Əvəz Zeynallının məhkəməsi başlayır

Əvəz Zeynallının məhkəməsi başlayır

15-03-2023 16:27 / Bu xəbər 756 dəfə oxundu

"Xural TV”nin rəhbərinin istintaqı yekunlaşıb

"Xural TV” internet televiziyasının rəhbəri – "Xural Yayınları” MMC-nin təsisçi və baş direktoru Əvəz Zeynallının məhkəməsi başlayır. 

Onunla bağlı cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Əvəz Zeynallı "Səda TV” MMC-nin əməkdaşı Elnur Şükürovla birlikdə mühakimə olunacaq.

Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 178.2.1 (bir qrup şəxs tərəfindən dələduzluq), 311.3.2, 311.3.3, 311.3.4 (külli miqdarda, hədə-qorxu ilə, təkrar rüşvət alma), 32.4, 312.2 (rüşvət verməyə təhrik) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələrilə ittiham irəli sürülüb. 

Elnur Şükürova isə yalnız Cinayət Məcəlləsinin 178.2.1, 32.4, 312.2 və 312-1.1 maddələrilə ittiham verilib.

Əvəz Zeynallı sentyabrın 10-da rüşvət ittihamıyla həbs edilib. Bu ittiham "Baku Steel Company” MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovla bağlıdır. 
"Xural TV” rəhbəri 2021-ci ilin yanvarından həbsdə olan Rasim Məmmədovun ailəsindən onun əleyhinə materiallar yaymamaq üçün 20 min manat pul almaqda ittiham olunur.

Cinayət işində rüşvət ittihamı üzrə başqa bir epizod isə "Azəryolservis” ASC rəhbərliyindən rüşvət alınması iddiasıyla bağlıdır. Lakin Əvəz Zeynallı bu ittihamları rədd edir, özünü təqsirli bilmir. O, istintaqda ifadə verməkdən imtina edib.

Sifarişlə həbs edildiyini deyən "Xural TV” rəhbərinin sözlərinə görə, onu jurnalist fəaliyyətinə, tənqidlərinə görə cəzalandırmaq üçün belə ssenarilər qurulur.