İki korpus komandiri ordudan uzaqlaşdırıldı

08-02-2021 23:21 / Bu xəbər 2093 dəfə oxundu
Müdafiə Nazirliyi: "Rövşən Əkbərov və Xaqani Cəbrayılov vəzifələrindən azad edildib”
Azərbaycan Ordusunun birlik (korpus) komandirləri general-leytenant Rövşən Əkbərov və general-mayor Xəqani Cəbrayılov vəzifələrindən azad ediliblər.
Bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Nazirlikdən bildirilib ki, hər iki general ehtiyata buraxılıb.
Müdafiə Nazirliyindən məlumatı APA-ya təsdiqləyiblər.
Rövşən Əkbərov: "Əgər nazirlik belə bir məlumat yayıbsa, demək, doğrudur”
General-leytenant Rövşən Əkbərov məlumatı mediadan öyrəndiyini deyib.
O, Meydan TV-yə bildirib ki, müdafiə nazirinin əmrini şərh etmək istəmir: "Məlumatım yoxdur, sizdən eşidirəm, əgər nazirlik belə bir məlumat yayıbsa, demək, doğrudur. Mən əlavə nə deyə bilərəm ki?”
Rövşən Əkbərov - 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında birlik komandiri təyin olunub.
2 dəfə "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən general həm də Azərbaycan Respublikası prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 saylı fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Xəqani Cəbrayılov - keçmiş müdafiə naziri Səfər Əbiyev tərəfindən rütbəsi bir pillə aşağı salınaraq, polkovnik-leytenant edilib.
Zakir Həsənov müdafiə naziri təyin edildikdən sonra isə Cəbrayılovu yenidən polkovnik rütbəsinə yüksəlib və bir neçə aydan sonra isə o İkinci Ordu Korpusuna qərargah rəisi təyin edilib.
O, ölkə başçısı tərəfindən 2011-ci ildə "İgidliyə görə” medalı ilə, 2014-cü ildə isə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncama əsasən "general-mayor” ali hərbi rütbəsi ilə təltif olunub.
2020-c il sentyabrın 27-də başlanan II Qarabağ müharibəsi zamanı hər iki generalın ordudan uzaqlaşdırıldığı bildirilirdi. İddia edilirdi ki, onların fəaliyyəti Ordu rəbərliyini qane etməyib.