Əzizgirami - 60

Əzizgirami - 60

19-02-2021 17:52 / Bu xəbər 3333 dəfə oxundu

Emil Salamoğlu

Dünyanın küləyi keçər, 
Qarı, yağışı keçər. 
Qatar-qatar quşu keçər, 
daş atarlar, daşı keçər 
sən yıxılan ucalıqdan. 

*** 
Çox uzaq olmayan keşməkeşli 90-cı illərdir...Sanki naməlum fotoqraf bu şəkli lentə alanda bizim həyatımızın istiqamətlərini də çəkib. Bir gün mən həmin fotoya baxanda gizli kodlar axtarmağa başladım və özümə təlqin elədim ki, elə o şəkildə bizim taleyimizin yolları göstərilib - anam və mən bir yana, o isə başqa yana baxır, ayrılıq tez gələcəkmiş...

Bilmirəm, hər halda mən şəklimizi belə qavramışam, bir az konspirologiya, bir az mistika qatmışam gözünə. Ya da elə Ramiz Rövşənin yazdığı kimi - sən yuxarı, mən aşağı...

Belə pafoslu çıxmasın, neçə illərdir əli qələm tutan, yazan-pozan adamam, di gəl ki, indi bu sətirləri yazanda həyəcanıma hakim kəsilə bilmədim, qəribə üşütmə keçdi içimdən.

İndi feilin keçmiş zaman şəklində yazmaq, danışmaq o qədər çətindir ki, bilmirsən haradan başlayasan, ya da heç başlamayasan. 

...Bir dəfə Tiflisə gedirdik, gecəydi, zilqaranlıq və boz yollar acı bağırsaq kimi elə hey uzanırdı. Həmid Herisçi qayıtdı ki, xatirələr o qədər çoxdur, adam arxaya dönüb baxmağa qorxur, hövüllənir. 

Bu söz məni bərk diksindirmişdi və onun bu sözündən sonra uzun bir sükut çökmüşdü araya. İndi eyni vəziyyətdir, xatirələrə çevrilib baxmaq olmur.

*** 

Səbəbini soruşsanız, anamın həyatını ikiyə bölərdim: 2005-ə qədərki dövr, 2005-dən sonrakı həyat, bir ömürdə iki tale...Və ondan sonra həyatın məhək daşını öz zərif çiyinlərində daşımağa başladı. 

Evin kişisi də, qadını da, atası da, anası da oldu. Bu ağır yükü qaldırmaq üçün qüvvəti, enerjini haradan aldığını soruşmayın, çünki Tanrının seçilmişidir, özündə ilahi güc tapmışdı. Bir dəfə mənə dedi ki, darıxma, sizi daha yaxşı böyüdəcəyəm. Sözünü də tutdu!

Biz onunla həmişə hər şeyi bölüşmüşük; dost olmuşuq, qardaş olmuşuq, sirdaş olmuşuq, bir sevinmişik, bir ağlamışıq, bir gülmüşük. Özü də hər dəfə elə gülməli söhbətlərlə, məzəli əhvalatlarla doludur ki, adam doymaq bilmir. Bilirəm, bu qədər nikbinliyi, şən-şaqraqlığı hər zaman bizim üçün saxlayıb. Elə gün olmaz ki, azı iki dəfə zəngləşməyək.

Bəzən saatlarla danışırıq, siyasətdən məişətə, keçmişdən sabaha qədər, heç bilmirəm vaxt necə gəlib keçir, fikirləşmirəm ki, belə uzun-uzadı danışmaq istədiyim ikinci belə adam var. Adətən uzunçu söhbətlərdən qaçıram, əmma kim belə anadan qaçar ki?!

*** 

Hə, belə-belə, dişimizlə-dırnağımızla, illər "at belində”, bir də baxdıq özümüz övlad-uşaq sahibi olmuşuq, gözümdə heç vaxt yaşlanmayan anam düz 60-ı haqlayıb. 

Öz ata evinin sonbeşiyi indi gəlib 60 yaşına çatıb - mənim cəfakeş, vəfalı, kimsəyə əl açmayan, kimsəyə əyilmədən yaşamağı bacaran, alnıaçıq, həyatın bütün ağrılarını öz içində əridən, həyatını balalarına həsr edən, mənə nəfəs verən, bütün uğurlarımın, qazancımın memarı, Lənkərana getməyə yeganə səbəbim ana...

Sən bu həyatı film kimi yaşamış, yorulmayan, mübarizədən qaçmayan, heç vaxt ruhdan düşməyən bir insansan. Mən də bu gücü səndən almışam. Göz dəyməsin, pis qalmamısan, bu nəşənlə, bu eşqinlə bizə həyat həvəsi verirsən. 

...Mən sənə daha çox sözlər yaza bilərəm, pandemiya işləri korladı, yubileyinə bir başqa cür hazırlaşırdım. 

Amma yubiley ilboyudur, heç nə gec deyil. Ona görə bundan sonra yazılmayan ən yaxşı və ülvi fikirlər sənə ithafdır. İnnən belə nə arzulayım - mən qocalana qədər yanımda ol, nəfəsini və səsini həmişə duyum, əzizgirami anam...

Ramiz Rövşən necə deyirdi: 

Əyilim, köksünə başımı qoyum, 
Gecələr laylamı çalasan mənim.
Böyründə bir evin daşını qoyum,
evimin dirəyi olasan mənim. 
Bu dünyada nə baltalar, 
Nə bıçaqlar qalacaq. 
Ucalıqdan yıxılsan da,
Yenə canın sağ olsun, 
Bu dünyada
Sən yıxılan ucalıqlar qalacaq...