Rauf Vəliyevdən şikayət: "Ortada korrupsiya və vergi cinayəti var"

Rauf Vəliyevdən şikayət:

23-04-2021 16:19 / Bu xəbər 3522 dəfə oxundu

"Caspian Marine Services” (CMS) şirkətinin keçmiş əməkdaşı Həsənov Fariz Fikrət oğlu qanunsuzluqla üzləşdiyini deyir. 

Vətəndaş bu barədə Arqument.az-a danışıb.

2017-ci ildən 2020-ci ilə qədər CMS şirkətinə məxsus "Xankəndi” gəmisində matros vəzifəsində çalışsa da, intizamlı matrosun gəminin sabiq kapitanı Sahil Həziyevlə bossman Cavid Məmmədovun qanunsuzluqlarına etiraz etməyi onun işdən qanunsuz uzaqlaşdırılması ilə nəticələnib. 

F. Həsənov baş verənlərlə bağlı ölkə başçısına, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) və Baş Prokurorluğa müraciət edib. 

O deyir ki, "Xankəndi” gəmisinin kapitanı Sahil Həziyev və bossman Cavid Məmmədov gəmini şəxsi təsərrüfatı kimi idarə edir, heyətə isə qul kimi yanaşırlar. Bir neçə dəfə bu cütlüyün qanunsuz əməllərinə görə etirazlar olub, amma problem təkcə bu deyil: "Məni narahat edən və etirazıma səbəb olan xüsusilə Cavid Məmmədovun dövlətçilik əleyhinə çıxışlarıdır. O, açıq-aydın İranın dövlət siyasətini təbliğ edir. Azərbaycanı az qala İranın bir hissəsi kimi görür. Kürəkəninin İran vətəndaşı olması ilə fəxr edir və Azərbaycanda da oradakı kimi şəriət dövlətinin qurulmasının vacib olduğunu deyir. Şəxsi maraqlarını təmin etmək üçün isə Azərbaycan Prezidentinin adını hallandırır, onun nüfuzuna xələl gətirir. Gəmi heyəti də bütün bunların şahidi olub. Mən onun bu sayaq çıxışlarına sərt şəkildə etiraz etmişəm və baş verənlərlə bağlı kapitan Sahil Həziyevə şikayət məktubu yazmışam. O isə gəmiyə məsul olan şəxs kimi bu təhlükəli məsələni ciddi şəkildə araşdırmaq əvəzinə məktubu üzərimə ataraq qəzəblə "Bu nədir yazmısan?” dedi. Onun nəzərinə çatdırdım ki, daha yuxarı instansiyalara şikayət edəcəm. Sahil Həziyev isə bildirdi ki, kimə istəyirsən şikayət et. Sahil Həziyevin özünə arxayın danışması təsadüfi deyil". 

Fariz Həsənov bildirir ki, onun himayədarı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyevdir: "Sahil Həziyev Rauf Vəliyevin himayədarlığı ilə kapitan vəzifəsinə yüksəlib. Ona güvənərək də gəmini şəxsi təsərrüfatı kimi idarə edir. Bütün bunlara baxmayaraq şikayətlərim və müraciətlərim gəmidən faktiki olaraq qovulmağımla nəticələndi. Azərbaycan dövlətinin əleyhinə təbliğat aparan, Azərbaycanın bayrağı altında üzən bir gəmidə başqa dövlətin təəssübünü çəkən Cavid Məmmədova isə quru töhmət verildi. Ona dəstək verən, qanunsuz əməllərinə şərait yaradan Sahil Həziyev ümumiyyətlə cəzasız qaldı”.

Fariz Həsənov daha sonra bildirib ki, işdən çıxarılandan sonra Dövlət Məşğulluq İdarəsinə müraciət etdim: "3 ay ərzində məni işlə təmin etməyəcəkləri təqdirdə əməkhaqqımın yarısı qədər kompensasiya ödənilməli idi. Lakin mənə dedilər ki, CMS şirkətində cəmi 3 ay işləmisən, ona görə də sənə kompensasiya düşmür. Bildirdim ki, mən 3 ay yox, 3 il işləmişəm və bu, Əmək kitabçamda da qeyd edilib. Sonradan məlum oldu ki, CMS şirkəti vergidən yayınmaq üçün hər dəfə işçilərlər, o cümlədən mənimlə müqavilə imzalayanda şirkətin adına bir hərf artırıb. Beləliklə də, biz "yeni şirkət”ə işə qəbul olunmuşuq. Halbuki mən 3 il məhz CMS şirkətində çalışmışam. Məni haqsız yerə işdən çıxarmaları bəs deyilmiş, vergi maxinasiyası həyata keçirməklə kpmpensasiyadan da məhrum ediblər”.

Şikayətçi deyir ki, bununla bağlı Dövlət Məşğulluq İdarəsində ondan izahat alıblar, amma heç bir nəticəsi yoxdur.

"Dedilər ki, məhkəməyə müraciət elə. Ortada vergi cinayəti var. Bunu özləri də etiraf edirlər. Amma məni məhkəməyə yönəldirirlər”, – deyə Fariz Həsənov qeyd edib. 

O bildirib ki, hüquqlarını təmin etmək üçün sona qədər mübarizə aparacaq: "Mən yenidən Prezidentə və müvafiq qurumlara müraciət edəcəyəm. Çünki ortada artıq korrupsiya və vergi cinayəti var. Bu, artıq mənim şəxsi problemim deyil. Burada söhbət dövlətə ziyan vurmaqdan gedir”.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məsələyə münasibət öyrənmək mümkün olmayıb.