Qarabağ qazisini işləməkdən məhrum ediblər
15-12-2021 15:25 / Bu xəbər 1547 dəfə oxundu
"Ali təhsilliyəm, evdə yalnız anamın təqaüdü ilə dolanırıq”
Kürdəmir rayonunun Carlı kənd sakini, İkinci Qarabağ müharibəsinin iştirakçısı Emil Qəhrəman oğlu Məmmədzadə ali təhsilli olsa da, işləyə bilmir. Buna səbəb isə sonuncu iş yerindən Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə çıxarılmasıdır.
23 yaşlı Emil Məmmədzadə Meydan TV-yə deyib ki, Bakıda universitetdə təhsil aldığı müddətdə kirayə ev və digər ehtiyaclarını qarşılamaq üçün "Qrand-Mart” MMC-nin supermarketində satıcı vəzifəsində işə düzəlib və cəmi 28 gün işləyə bilib.
"2019-cu ilin aprelində işə başladım, may ayında isə işdən çıxdım. Səbəb o oldu ki, dərsdən sonra gecə növbəsində qalırdım, həddindən artıq yorulduğumdan dərslərə qatıla bilmirdim. Üstəlik, evdə xəstə vardı, ona da köməklik edilməliydi. Buna görə də işdən çıxmaq üçün ərizə yazdım, amma dedilər ki, 14 gün əlavə işləməlisən, əks halda ərizəyə imza atılmayacaq. Lakin başqa seçimim olmadığından işdən getdim. MMC rəhbərliyi ilə razılaşmadığım üçün maddə ilə çıxarılmışam”,- şikayətçi deyib.
Emil Məmmədzadənin sözlərinə görə, sonra hərbi xidmətə çağrılıb, ardınca müharibəyə gedib, Suqovuşan istiqamətində döyüşlərə qatılıb.
Müharibədən sonra bankların birində imtahanla işə qəbul edilib. Bu zaman məlum olub ki, onu işdən maddə ilə çıxarıblar, bir daha işə qəbul ola bilməz: "MMC-yə müraciət edərək xahiş etdim ki, dəyişiklik etsinlər. Bildirdim ki, səhv məndədir, əvvəlcədən izah etsəydilər, səhvə yol verməzdim. İndiyədək bundan xəbər də tutmamışam. Ali təhsilliyəm, evdə yalnız anamın təqaüdü ilə dolanırıq. Razılaşmadılar, dedilər ki, heç bir köməklik edə bilməzlər”.
Əmək kitabçası, Foto: Emil Məmmədzadənin arxivindən
Şikayətçi məhkəməyə müraciət edəcək, lakin deyir ki, bu, müddət və maliyyə tələb edir. Buna görə də müharibə iştirakçısı, çətin vəziyyətdə olan biri kimi ölkə rəhbərliyindən və aidiyyatı orqanlardan köməklik istəyir.
"Qrand-Mart” MMC -dən isə Meydan TV-yə bildiriblər ki, həmin işçini xatırlamırlar və rəsmi qurumlardan başqasının suallarını cavablandıra bilməzlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vətəndaşın məhkəməyə müraciət etməsini tövsiyə edib.