Faiq Hüseynbəylinin arzularının şəhidi

Faiq Hüseynbəylinin arzularının şəhidi

23-08-2021 15:43 / Bu xəbər 2891 dəfə oxundu

Xalid Mahmud
Şair-publisist

Şəhidlik elə uca bir məqamdır ki, o məqama yüksəlmək hər adama nəsib olmur. Etiraf edək ki, bu fani dünyada adamın öz canından onunçün şirin olan heçnə yoxdur. Böyük əksəriyyətimiz bu ali məqamı arzulasaq da, o yolda yürüməyə çox vaxt cürətimiz çatmır desək, bəlkə də, yanılmarıq. Təsəvvür edin, bir insan ailəsini, övladlarını, rahat həyatını buraxıb şəhid olmağı seçir. Və həm də bunu minlərlə insanın rahat yaşamı üçün, ya da hər hansı bir ali məqsədinə çatmaq üçün edir. Bax, bu insanlığın ən yüksək zirvəsidir. 

Peyğəmbərimiz (s.a.s) şəhidlər haqda belə deyir: "Şəhid cənnətdədir, Allah qatında xeyirli bir mərtəbədə ikən, heç bir qul bir daha dünyaya qayıtmaq istəməz. Ancaq şəhidlər bundan müstəsnadır. Çünki şəhidlər şəhid olmanın necə üstün mərtəbə olduğunu bildikləri üçün yenidən şəhid olmaq üçün can atarlar". 

Şəhidlik fəlsəfəsini dərk etmək üçün ilk öncə Kərbəla hadisəsinə, İmam Hüseyn(ə.s) məktəbinə diqqət yetirmək lazımdı. Məncə, bu məktəbin fəlsəfəsini dərk edən insanlar şəhidliyin nə olduğunu daha yaxşı anlamış olurlar. 

Bu yaxınlarda şair dostum Faiq Hüseynbəyli İmam Hüseyn (ə.s) məktəbinin davamçılarından olan Vətən Müharibəsi şəhidi Kərbəlayi Əkbər Azər oğlu Hüseynli haqqında qələmə aldığı "Arzuların şəhidi” kitabını mənə hədiyyə etdi. 

Bu kitab Faiqin mənə hədiyyə etdiyi bütün kitablardan daha böyük hədiyyə oldu. Bəlkə də kitab ruhuma daha çox doğma olduğu üçün belə hiss etdim. Çünki mən özüm də uzun müddətdir ki, şəhidlərimiz haqqında araşdırmalar aparıram və bu sahədə bir neçə kitab yazmışam. Kitabı oxuduqdan sonra fikirlərimi oxucularla da bölüşmək qərarına gəldim.

Şəhid Kərbəlayi Əkbər Hüseynli Cəlilabadda anadan olub, orda böyüyüb, boya-başa çatıb. Mənə elə gəlir ki, uşaq yaşlarından vətənpərvərlik ruhunda böyüyən Əkbər üçün Vətən uğrunda, əqidə uğrunda, müqəddəs amal uğrunda mərdliklə ölümün üzərinə yerimək heç də çətin olmayıb. 

Kərbəla ziyarətində olan, Əhli-Beyt(ə) əqidəsinə bağlı olan bir insan üçün vətən də, insanlıq da, torpaq da eyni anlamı daşıyır. Əkbər də müqəddəs bildiyi vətən yolunda ölümü gözə aldı, bir can olmasa da olar, təki vətən sağ olsun dedi. Əkbər kimi minlərlə vətən oğlu vətənin azadlığını öz canından üstün tutdu. Şəhid olmağı özünə şərəf bilən hər kəsin önündə, eləcə də o övladları böyüdən ata-anaların önündə hər zaman baş əymək bizim vətəndaşlıq borcumuzdur.

Kitabda ayrı-ayrı müəlliflərin Əkbər haqqında qələmə aldığı yazılar, həsr etdiyi şeirlər söz adamlarının şəhid adına olan yüksək ehtiramının və hörmətin göstəricisidir. 

Ancaq mənim diqqət çəkəcəyim əsas məqam Faiq Hüseynbəylinin üzərinə götürdüyü missiyadır. Belə bir fikir var; Şəhidlər şəhid olanda deyil, unudulanda ölür”. Bu bir acı gerçəkdir. Məhz Faiq Hüseynbəyli də arzularının şəhidini yaşatmaq üçün, onun adını əbədiləşdirmək üçün belə bir təqdirəlayiq işə vəsilə olub. Və həm də o, bu işi öz şəxsi vəsaiti hesabına, heç kimdən heç nə ummadan, qarşılıqsız görüb. 

Bu cür kitabların gəc nəslin təlim-tərbiyyəsində, vətənpərvərlik ruhunda tərbiyyə olunmasında böyük əhəmiyyəti vardır. Belə bir gözəl əsərə görə gənc yazar döstuma təşəkkür edirəm və inanıram ki, hər bir şəhidimiz haqqında bu cür gözəl nümunələr qələmə alınacaqdır. 
 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.