Azərbaycan Ermənistana qarşı ilk dəfə Bern Konvensiyasına üz tutdu

Azərbaycan Ermənistana qarşı ilk dəfə Bern Konvensiyasına üz tutdu

27-01-2023 01:55 / Bu xəbər 818 dəfə oxundu

Şikayət müharibədə biomüxtəlifliyin məhv edilməsi baxımından presedent yarada bilər

Azərbaycan Ermənistanı müharibə zamanı ətraf mühitə dəymiş ziyana görə məhkəməyə verib.

Bern Konvensiyasına uyğun edilən şikayət müharibədə biomüxtəlifliyin məhv edilməsi baxımından presedent yarada bilər.

"The Guardian” yazır ki, Azərbaycan mübahisəli Dağlıq Qarabağ bölgəsinin təxminən otuzillik işğalı zamanı onun ətraf mühitini və biomüxtəlifliyini məhv etdiyi iddiası ilə Ermənistana qarşı tədbir görülməsi ilə bağlı beynəlxalq hüquqa üz tutub.

Beynəlxalq tribunal meşələrin qırılması və çirklənməsi də daxil olmaqla iki xalq arasında münaqişə zamanı ətraf mühitin geniş şəkildə məhv edilməsinə dair sübutları nəzərdən keçirəcək. Həqiqətən, zərər varsa, Ermənistandan təzminat ödəməsi tələb olunacaq.

İlk dəfədir ki, hər hansı bir ölkə Bern Konvensiyasına uyğun olaraq dövlətlərarası arbitraja müraciət edir. 

Azərbaycan qalib gələrsə, iş biomüxtəlifliyə və ətraf mühitin məhvinə iqtisadi dəyər vermək üçün presedent yaradacaq.

Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildən başlayıb.

1990-1994-cü illərdə Azərbaycan-Ermənistan arasında yaşanmış ilk Qarabağ müharibəsi nəticəsində Ermənistan Dağlıq Qarabağ və ona bitişik 7 rayonu işğal edib.

Müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yenidən atəşkəs pozulub. Beləliklə, sürən 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və 7 rayona nəzarəti bərpa edib.

Müharibə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Bu müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.

Ermənistan da hazırda eyni ittihamla Azərbaycanı suçlayır.

Azərbaycan tərəf bildirir ki, ərazilər geri alındıqda yaşayış yerləri və növlərin zədələndiyi, təbii ehtiyatların tükəndiyi, biomüxtəlifliyin məhv edildiyi aşkarlanıb.

İddia iki dövlət arasında daha geniş diplomatik münaqişənin bir hissəsidir. Azərbaycan geosiyasi baxımdan Avropa və Asiya arasında əsas strateji nöqtəni tutur, eyni zamanda, bitki və heyvan növləri üçün bioloji kəsişmə nöqtəsidir.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, işğal zamanı mədənçilik biomüxtəlifliyin qaynar nöqtəsi olan, nadir, nəsli kəsilməkdə olan və endemik növlər, o cümlədən Qafqaz bəbiri, qonur ayı, boz canavar, çöl qartalları, eləcə də daha böyük xallı heyvanların yaşadığı meşələrin böyük hissəsinə ziyan vurub.

Nazirlik 7.000 hektardan çox (17,000 akr) qorunan meşə massivinin zədələndiyini açıqlayıb. Bu qoruqların bəziləri nadir və həssas ekosistemləri, məsələn, Bəsitçay vadisindəki Şərq çinarı meşəsini qorumaq üçün yaradılıb.

Müharibə bölgəsində təxminən 2000 il yaşı olan qədim ağacların kəsildiyi bildirilir. Mikroiqlimlərin tənzimlənməsində və biomüxtəlifliyin qorunmasında mühüm rola malik olmaqla yanaşı, bu ağaclar mədəni əhəmiyyətə malikdir.

BMT-nin Ətraf Mühit Proqramının ötən il Azərbaycan üçün yazdığı hesabatda bildirilir ki, qiymətli əkin sahələrinə və su idarəetmə sistemlərinə ciddi ziyan dəyib. Həmçinin Çardaqlıda kömür hasilatı və karxanalar lazımi ekoloji nəzarət olmadan işləyib. Nəticədə kimyəvi çirklənmə olub.

Minalar problem olaraq qalır və mal-qaranın və canlıların tələf olmasına, həmçinin yanğınların yaranmasına səbəb olub.

Ağır metallar və partlayıcı maddələrin qalıqları torpağı və suyu çirkləndirir.

Lakin UNEP onu da müəyyən edib ki, Azərbaycanın yenidənqurma proqramı çərçivəsində 2021-ci ilin yanvarında başlayan yol tikintisi də meşə örtüyünü azaldıb. Və hesabatda deyilirdi ki, biomüxtəliflik müharibə zamanı həqiqətən faydalanmış, tərk edilmiş yaşayış məntəqələri ətrafında yenidən qurulub.

Azərbaycan iddia edir ki, Ermənistan bütün vəhşi flora və faunanın saxlanması, yaşayış yerlərinin mühafizəsi və bərpasını təmin etmək, konkret növlərin, o cümlədən köçəri növlərin qorunması ilə bağlı Bern konvensiyasından irəli gələn öhdəlikləri pozub.

"Ermənistan qeyri-qanuni işğalı zamanı biomüxtəlifliyi və ətraf mühiti qorumaq əvəzinə onları məhv edib”, – Azərbaycanın arbitrajdakı nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 18 aydan çoxdur ki, mübahisəni diplomatik yolla həll etməyə çalışıb.

"Təəssüflər olsun ki, Ermənistan Azərbaycanın səylərinə məhəl qoymayıb. Buna görə də Ermənistan ətraf mühitə məsuliyyətsiz şəkildə vurduğu ziyana görə cavabdehlik daşıyır və bizim bu prosesləri qaldırmaqdan başqa seçimimiz qalmadı”.

Ermənistan hökuməti hələlik, bu barədə hər hansı açıqlama verməyib.

Azərbaycan təzminat tələb etməklə yanaşı, tribunaldan Ermənistana ətraf mühitə ziyan vurmaqda davam edən fəaliyyətləri dayandırmağı əmr etməsini istəyir.

2021-ci ildə Azərbaycan tərəfindən Oxçuçayda aparılan təhlillər suda və çöküntüdə ağır metalların, o cümlədən kadmium, qurğuşun, nikel, dəmir, molibden və sinkin həddindən artıq yüksək konsentrasiyasını göstərib.

Azərbaycan bir neçə qorunan balıq və suda-quruda yaşayan növlərinin təhlükə altında olduğunu bildirir və problemin Ermənistandakı mis və molibden mədənlərinin tullantı suları, eləcə də məişət tullantıları ilə bağlı olduğunu iddia edir.

UNEP-in hesabatında qeyd olunub ki, Oxçuçayın çirklənməsi Ermənistanda uzun müddətdir narahatlıq doğurur.

Bildirilib ki, Ermənistanın ətraf mühit və vətəndaş cəmiyyəti təşkilatları mütəmadi olaraq "çayın ağır metallar və digər çirkləndiricilərlə çirklənməsi ilə bağlı həyəcan təbili çalıblar və erməni alimlərinin araşdırmaları da vəziyyətin pisləşdiyini aşkar edib.(Meydan TV)