Əfqan Muxtarlı Gürcüstanın daxili işlər nazirinin istefasını tələb edir

Əfqan Muxtarlı Gürcüstanın daxili işlər nazirinin istefasını tələb edir

30-09-2022 20:05 / Bu xəbər 1388 dəfə oxundu

Jurnalist Baş nazirə və parlamentə müraciət edib

Sentyabrın 29-da jurnalist Əfqan Muxtarlı Gürcüstanın daxili işlər naziri Vaxtang Qomelaurinin istefası tələbi ilə müraciət ünvanlayıb. 

Vaxtang Qomelauri bundan əvvəl Təhlükəsizlik Xidmətinin rəisi olub.

Əfqan Muxtarlı bu addımını həbsdə olan Təhlikəsizlik Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvilinin ictimaiyyətə açıqlaması ilə əsaslandırıb.

Bir müddət öncə Gürcüstan Təhlikəsizlik Xidmətinin sabiq rəis müavini Soso Qoqaşvili Ə.Muxtarlının oğurlanmasının detalları ilə bağlı ictimaiyyətə açıqlama verib. Həmin açıqlamada S.Qoqaşvili deyib ki, jurnalistin oğurlanması birbaşa hakim Gürcü Arzusu Partiyasının yaradıcısı Bidzina İvanaşvilinin göstərişi əsasında olub. Onun sözlərinə görə, əməliyyata vaxtilə Gürcüstan Təhlükəsizlik Xidmətinin rəisi olmuş Vaxtang Qomelauri rəhbərlik edib. Bundan sonra Baş Prokurorluq Soso Qoqaşvilinin ifadəsini alıb və cinayət işinə əlavə edib.

Jurnalistin fikrincə, bu ifadədən sonra adı adam oğurluğunda hallanan şəxsin nazir vəzifəsi tutması qeyri-etik haldır: "Demokratik və qanunun aliliyinə hörmət edən dövlətlərdə belə hallarda nazir dərhal istefa verir, yaxud göndərilir. Gürcüstan Qafqaz regionunda ilk parlamentar idarəetmə sisteminə malik respubilkadır. Yüz ildən artıq demokratik ənənəyə malikdir. … Qomelaurinin hazırda nazir vəzifəsi tutması Gürcüstan dövlətinin bəyan etdiyi demokratik dəyərlərə, Avropa Birliyinin təməl prinsiplərinə ziddir. Bu, həm də gürcü xalqının fərdi azadlıqlar uğrunda apardığı mübarizənin inkar edilməsi deməkdir. Onun nazir olması istintaqın ədalətli aparılmasını şübhə altına alır. Bildiyiniz kimi, mənim işim beynəlxalq təşkilatların və Avropa Birliyinin nəzarətindədir. Qomelauri barədə məlumatlar həmin qurumlar tərəfindən izlənilir”.

Jurnalist müraciətini parlamentə, Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə ünvanlayıb. 

Əfqan Muxtarlının fikrincə, Qomelaurinin nazir vəzifəsində olması cinayət işinin ədalətli araşdırılmasını şübhə altına alır: "Qomelauri tutduğu yüksək vəzifədən istifadə edərək istintaqa təsir etmək imkanlarına malikdir. Şübhə etmirəm ki, o, bu imkandan istifadə edəcək. Artıq bunun bariz nümunəsinin şahidi olmuşuq”.

Sentyabrın 27-də jurnalist və onun hüquqi nümayəndəsi Gürcüstanın Baş Prokurorluğuna S.Qoqaşvilinin verdiyi ifadə ilə tanış olmaq üçün dəvət olunub. Dəvətdən öncə onlar ifadə ilə tanış olmaq istəmələri haqda Baş Prokurorluğu məlumatlandırıblar. Lakin ifadənin mətni ilə tanış ola bilməyiblər. Onlara ifadənin yarımçıq alındığı deyilib.

Jurnalistin fikrincə, bu imtinanın heç bir hüquqi əsası yoxdur və o hesab edir ki, prokurorluğun qərarı hüquqi yox, siyasidir: "Əvvəl izahatla tanış olmağımıza razı olan prokurorluğun imtina qərarı verməsində cənab Qomelaurinin təsirinin olduğunu düşünürəm”.

Jurnalistin vəkili Arçil Çopikaşvili isə bildirir ki, jurnalistin zərərçəkən olaraq cinayət işindəki bütün materiallarla tanış olmaq hüququ var və yalnız "dövlət sirri” sayılan məlumatlar istisnadır. 

İfadə ilə tanışlıq üçün jurnalistə şərait yaradılmadığına görə sentyabrın 28-də Baş prokurora şikayət edilib.

Müraciətin sonunda jurnalist xahiş edir ki, həm Baş nazir, həm də parlament səlahiyyətlərindən istifadə edərək Gürcüstanın demokratik gələcəyi, qanun qarşısında bərabərlik və ədalət prinsipləri naminə Vaxtang Qomelauri istefaya göndərilsin.

Jurnalist Əfqan Muxtarlı 2017-ci il may ayının 29-da Tbilisidən oğurlanaraq Azərbaycana gətirilib. 

O, 6 il həbs cəzası alaraq qaçaqmalçılıqda, sərhəddi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə günahlandırılıb. 

İttihamları qurama hesab edən jurnalist 17 mart 2020-ci ildə azad olunaraq birbaşa Almaniyaya yola salınıb.

Aytən Fərhadova
Meydan TV