Altay Göyüşov: "Siyasi iddiası olan adamlar çıxıb boş-boş şeylər danışırlar"

Altay Göyüşov:

25-09-2020 00:50 / Bu xəbər 1868 dəfə oxundu

"Azərbaycan hökuməti siyasi və iqtisadi böhrandadır”

Avropadan yeni qayıdan tarixçi alim Altay Göyüşovla müsahibəmizdə ölkədəki ictimai-siyasi proseslərin yaratdığı suallara cavab verməyə çalışdıq.

- Altay bəy, haqqınızda yayılan fikirlərdən biri bu idi ki, ölkəyə qayıtmayacaqsınız. Amma döndünüz. Hər hansı bir təzyiqlə üzləşdinizmi və ya mesaj aldınızmı?

- Əvvəla, xarici ölkəyə birinci dəfə deyil ki, gedirəm. Hər dəfə də gedəndə, bu cür münasibət olur. Ola bilsin ki, xarici ölkədə mühiti daha azad hiss etdiyindən çıxışlarında radikallıq olur, çox yox, az. Bununla da adamlarda belə təəssürat yaranır ki, Altay Göyüşov qayıtmayacağı üçün belə danışır. Yəni bu yanaşma ilk dəfə deyil. Amma mən elə bir fərq sezmirəm, ola bilər kənardan izləyənlər üçün belə görünsün. Onsuz da mən xaricə gedəndə qayıdacağımı demişdim. Bu dəfə gedəndə bir az başqa təəssürat yarandı. Əvvəldən isə qayıtmaq fikrim vardı, amma bir məsələni etiraf etmək istərdim, mən Bakıda doğulub, böyümüşəm, bu küçələrlə, meydanlarla xatirələrim var, doğmalıq başqa şeydir, adamı çəkir. Həmişə xaricdə olanda belə olub: Bakı məni istər-istəməz çəkib. Həyatımda birinci dəfəydi ki, qayıtmağa heç həvəsim də yox idi, ilk dəfədir sənə etiraf edirəm.

- Səbəblər nə idi?

- Bilmirəm, çətindir bu barədə danışmaq. Əvvəllər, rəhmətlik anam sağ idi deyə çəkirdi. Mən bunu daha çox ictimai-siyasi mühitlə əlaqələndirirəm. Söhbət qorxudan getmir, məsələ ondadır ki, 55 yaşına çatmısan, o rahatlığı görürsən və müqayisə də göz önündədir, Bakıya enən kimi də rahatlıqla narahatlıq arasındakı fərqi dərhal hiss edirsən. Ola bilər onları təsəvvür edirdim.

- Bəs Bakıya gələndən sonra hər hansı təzyiq oldumu?

- Yox, heç bir təzyiq olmayıb.

- Sizə iradlardan biri ondan ibarət idi ki, Altay Göyüşov Azərbaycanda olanda hakim ailə haqqında sərt tənqidlər səsləndirmirdi, xaricə gedəndən sonra ritorikanı sərtləşdirdi?

- Bu barədə ilk dəfə deyil eşidirəm. Hələ universitetdə işləyəndə deyirdilər ki, sən belə yazırsan, bəs niyə işdən çıxartmırlar? Amma sonra universitetdən çıxartdılar. Bir müddət sonra müqayisə apardılar ki, filankəsi həbs etdilər, bəs səni niyə tutmurlar? Sualı niyə mənə verirdilər, hardan bilim niyə tutmurlar? Bunu həbs edənlərdən soruşun də. Xaricə gedəndən sonra dedilər ki, mühacirətə qaçmısan və ordan belə yazırsan. 100 dəfə yazırsan ki, mühacirətə getməmişəm, işləməyə gəlmişəm, hətta işin davamı üçün təklif də oldu, razılaşmadım. Ona görə iradların çoxunu vecimə almıram. Təəssüf ki, Azərbaycanda arqumentasiya çox bəsitdir, həm də bu bəsitlik bizim geridə qalmış təfəkkür tərzinə bağlıdır. Ona görə iradları bir qədər modernəşdirmək lazımdır, daha ciddi suallar vermək olar. Dünyanın heç bir yerində o klişelərə, suallara rast gəlmirsən, Azərbaycan istisna olmaqla. Ümumiyyətlə, bunlar cəmiyyətin halını nümayiş etdirir, belə suallar geridə qalmış cəmiyyətlərdə ola bilər.

- Siz Azərbaycana gəlməzdən əvvəl ABŞ və Türkiyədə olmusunuz, həmin ölkələrə gedəndə koronavirus testindən keçdinizmi?

- Düzdür, Almaniyadan Türkiyəyə getdim, 2 həftə orda qaldım, ordan da ABŞ-a uçdum, 2 ay da orda oldum, yenidən Türkiyəyə qayıtdım. Amma bu səfərlərin heç birində koronavirus testi tələb etmədilər, yalnız Azərbaycana gələndə test tələb etdilər. Ümumiyyətlə, Azərbaycanda olan karantin tədbirləri - SMS, nəqliyyatda məhdudlaşma - dediyim ölkələrdə yox idi. Almaniyada ilk vaxtlarda karantin vardı, amma insanlar maska taxmaq və məsafəni gözləmək şərtiylə küçələrə çıxırdılar. Eyni vəziyyət, Amerikadaydı, yəni küçəyə çıxmamaq qadağası olmayıb. Bakıya düşəndən sonra ilk təəssüratım hava limanında yarandı, orda bir az qorxdum. Təsəvvür elə, Bakı hava limanı uniformalı adamlarla doludur, bura gömrük, sərhəd, təhlükəsizlik xidmətinin adamları daxildir. Adam özünü hərbi hissədə hiss edir, sonra sərhəd xidmətini keçəndə həkimlərlə rastlaşırsan, vahimə yaranır, öz ölkən olmasa qorxarsan ki, bura hərbi hissədir. Bəlkə məntiq də var, məsələ ondadır ki, Azərbaycanda karantin qaydalarına tam riayət olunmur, birinci, maska nəzərdə tutulduğu kimi taxılmır, ikinci də məsafə gözlənilmir. Amma getdiyim ölkələrin əhalisi bunlara ciddi yanaşır, hara gedirsən, dükanlarda, kassaların qarşısında məsafə gözlənilir. ABŞ-da marketlərə növbəylə buraxırdılar və alıcı hər hansı mala toxunmurdu, istədiyini satıcıya deyirdi, o da gətirirdi. Amma bizdə marketlərdə xaos var, insanlar da özünü qorumalıdır. Güman ki, inamsızlıqdandır. Bəli, Almaniyada müxtəlif qruplar var ki, koronavirusa inanmırlar, onlar aksiyalar da təşkil etmişdi. Azərbaycanda sosial şəbəkəyə daxil olanda kütləvi inamsızlıqla rastlaşırsan. Hətta bəzi adamlar inamsızlıqlarıyla fəxr edir, bu, bir az qeyri-ciddi atmosfer yaradır.

- Azərbaycana elə bir zamanda gəldiniz ki, müharibə haqqında bəyanatlar, müzakirələr gündəmi zəb edib, sizin proqnozunuz nədən ibarətdir?

- İndiki mərhələdə informasiyasızlıq baxımından dəqiq izah vermək çətindir. Məsələ ondadır ki, kifayət qədər məlumat yoxdur və tərəflər də öz bildiyini gerçək sayır. Bizim də tərəflərin açıqlamalarını araşdırıb təhlil etmək imkanımız yoxdur. Gücümüz ancaq öz biliyimizə və əldə olunan məlumatlar əsasında spekulyasiyaya çatır. Ona görə baş verənləri yalnız ehtimallar əsasında şərh edə bilərik. Sual yaranır, Ermənistan Azərbaycan ərazilərini işğal edib və 25 ildən çoxdur işğalda saxlayırsa, məskunlaşma aparırsa, Qarabağdan kənarda atəşkəsi pozması ona lazımdırmı? Nikol Paşinyan hakimiyyətə yeni gəlib, Ermənistanda sistem dəyişib, yəni parlamentli respublikadır, bu baxımdan orda hakimiyyət məqsəd deyil, hər şey ümumi mənafeyə köklənib. Azərbaycanda isə fərqli mənzərədir, avtoritar hakimiyyət olduğundan bütün dövlət mənafelər iqtidarı qorumağa yönəlib. İkinci, ərazi itirən bizik və indiki iqtidar hakimiyyətini qorumaq üçün 1-2 rayonu azad etmək istəyər. Çünki 2 rayonun azad olunması İlham Əliyevə çox ciddi avantaj və arqument verər. Bu nöqteyi-nəzərdən düşünəndə atəşkəsin pozulması kimə lazımdır sualının cavabı aydın olur.

- Bəs Rusiyanın marağını necə izah edərdiniz?

- Bəlkə SSRİ-nin bərpası üçün Putinə regionda qarışıqlıq lazımdır. Ancaq bunları müqayisə edəndə, mən ikinci qənaətin üzərində qalıram. Bilirsiniz, Əliyevlər 27 ildir hakimiyyətdədir, amma ərazilərin azad olunması yönündə heç bir nailiyyət yoxdur və mövcud diskurs ölkə başçısını sıxır. Həm də ictimai narazılıq artır. Ona görə də Əliyevə arqumentini gücləndirmək üçün müəyyən nailiyyət lazımdır. Nəzərə alın ki, Azərbaycan hökumətinin indiyə qədər Putin Rusiyası ilə ciddi problemləri olmayıb, yalnız Qarabağ məsələsində dil tapa bilmirlər. Axı Paşinyan da bəzi təxribatçı addımlar atır, Şuşada inaqurasiya keçirilməsi, həyat yoldaşının hərbi təlimlərə qatılması və s. Mümkündür ki, Azərbaycan hökuməti Rusiya vasitəsilə Paşinyan hökumətinə təzyiq göstərmək niyyəti güdür. Son 17 ildə ilk dəfəydi Azərbaycan hökumətindən Rusiyaya tənqidi notlar səsləndi, Ermənistana silah verilməsi, ardınca rus dilinə yanaşma buna sübutdur. Amma mahiyyət etibarıyla Rusiya və Azərbaycan hökumətləri avtoritardılar, ideoloji baxımdan yaxındırlar. Belə olanda, Bakı Moskvaya sanki siqnal verir ki, mənə dəstək olmursan, problemimin həllində maraqlı olmursan və mən də Türkiyəylə hərbi əməkdaşlığı dərinləşdirirəm. Təxminən belə bir oyun görünür. Ən əsas məsələ odur ki, Azərbaycan hökuməti siyasi və iqtisadi böhrandadır. Hakimiyyət avtoritardır və buna görə imici getdikcə pisləşir. 2018-ci ilin sonundan əhalinin tənqidi də artır və hökumət ictimai rəydə nüfuzunu itirir. Bir tərəfdən də Qarabağ problemi həll edilmir. Bütün bunlar hökumətə təzyiqdir. Həmin təzyiqdən qurtula bilmir, çünki iqtisadiyyatı düzəldə bilmir, neftdən tam asılılıq var və korrupsiya iqtisadiyyatın liberallaşmasına əngəldir. Azad iqtisadi şərait yaratmaq üçün monopoliyalardan qurtulmaq lazımdır, bu isə indiki hökumət üçün qəbuledilməzdir. Çünki ona getsə, dayaqlarını itirər. Korrupsiyanı aradan qaldırmaq üçün xırda şoular, yəni icra başçılarının həbsi istisna olunmaqla ciddi fundamental dəyişiklik yoxdur. Bunlar onu göstərir ki, münaqişənin gərginləşməsində rəsmi Bakı maraqlıdır, nəinki əks tərəf. Amma yenə deyirəm, əlimizdə informasiya olmadığı üçün bunlar ehtimallardır.

- Altay bəy, siz seçkidə müxalifəti bir araya gətirmək üçün çalışdığınızı dəfələrlə vurğulamısınız. Bir dəfə Milli Şura sədri Cəmil Həsənli də onunla AMEA-nin bağında ReAL Partiyasının təşıbbüsüylə görüşdüyünü bildirib. Niyə müxalif düşərgə bir araya gələ bilmədi və tərəflərin arqumentləri nə oldu?

- Əvvəla, mənim özümün beynimdə olmasa, heç kim məni heç yerə göndərə bilməz. Bu, mənim ağlımda formalaşmışdı, özüm də maraqlıydım ki, müxalifət bir araya gəlsin. Bəli, Cəmil Həsənliylə də, İlqar Məmmədovla da, TbilisidəArif Hacılıyla da görüşdüm. Əli Kərimliyə isə özüm müraciət edib görüşdüm. Niyə alınmadı sualına gəlincə, fundamental məsələ ondan ibarət idi ki, bir tərəf seçkidə iştirakın tərəfdarıydı, bəziləri isə əleyhinəydi. Bəlkə onları da müəyyən mənada bir araya gətirmək olardı. Bunu daha çox mənim diplomatik qabiliyyətimin zəifliyi kimi qəbul etmək olar. Sözsüz ki, hər tərəfin müəyyən şərtləri vardı və bu şərtlərin bir araya gətirilməsində sadəcə, özümü gücsüz hiss etdim. Bəlkə danışıqlar üçün uzun müddət lazım idi ki, bunları tədricən bir araya gətirəsən. Amma mən detalları danışmaq istəmirəm, özləri istəyirsə, açsınlar.

- Amma detalları açıblar, ReAL Partiyasının sədri İlqar Məmmədov sizinlə bağlı yazısında qeyd etmişdi ki, siz əslində seçki ilə bağlı danşıqları pozmusunuz. İfadəsi konkret belə idi: "Ötən ilin iyulunda mən ondan xahiş etmişdim ki, müxalifətin birləşib seçkiyə bir yerdə getməsi üzrə planın təşəbbüskarı mən olmayım, sən ol ki, digər partiyalarda qıcıq yaranmasın. Sən bu işi ziyalı kimi başla, sonra istəsən tezliklə kənara dur, partiyalar olaraq özümüz irəli apararıq. İstəsən lap özün də davam et. Əvvəlcə razılaşdı. Sonra anladı ki, birdən İlham Əliyev onun xaricə yolunu bağlayar - lap köç qabağı idi. Qorxdu. Gedib bu ideyamı partiyalara elə şəkildə çatdırdı ki, iş heç alınmasın”.

- Hətta başqa bir şey də yazır ki, Altay Göyüşov Bakıya gəlməyə qorxdu, amma məni söydüyünə görə icazə verdilər, təhlükəsiz gəldi. Uzun bir şey yazmışdı.

- Siz İlqar Məmmədovun yazdıqlarını necə qiymətləndirirsiniz?

- Boş şeydir və ümumiyyətlə, ayıbdır. O mənada ayıbdır ki, özün şərə məruz qalıbsan, buna görə 6 il həbsdə olmusan və idarəçiliyə iddialısan. Ona görə indiki hakimiyyətdən fərqini göstərməlisən və o yolu getməməlisən. Bilmədiyin şeyi də danışmaq olar, amma göz görə-görə şər atmamalısan. Təbii ki, bir daha deyirəm, İlqar Məmmədov boş şey yox, şər atır. Yaxşı, Altay Göyüşov gedib danışmadı, get, özün danış. Altay məgər qarşını kəsmişdi ki, müxalifət bir-biriilə danışmasın? Əvvəla, onun nə dediyi mənə vacib deyil. Mənə vacib olan başqa məqamdır ki, Azərbaycanda hakimiyyətə müxalif olanlar təsəvvür etmirlər ki, müxaliflik fərqlənməkdir. Hökumətlə ona görə problem yaşayırıq ki, insan haqlarını gözləmir, qanunun aliliyini pozur, saxta seçki keçirir. Üstəgəl müxalif insanları şərləyib həbs edir. O cümlədən, İlqar Məmmədovu. Ona görə də sən hakimiyyətdən fərqini göstərməlisən.

- Ancaq yuxarıda adları çəkilən şəxslərlə görüşmüşdünüzmü?

- Əlbəttə. Bir daha deyirəm, ola bilər mənim diplomatik qabiliyyətim kifayət qədər olmadı. Ancaq mənim onların bir araya gəlməsini istəməməyim, yaxud pozmağım gülməlidir, ikincisi də bunu deyən adamın xarakterini meydana çıxarır. Göstərir ki, sən sənə şər atandan fərqlənmirsən, ağzına gələni danışırsan.

- İlqar Məmmədovun sizə iradlarından biri ritorikanızla bağlıydı, alim yox, qədeş danışığıdır, kobuddur...

- "Qədeş” onun sözü deyil, ondan əvvəl Sevinc Mirzəyeva bu ifadəni işlətdi. Mən onda bir problem görmürəm və mənim ləhcəmin mahiyyətə dəxli yoxdur. Ola bilər ki, kimsə bunu çatışmayan cəhət kimi dəyərləndirsin, problem yoxdur. Axı mənim ləhcəmin deyilən sözün mahiyyətinə nə dəxli var? Mahiyyəti qoyub formayla niyə mübarizə aparırlar, formadan nə istəyirlər? Hər yerin öz ləhcəsi var, mən Bakıda doğulduğumdan bura ləhcəsiylə danışıram. Hesab etmirəm ki, bu, böyük problemdir. Əslində, arqumentin olmamasından irəli gələn şeylərdir. Şər, böhtan arqument olmayanda meydana çıxır. Arqument olmayanda, trol dəstəsindən fərqlənmirsən. Bizim əsas işlərimizdən biri Azərbaycanda ictimai-siyasi mühitin sağlamlaşdırılmasıdır, hökumət bunda maraqlı deyil. Çünki yaxşılaşan hər şey onun əleyhinə işləyir. Xatırlayırsınızsa, bütün söyüşlər də hökumətin efirindən başlayıb, "Lider TV”-də "Kuklalar” verilişi və başqaları. Əgər özünü alternativ kimi meydana qoyursansa, həqiqi alternativi olursan. Mənə deyirlər ki, sən də təhqir yazmısan və seçkidə qanunu pozanlar üçün yazdığımı göstərirlər. Ancaq yazdığım təhqir deyil, araşdırın görün ümumiyyətlə, təhqir nədir, kimi təhqir etmək olar, nəyi təhqir etmək olmaz. Seçki saxtakarları haqqında yazılmışlar təhqir deyil, əslində, seçki saxtakarı olmaq təhqirdir. Seçki saxtakarı olduğuna görə adama söz deyilməsi təhqir deyil. Təəssüf ki, elementar şeyləri izah edə bilmirlər, sonra da mahiyyətlə formanın yerini səhv salırar. Bilirsiniz, statuslarımda hər kəlməni düşünüb yazıram və bunları izah da edə bilərəm. İnterpretasiya da çox ciddi məsələdir, elmlə məşğul olduğumdan hər sözümün yükünü də bilirəm. Ancaq bizim insanlar yazdıqlarını istədiyi kimi anlayıb sonra sənə irad tuturlar. Bəzilərinə cavab verirsən, bəzilərinə isə ehtiyac görmürsən. Bilirsiniz, 30 ilə yaxındır müstəqil dövlətik, məqsədimiz Azərbaycan cəmiyyətinin bütün mənalarda yetkinləşdirilməsidir. Amma bu yalnız maarifçinin işi deyil, eyni zamanda, orta və ali məktəblərin işidir. Təəssüf ki, xeyli problemlər var, hətta infantinləşmə özünü göstərir. Siyasi iddiası olan adamlar çıxıb boş-boş şeylər danışır, nəticədə keyfiyyət aşağı düşür, primitiv populizm yaranır.

- Əli Kərimlini də seçkiyə getməməkdə qınadınız. Konkret olaraq, hansı məsələdə anlaşa bilmədiniz Kərimli ilə?

- Yenə deyirəm, detallara getməyəcəm, özləri istəyirsə, danışsınlar, ondan sonra izah edərəm. Mən heç kimi də günahlandırmıram.

- Onda yenə də o fikirdəsinizmi ki, müxalifət seçkiyə gedib nəyəsə nail ola bilərdi?

- Əvvəla, mən heç kimə seçkiyə getmək tələbini qoymamışam. Həmin şəxslərlə tamam başqa məsələlər müzakirə olunurdu, seçki haqdaydı, amma seçkidə iştirak yox. Bəli, mən seçkiyə getməyin tərəfdarıydım, çünki seçkidə iştirakla dəyişikliyə nail olmaq, yaxud hər halda mübarizə aparmaq mümkündür. O zaman da onlarla arqument gətirdim ki, dəyişikliklər seçkilərdə olur, Gürcüstanı, Ukrayna və Qırğızıstanı misal gətirdim. Bu gün Belarusla olanlar da onu göstərdi. Seçki insanlarda siyasi prosesə maraq yaratmaqdır və bunun yolu təbliğatdır. Amma seçkiyə 1-2 ay qalanda yox, təbliğatı son seçkidən sonra başlamalısan. Tarix göstərdi ki, Azərbaycanda siyasi fəallıq seçkidə olur, 1998, 2000, 2003, 2005-ci il seçkiləri buna misaldır. Əks tərəfin arqumenti odur ki, Azərbaycanda seçki şəraiti yoxdur. Məgər, Belarusda seçki şəraiti vardı? Orda vəziyyət bizdən də pis idi, seçki komissiyalarında müxalifət yox idi, ümumiyyətlə, müxalifət yox idi. Yaxud Saakaşvili siyasi meydana çıxanda onu tanıyan vardı? Birdən-birə gəldi, partiya yaratdı, seçkidə saxtalaşmanı görəndən sonra vəziyyəti dəyişdi, bunlar sadəcə, taktiki məsələlərdir. Ola bilsin, seçkinin əleyhinə olanlar hesab edir ki, prosesə qatılmasalar, etiraz dalğasını artırmaq imkanı var. Axı biz hökuməti öyrənə-öyrənə gəlirik, indiki hakimiyyət hər seçkidən sonra repressiya aparır, 2013-cü il seçkilərindən sonra məni işdən çıxartdılar. Hər seçkidən sonra repressiya maşını hərəkətə keçdiyindən mən də fevralda keçirilən növbədənkənar seçkidən sonra onu gözləyirdim. Hətta İlqar Məmmədovun dialoqa getməsinə müsbət addım kimi baxdım, o mənada ki, İlqar Məmmədov bu qərarıyla tərəfdarlarını repressiyadan qoruyurdu. Mən nə baş verəcək onu deyirəm.

- Altay bəy, yenə əbədi suala gəlirik, seçkiylə nəyəsə nail olmaq mümkündürmü?

- Belarus da bir dərsdir. Bəs nail ola bilirlərmi, ya yox, uzun müddətdir etiraz davam edir. Amma onlara demək olarmı ki, etiraz aksiyaları lazımsızdır? Xeyr, aksiyalar lazımdır, çünki bütün dünyanın diqqətini özlərinə cəlb etdilər ki, Belarusda mübarizə aparılır, proses gedir.

- Azərbaycanda da 2003 və 2005-ci il seçkilərində etiraz oldu, ancaq repressiya başladı...

- Alınmadı, düz deyirsən, repressiya imkan vermədi. Amma repressiya mübarizə oldu-olmadı yenə baş verir. Mübarizə aparanda, heç olmasa dəyişikliyə ümid yaranır, mübarizə olmayanda isə MİS müdiriylə danışırlar və bunu dialoq adlandırırlar. Belə təəssürat yaradır ki, dialoq nəticəsində o növbəti seçkilərdə prezident olacaq. Yox, hakimiyyət uşaqdır, səninlə dialoq apara-apara prezident olmağına imkan versinlər? Sən elə bir qatara minmisən ki, ordan düşə bilməzsən, düşsən, Həzrət Abbaz qapazını başına vuracaqlar, o zaman müdafiən də olmayacaq.

- Dedikləriniz ReAL Partiyasına aiddir?

- Bəli. Məsələ ondadır ki, qatara minəndə insanların etibarını da itirirsən. Bir daha deyirəm, qatardan düşmək istəsən, partiya daxilində daha böyük parçalanma baş verəcək. Bu qatar məlum yollara aparır, 7-8 əvvəl həbsdə yatan Fərəc Quliyevin aqibəti buna misaldır. Mən iddia etmirəm ki, onun niyyəti odur, aydın məsələdir ki, özü də istəmir. Amma sən o yoldan çıxa bilməzsən. Xarakter etibarıyla qatardan düşmək mümkündür, o zaman faciəli durum yaranacaq, bir tərəfdən, hökumətin, o biri tərəfdən də insanların təzyiqi olacaq. Əvvəlki dəstək daha olmayacaq, hətta daha böyük böhranla üz-üzə qalacaqsan. Taktikanın düz və səhv tərəfi var, deyə bilərsən ki, Ali Məhkəmə vasitəsilə üzərimdəki hökmü götüzdürdüm, belə qəbul etmək olar ki, hökumət geri çəkildi və 230 min kompensasiya verdi, hətta bir nəfəri də Milli Məclisə buraxdı. Əslində, bu, hökumətin geri çəkilmə taktikasıdır, çünki hakimiyyət əvvəldən qanunverici orqana heç kimi buraxmaq istəmirdi. Halbuki, 1 nəfərini Milli Məclisə buraxmaqla səni məngənəyə salırlar və güclü hökumətin məngənəsindən çıxa bilməyəcəksən. Biz bunu görmüşük - Fazil Mustafa, Fərəc Quliyev və digərləri. Sonradan maşının hamının zəhləsi getdiyi hissəsinə çevrilirsən. Bütün hallarda hər şeyə hazır olmaq lazımdır.

Natiq Cavadlı
Meydan.Tv