Ailəsi: “Taleh Bağırzadə təhqir və hədəyə məruz qalmasına etiraz edir”

Ailəsi: “Taleh Bağırzadə təhqir və hədəyə məruz qalmasına etiraz edir”

29-11-2022 23:19 / Bu xəbər 559 dəfə oxundu

Hərəkat sədri İranla bağlı fikirlərini də çatdırıb

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadənin noyabrın 26-dan başladığı aclığı davam etdirdiyi bildirilir. 

Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.

Ailəsinin bildirdiyinə görə, Taleh Bağırzadənin vəkilləri Fəxrəddin Mehdiyev və Bəhruz Bayramov noyabrın 29-da ilahiyyatçının saxlandığı 12 saylı cəzaçəkmə müəssisəsində onunla görüşüb.

Taleh Bağırzadə vəkillərinə deyib ki, müəssisənin rəis müavini Babək İsgəndərovun təhqirləri və hədələrinə etiraz olaraq aclıq edir.

Taleh Bağırzadə haqqında hökmdə ona verilmiş 20 illik həbs cəzasının ilk 7 ilinin həbsxana rejimində çəkilməsi nəzərdə tutulub. Azərbaycanda həbsxana rejimli müəssisə yalnız Qobustanda yerləşən qapalı həbsxanadır. 

Noyabrın 26-da ilahiyyatçıya verilmiş 7 illik həbsxana rejiminin müddəti başa çatdığına görə oradan çıxarılıb və 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb: "Qobustan həbsxanasından çıxanda rəis ona deyib ki, "sən əşyalarını götürmə, onsuz yenə bura qayıdacaqsan”. 12 saylı cəzaçəkmə müəssisəsinə daxil olanda rəis müavini Babək İsgəndərov onu təhqiramiz tonda hədələyib. Taleh Bağırzadə məhz buna görə aclıq aksiyasına başladığını bildirib. O vurğulayıb ki, bu aclıq aksiyası onun azadlığı üçün deyil, çünki mənəvi baxımdan azad insandır. Bu aksiya hüquqlarının bərpası, təhqir və hədəyə məruz qalmasına etirazdır”.

İlahiyyatçı son zamanlar Azərbaycan və İran arasındakı münasibətlərin gərginləşməsilə bağlı da fikirlərini bölüşüb. 

Onun özü və rəhbərlik etdiyi təşkilat zaman-zaman İrana işləməkdə ittiham olunub.

İlahiyyatçı bildirib ki, hələ 2020-ci ildə 44 günlük müharibə dövründə İran rəsmilərindən Azərbaycanın yanında olub-olmadıqlarını açıq şəkildə bəyan etmələrini tələb ediblər: "Mən həmişə dövlətimizin müstəqilliyinin tərəfdarı və xalqın yanında olmuşam. Azərbaycan mənim üçün qırmızı xətdir. 2020-ci ildə İkinci Qarabağ savaşı başlayanda da həm mənim, həm də təşkilatımızın bəyanatlarımız olub. Biz o zaman da İran rəsmilərindən tələb etmişik ki, Ermənistanın, yoxsa Azərbaycanın yanında olmaqlarını açıq bəyan etsinlər”.

"Müsəlman Birliyi Hərəkatının onlarla üzvü döyüşlərdə iştirak edib, onlardan üç nəfəri şəhidlik zirvəsinə yüksəlib. 2022- ci ilin avqustunda Londonda səfirliyimizə hücum olanda, bayrağımızın yerə atılmasına da etirazımız olub. Sentyabr döyüşləri zamanı İranın "Zəngəzur bizim qırmızı xəttimizdir” deməsinə də etiraz edərək, bir daha müstəqilliyimizdən yana olduğumuzu bəyan etmişik, ordumuzun və dövlətimizin yanında olduğumuzu bildirmişik”, - Taleh Bağırzadə belə deyib.

Penitensiar Xidmət isə Taleh Bağırzadənin aclıq etməsi barədə deyilənləri təkzib edib. 

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib ki, bu haqda məlumatlar həqiqətəuyğun deyil. 

O, ilahiyyatçının fiziki və mənəvi təzyiqlərə məruz qalması haqda iddiaları da rədd edib.

Noyabrın 26-da Nardaranda keçirilən, dördü yerli sakin, ikisi isə polis olmaqla, 6 nəfərin ölümüylə nəticələnən əməliyyatın 7 ili tamam oldu. 

2015-ci ildə baş vermiş həmin əməliyyat nəticəsində Taleh Bağırzadə də daxil olmaqla, 100-ə yaxın adam həbs olunmuşdu. Onlardan 42 nəfərə dövlət çevrilişinə cəhd, terrorçuluq və s. ağır maddələrlə ittihamlar verilmiş və 13 ildən 20 ilə qədər azadlıqdan məhrum edilmişdilər. 

Digərlərinə isə 5-6 ilə qədər həbs cəzası verilmişdi. Həbs olunanların əksəriyyəti ya cəza müddəti başa çatdığına, ya da əfv sərəncamıyla azadlığa buraxılıb.

Sonradan zaman-zaman da Müsəlman Birliyi Hərəkatının bir sıra üzvləri narkotik və s. ittihamlarla həbs olunub. 

Hazırda hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın bir sıra fəalları həbsdədir. Lakin Taleh Bağırzadə və digər inanclı fəallar ittihamların saxta olduğunu, hökumətin siyasətini tənqid etdiklərinə görə şərlənərək cəzalandırıldıqlarını bəyan edib.

Daxili İşlər Nazirliyi isə şərlənmə barədə iddiaları təkzib edib.