"Masallının "hərbi komissarı" BMT-dən sənəd istəyir?"

26-07-2022 01:24 / Bu xəbər 2938 dəfə oxundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin qanunları pozaraq tələbəni məcburi əsgər aparmaq istəməsi barədə məlumat vermişdik. 

Tələbə İlham Əhmədov "Arqument.az"a bildirmişdi ki, möhlət hüququnun davam etdirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinə ərizə və arayışla müraciət etsə də, sənədləri qəbul etməkdən imtina edilir.

Vəli Rzayev

Arayş isə Bakı Dövlət Universitetindən verilib. Amma ərizəni qəbul etməyən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin rəisi Vəli Rzayev İlham Əhmədovla kobud davranıb, onu həbslə hədələmişdi. Əsas gətirmişdi ki, guya Əhmədov hərbi xidmətdən yayınmaq istəyib. 

İlham Əhmədov belə bir fikri olmadığını deyir.

O bildirib ki, möhlət hüququndan istifadə edib təhsilini bitirmək istəyir. O, təhsilini bitirəndən sonra əsgər gedəcəyini bildirib. 

Bəs Xidmətin Masallı Rayon Şöbəsi sənəddən niyə imtina edib? 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi isə imtinanı onunla əsaslandırıb ki, İlham Əhmədov şöbəyə qələmlə yazılmış və möhürsüz sənəd təqdim edib. Guya sənədin heç bir hüquqi əsası olmayıb. 

"Arqument.az" Bakı Dövlət Universitetdindən İlham Əhmədova verilən arayışın surətini əldə edib. 
 

BDU-nun verdiyi arayış

Sənəddən açıq görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsi manipulyasiya ilə məşğuldur. Çünki sənəd tam qanuni - imzalı və möhürlü sənəddir və dekanlıq tərəfindən təsdiqlənib. 

Belə bir halda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsinin sənəddən imtinası anlaşılan deyil. 

Hüquq nə deyir? 

Hüquqşünas Səməd Rəhimli isə "Arqument.az"a deyib ki, İlham Əhmədovun möhlət hüququnun davam etdirilməsi üçün qanuni əsaslar mövcuddur: "Bu, "Hərbi vəzifə və hərbi xidmət” haqqında Qanunun 21.1.4-cü maddəsinə əksini tapıb. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq dövlət qeydiyyatına alınmış, fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilmiş və akkreditasiya olunmuş təhsil müəssisələrində və onların filiallarında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda təhsilini davam etdirmək üçün aşağıdakı çağırışçılara möhlət yalnız bir dəfə verilir: ... əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək”.

"Yuxarıda istinad edilən hüquq normasından (maddə 21.1.4) göründüyü kimi təhsilin davam etdirilməsinə görə möhlət hüququ yalnız bir dəfə təhsilini bitirənədək verilir: "Hesab edirəm ki, bu normanın şərhində əsas açar söz "təhsilini bitirənədək” ifadəsidir. Bu ifadə şərh edilərkən müvafiq ali təhsil müəssisəsinin hansı tədris və qiymətləndirmə sistemindən istifadə etməsi nəzərə alınmalıdı", - deyə o bildirib. 

"Təhsilini bitirənədək” ifadəsi sabit müddət ehtiva etmir və təhsil müəssisəsinin tətbiq etdiyi hüquqi rejimdən asılıdır. Buna görə də həmin ifadə şərh edilərkən hazırkı işin hallarına əsasən BDU-nun hansı tədris və imtahan rejimi tətbiq etdiyi nəzərə alınmalıdır.

"BMT-dən arayış almaq lazımdır"

Əhmədov isə deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı Rayon Şöbəsində ərizəni qəbul etməkdən imtina edildiyinə görə sənədlər poçt vasitəsilə həmin orqana göndərilib.

İlham Əhmədovun etibarnamə ilə təmsilçisi hüquqşünas Səməd Rəhimli ilə telefon danışığından imtina edilib. 
 
İlham Əhmədov

Şikayətçilər deyiblər ki, əgər üç gün ərzində müsbət nəticə əldə etməsək, mübahisənin məhkəmə yolu ilə həll edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət ediləcək.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirəyə səbəb olub. Hətta izləyicilərdən biri maraqlı bir şərh yazıb: "Görünür, qurumun Masallı rayon şöbəsi üçün BMT-dən sənəd alınmalıdır. Bəlkə, doğrudan da, BMT-dən sənəd alsınlar, cənab komissar?", - deyə sosial şəbəkə istifadəçisi bildirib. 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mətbuat Xidməti "Arqument.az"ın sorğusuna cavab verməyib.