxsən tanış oldum. Ağamalı bəy bir tədbirdə mənə yaxınlaşdı və özünü təqdim elədi. Mən də onu tanıdığımı, şeirlərini oxuduğumu bildirdim. Qəribədir ki, elə ilk dəqiqədən yüz ilin dostu, tanışı kimi münasibətimiz yaranmağa başladı. Çünki çox səmimi və maraqlı bir insan idi. Və həmin vaxtdan dünyasını dəyişənə qədər Ağamalı Sadiq Əfəndi hər zaman təmas qurduğumuz, söhbət elədiyimiz, müzakirələr apardığımız, dost məclislərində görüşdüyümüz çox dəyərli bir insana çevrildi. 

– Qeyd elədiniz ki, cəmiyyət özünün böyük mədəniyyət və ictimai xadimlərini tanımalıdır, qiymətini, dəyərini bilməlidir. Sizcə, Azərbaycan xalqı Ağamalı Sadiq Əfəndini tanımırmı?

– Təbii ki, tanıyırlar. Ədəbi mühit onu tanıyır, şeirin, sənətin dəyərini bilənlər tanıyır, Azərbaycanın müstəqillik hərəkatının iştirakçıları və o dövrün tədqiqatçıları onu tanıyır. Amma hər halda mən istərdim ki, insanların qiyməti daha çox verilsin. Ağamalı Sadiq Əfəndi unikal bir şəxsiyyət idi. Şair kimi də həddindən artıq istedadlı bir insan idi. Çox maraqlı, çox dərin və türkcəmizin ən gözəl nümunələrini yaradan bir poeziyası vardı. Xalqımızın tarixində, xalq hərəkatında həm də onun mübariz bir insan kimi yeri olub. Ağamalı bəy çox fədakar, sözünü deyən, cəsarətli bir insan kimi yadımda qalıb. Həm də o, Azərbaycan müstəqil mətbuatının formalaşmasında həlledici rol oynayan necə deyirlər, üç-dörd kişidən biri olub. Bu saydığım cəhətlərin hər biri Ağamalı Sadiq Əfəndinin tariximizdə yer tutması üçün kifayət eləyir. Ancaq onun yenə deyirəm, unikal və hərtərəfli bir şəxsiyyət kimi qiymətinin daha çox bilinməsini istəyirəm. Bu istəyim təkcə Ağamalı bəyə aid deyil. Mən hər zaman insanların qiymətinin verilməsini, xalqımızın öz tarixini, öz şəxsiyyətlərini mümkün qədər daha yaxşı tanımasını, bilməsini istəmişəm. Ona görə də fürsət düşdükcə bu məqamları vurğulamağa ehtiyac duyuram. 


– Ağamalı Sadiq Əfəndinin əsas xidmətlərini dilə gətirdiniz, ancaq mənim üçün maraqlıdır ki, bəs bir insan kimi sizi birləşdirən, dost eləyən hansı xüsusiyyətlər idi?

– Elə o saydığım xidmətlərinin hamısı bizi dost eləyən əsas səbəblərdir. Bayaq dediyim kimi, ilk dəfə tanış olduğumuz gündən biz Ağamalı Sadiq Əfəndi ilə dost kimi davranmağa başladıq. Ağamalı bəylə bəzən saatlarla, günlərlə bir yerdə olurduq. Uzun-uzun söhbətlərimiz olurdu. Bəzən bizim evdə, bir çox hallardasa elə Ağamalı bəyin evində görüşürdük. Mikrorayonda iki otaqlı evləri vardı, o evdə mən çox olmuşam. İkilikdə xeyli müzakirələr aparmışıq. Balaca bir otaqda nə qədər böyük məclislər keçirib Ağamalı bəy. Dostlarını, ictimai-siyasi xadimləri, şairləri, ziyalıları yığıb bir yerdə dost məclisləri keçirib. Ağamalının bir "Juquli”si vardı, o maşınla Azərbaycanın birgə gəzmədiyimiz guşəsi qalmamışdı.
1988, xüsusən də, 1990-cı illərdə onun evi də, maşını da, bütün imkanları hərəkatın xidmətində idi. Azərbaycanın bir tərəfindən vurub o biri tərəfindən çıxırdıq. Bütün rayonlara, bölgələrə gedirdik. Neçə dəfə Qarabağa getmişik. 

– Məşhur bir söz var. Deyir, xatirələr adama əzab verir.

– Bilirsiniz, o xatirələri canlandırmaq elə də sadə deyil. O günlərin hər biri ayrıca bir film epizodu kimidir. Məsəlçün, bir dəfə Ağamalı bəylə Qarabağa gedirdik. Artıq yola düşəndə mənə dedi ki, maşının baqajında bir-iki ov tüfəngim var, aparım orda uşaqlara verim, özlərini müdafiə eləmək üçün lazım olar. Dedim, bəs demirsən yolda-izdə tutarlar? Özü də o vaxtı hökumət qərar çıxarmışdı ki, bütün silahlar yığışdırılsın. Ağamalı dedi, əşi, yaxşı olar. Yolda elə oldu ki, polis maşını saxladı. Elə bil polisin ürəyinə damdı-nədir, bilmədim. Polis dedi ki, baqajı açın, baxacam. Ağamalı sakitcə baqajı açdı, yol polisi baxdı ki, iki dənə ov tüfəngi. Soruşdu ki, nədir bu? Ağamalı da saymazyana dedi ki, rəis, uşaqlara aparıram, orda lazım olar. Polis bir Ağamalıya baxdı, bir mənə baxdı. Sonra dedi, gedin, yaxşı yol sizə. 

– Niyə elə dedi ki? Tanıdı, yoxsa?

– Düşünmürəm ki, tanıdı. Hər halda hərəkatın ilk dönəmi idi. Yəni bilirdilər ki, Xalq Cəbhəsi var. Bilmirəm, bəlkə tanıdı, bəlkə tanımadı, amma hər halda polis özünü o yerə qoymadı və nəinki, narahat olmadı, hətta bizə uğurlu yol da arzuladı. Təbii, söhbət polisdən getmir, mən Ağamalıdan danışıram. Vətənpərvər mövqe tutan insanlar hər zaman olubdur, polisdə də, başqa strukturlarda da. Yəni mənim Ağamalı bəylə xatirələrimdə bu cür epizodlar yüzlərlədir. Ona görə də onun haqqında həddindən çox danışa bilərəm.


– Bəs Ağamalı bəyin başqa dostları kimlər idi?

– Dostları çoxuydu. Əbülfəz Elçibəydən başlamış xalq hərəkatının sıravi üzvlərinə qədər hamı Ağamalını tanıyırdı və xətrini çox istəyirdi. Özü də dostluqda çox möhkəm idi, mərd, sədaqətli idi. Eyni zamanda özünün prinsiplərinə cavab verməyəm, istər ictimai mənada, istər də şəxsi mənada, dəyərlərə xor baxan adamlarla da münasibətləri pozmağı bacarırdı. Bir çox dostlarını Ağamalı bəy özü zaman-zaman dostluqdan çıxardırdı. Sənət adamları arasında, poeziyada, ədəbiyyatda, mətbuatda da həddindən artıq dostları vardı. Rəhmətlik Akif Səmədlə yaxın dost idi.
Ağamalı bəyin bacısı Gülzar xanım sağ olsun, bir kitab hazırlayıb. Biz də ürək sözlərimizi yazdıq. O kitabda Gülzar xanım Ağamalı bəy haqqında bir çox adamların xatirələrini, sözlərini bir yerə yığmağa çalışıb. Ona görə də düşünürəm ki, Ağamalı bəyin şəxsi dostları barədə sualınıza ailə üzvləri, Gülzar xanım daha yaxşı cavab verər. Düşünürəm ki, birdən kiminsə adını çəkərəm, kiminsə adını çəkmərəm, yaxşı olmaz. 

– Dəqiq bilmirəm, amma eşitmişəm ki, Ağamalı Sadiq Əfəndi evində qurultay keçirib. Özü də deyəsən, uşağının kiçik toy məclisi adı ilə adamları bir yerə yığıbmış. Hər halda siz daha dəqiq bilərsiniz. 

– Yox, evində deyildi. (gülür) Qoy mən sizə dəqiq deyim nə məsələydi. 

– Buyurun.

– 1989-cu ildə biz Xalq Cəbhəsinin təsis konfransını keçirmək qərarına gəldik. O vaxt hakimiyyət bunun qarşısını almağa çalışırdı. Ona görə də müxtəlif variantlar üzərində düşünürdük. Axırda Ağamalı bəy təklif elədi ki, 8-ci mikrorayonda, onların evinə yaxın bir həyətdə balaca bir xeyir-şər evi vardı. Oranın sahibləri ilə söhbət eləmişdi ki, oğluma kiçik toy eləyəcəm. Biz də konfransı orda keçirməyə hazırlaşırdıq. Dəqiq yadımdadır, biz hamıya dedik ki, konfrans Bakıda bağ evlərinin birində keçiriləcək. Ona görə də telefonla danışanda, çoxlu adam olan yerdə hamıya bildirirdik ki, Əzizbəyov metrosunun (indiki Koroğlu metrosu) yanına yığılsınlar. Guya Əzizbəyov metrosunun yanından bağ evlərinin birinə gedəcəyik. Milisin, hökumətin diqqəti Əzizbəyov metrosu tərəfə yönələndən sonra kim ki konfransın nümayəndəsi idi, həmin adamları bir-bir seçib yığdıq həmin xeyir-şər məclisi keçirilən yerə. Hakimiyyət yalnız bir-iki saatdan sonra xəbər tutdu. Ancaq konfransın qarşısını ala bilmədi. Yəni bu məsələdə də Ağamalı Sadiq Əfəndinin fədakarlığı, indiki gənclər demişkən, kreativ yanaşması böyük xidmət oldu.

– Maraqlıdır, indi Ağamalı Sadiq Əfəndinin ailəsi ilə əlaqəniz varmı?

– Təbii, var. Ağamalı bəyin ailəsini o dövrdən biz tanıyırıq. Nabat xanıma böyük hörmətimiz var. Böyük oğlu Nofəl çox dəyərli bir insandır. Qarabağ müharibəsində ən gənc yaşlarından iştirak eləyibdi, döyüşüb, yaralanıbdı. Nofəlin qardaşı Orxanı da yaxşı tanıyıram. İmkan daxilində əlaqə saxlamağa çalışırıq, zaman-zaman xəbərləşirik. Onun ailəsi, övladları bizim üçün Ağamalı Sadiq Əfəndinin yadigarlarından biridir. Ağamalı bəyin nəvəsi də var, onun da adı Ağamalıdır. Allah saxlasın. 

– Ağamalı Sadiq Əfəndi. Ad hansıdır?

– Adı Ağamalıdır. 

– Sadiq Əfəndi. Deməli, iki təxəllüsü var.

– Onların hamısı kökündən gəlmə soyadlardır. 

– Lap əvvəldən Ağamalı Sadiq Əfəndi olub, yoxsa təxəllüslər sonradan artdı?

– Əvvəl Ağamalı Sadiq kimi tanımışıq. Əfəndi onun soyadında olub, istifadə eləyirdi, sonradan rəsmiləşdi. 

– İsa bəy, sizi soyuqqanlı bir insan kimi tanıyırıq. Bir neçə dəfə məzar başında çıxışlar elədiyinizi görmüşəm. Əvvəl də qeyd elədiniz ki, Ağamalı bəy yaxın dostunuz olub. Bilmək istəyirəm ki, siz bir siyasətçi kimi, onun da itkisini soyuqqanlı qarşıladınız? Yoxsa, ağladınız?

–  Ağamalı bəyin itkisi elə bir hadisə oldu ki, bu barədə soruşmaq asandı, ancaq cavab vermək çox çətindir. Əziz insanların itkisi dostları üçün ən böyük faciədir. Düzdür, hər bir insan əvvəl-axır bu dünyadan köçəcək. Yaş çoxaldıqca itkilərimiz də artır və hər biri yaddaşımızında, xatirələrimizdə dərin bir yara kimi qalır. Çünki insanların heç biri digərini əvəz eləyəsi deyil. Nəinki, insanlar, heç xatirələr, münasibətlər də bir-birini əvəzləyə bilmir. Dediyim kimi, Ağamalı da mənim üçün çox qiymətli dostlardan biri idi. Və təbii ki, 1995-ci ilin dekabr ayının 12-də mən onun ölümünə çox sarsıldım. Hər zaman da yoxluğunu hiss eləyirəm. Onun şirin söhbətləri, zarafatları, yumorlarından ötrü darıxıram. Həm də ictimai müzakirələrdə onun maraqlı və eyni zamanda məntiqli yanaşmalarının yerini görürəm. Ağamalı bəy öz prinsipləri, öz dəyərləri olan bir insan olduğu üçün məsələlərə yanaşması da olduqca maraqlı olurdu. Mənim həyatımdakı boşluqlardan biri də Ağamalının ölümü ilə yarandı. 

– Ölümü nədən oldu ki?

– Əslində qalsa, Ağamalı cavan getdi. Onun nə yaşı vardı ki... Xəstə idi. Qan təzyiqindən əziyyət çəkirdi. Son vaxtlar xəstəliyi daha da artdı. Birinci dəfə müalicəyə getdi, əməliyyatlar olundu. Ailəsi də, dostları da, həkimlər də çox çalışdıq ki, kömək eləyək, amma mümkün olmadı. 

– Sizcə, cəmiyyət Ağamalı Sadiq Əfəndinin şair kimi tanısa daha yaxşıdır, yoxsa hərəkatın önündə gedən bir insan kimi, müstəqil mətbuatın yaradıcısı olan bir insan kimi və s. Gənclərə nə məsləhət görürsünüz?

– Mən bu məsələlərdə ziddiyyət görmürəm. Biz Ağamalını bütöv bir şəxsiyyət kimi tanımalıyıq, qiymətləndirməliyik. İkincisi də ki, kim poeziyanı sevir, onun şeirlərini oxuyub poetik qiymətini verməyə çalışsın, kim millətini sevir, vətən yolunda fədakarlıq eləyən bir insan kimi Ağamalının qiymətini bilsin, kim söz azadlığını, mətbuat azadlığını dəyərləndirir, Ağamalı bəyin o sahədəki fəaliyyətini öyrənsin. Sizin qeyd etdiyiniz şeylərin hamısı Ağamalıda üzvü şəkildə birləşirdi. Dost məclislərinə tez-tez Ağamalıdan xahiş eləyirik ki, şeirlərini desin. Maraqlı danışmağı, şeir deməyi vardı. Adətən, şeiri deməmişdən qabaq onun yaranma tarixini izah eləyirdi. Sonra şeirdən bir bənd deyib, arada o dövrlə bağlı bir xatirəsini danışıb, sonra yenə şeirinə davam eləyirdi. Bəzən də aşıqlar kimi bir bəndi iki dəfə təkrar eləyirdi.

Yadıma gəlir, bir dəfə Ağamalı bəy bir şeirinin yaranmasını danışırdı. Dedi ki, meşədə bulaq başında dostlarla oturub yeyib-içirdik. Ətrafda da bir nəfər əlində balta gəzirdi, baltanı o ağaca vururdu, bu ağaca vururdu... Axırda mən də əsəbiləşib dedim ki, a kişi, bir ağac kəsəcəksən, kəs get də, niyə səhərdən burda səs-küy salırsan? Kişi Ağamalıya deyib ki, düz ağac axtarıram kəsməyə. Bu sözdən sonra Ağamalı baxıb ağaclara görüb ki, hamısı əyridir. Sonra həmin şeiri yazıb. Yəni xalqın dilində olan düz ağacı kəsirlər məsələsi Ağamalının müşahidəsində və bu şeirində həyat gerçəyindən ədəbi-fəlsəfi obraza çevrilibdir. Həmin şeirin axırını belə qurtarır ki:

Bir qozbel kişiyə qalıb bir meşə, 
Ağaclar qorxudan əyri göyərir...

Yəni təkcə kəsən adam düz ağac axtarmır, dəhşətli burasındadır ki, ağaclar da qorxusundan əyri göyərir. Bu şeir 80-ci ildə yazılıb. Amma haqq-ədalət olmayan hər bur dövrdə yerinə düşən bir şeirdir. Ağamalının bu şeirində poeziya da var, vətəninə, millətinə sevgi hissi də var, haqq yolunda bir mübarizlik də var. Ağamalının belə şeirləri çoxdur. Ona görə deyirəm ki, o, bütöv bir şəxsiyyətdir. 

– İsa bəy, Ağamalı Sadiq Əfəndi xaraktercə ciddi adamı idi, yoxsa şairliyindən irəli gələn əhli-keflik də vardı?

– Məncə, bütün istedadlı adamlarda olduğu kimi, Ağamalı bəydə də ciddiyyət də vardı, yumor da vardı. Həddindən atıq yumor hissinə malik bir insan idi, zarafatı, dost söhbətlərini, dost məclislərini çox sevirdi. Amma eyni zamanda hər şeyə ciddi və məsuliyyətlə yanaşmağı da bacarırdı. Onun xarakterini detalları ilə müzakirəyə keçmək istəmirəm, amma çox azad bir insan idi. Azad yaşamaq istəyirdi. Onun bir şeiri var:

Əydilər, məni də əydilər, nənə,
Sənin də oğlundan kişi çıxmadı.

Əgər bu şeir barədə Ağamalı özü bizə danışmasaydı, fikirləşərdik ki, görəsən, bu kişini niyə sındırıblar, niyə əyiblər? Ancaq özü bu barədə danışdı. Yenə də 80-ci illər idi. Ağamalı danışdı ki, işsiz, pulsuz vaxtlarım idi. Mənə dedilər ki, niyə əziyyət çəkirsən, sən də hamı kimi rəhbərə bir poema yaz, sənə iş də versinlər, pul da versinlər, dolan. Deyir, axşam uşaqlar yatandan sonra oturdum ki, rəhbərə bir poema yazım. İki saat, üç saat, nə qədər əlləşib-vuruşdum ki, iki sətir yazım, amma alınmadı. Axırda yazdım ki:

Əydilər, məni də əydilər, nənə,
Sənin də oğlundan kişi çıxmadı.

Yəni əslində, Ağamalı yenə sınmadı, heç vaxt baş əymədi. Həmişə başını dik tutdu. 90-cı ildə 20 yanvar faciəsindən sonra partiyadan da, Yazıçılar İttifaqından da çıxan, amma geri dönməyən nadir yazarlardan biri idi. 20 Yanvar faciəsindən sonra ölkədə kütləvi etirazlar vardı. Kommunist Partiyasında olanlar ordan çıxırdı, Yazıçılar İttifaqının üzvü olanlar ordan çıxırdı...

Kəramət Böyükçöl