“İsa Qəmbərin səhhəti qaydasındadır” - Arif Hacılı

“İsa Qəmbərin səhhəti qaydasındadır” - Arif Hacılı

26-02-2018 20:42 / Bu xəbər 2891 dəfə oxundu

Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 26-da Mərkəzi Klinik Xəstəxanada Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə baş çəkib.

Novator.az-a açıqlamasında Arif Hacılı bildirib ki, İsa Qəmbər özünü yaxşı hiss edir: "İsa bəyin səhhəti qaydasındadır, həkimlərin qərarı ilə bu gün xəstəxanadan evə buraxıla bilər”.

İsa Qəmbər fevralın 23-dən Mərkəzi Klinik Xəstəxanada müayinə olunur. O, yanvarın 13-dən 18-dək həmin xəstəxanada ürəyindən müalicə olunub, sonra müalicəsini evdə davam etdirib.

İsa Qəmbər 1988-1991-ci illərdə milli azadlıq hərəkatının liderlərindən biri, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.