İnsan ömrü azanla-namaz arasındadır - Gülşən Behbud yazır

İnsan ömrü azanla-namaz arasındadır - Gülşən Behbud yazır

03-05-2020 21:32 / Bu xəbər 1982 dəfə oxundu

Gülşən BEHBUD

Cənabı Haqq deyir ki, mən 4 şeyi, 4 şeyin  içində saxladım amma, insanlar onu yanlış yerlərdə axtardılar.

1. Elmi aclıqla-məşəqqətin içində saxladım, insanlar onu toxluq və rahatlıqda axtardılar.
2. İzzəti ibadətin-itaətin içində saxladım, insanlar onu dövlət qapılarında axtardılar.
3. Zənginliyi qənaətin içində saxladım, insanlar onu var-dövlət yığmaqla anladılar.
4. Rahatlığı cənnətə saxladım, insanlar onu bu narahat dünyada axtardılar.

İnsan ömrü azanla-namaz arasındadır. Doğulanda qulağına azan, dünyasını dəyişəndə namaz oxunar. Ramazan günlərini yaşayırıq. Ramazandan əvvəl korona adlı bəşəri bir bəlayla üzləşdik. 2020-ci il hər kəs üçün arzuolunmaz il olaraq həyatına yazıldı. Eyni zamanda koronavirus hər kəsin vicdanı ilə üz-üzə hesablaşmaq üçün şərait, imkan yaratdı. Bu gözəgörünməz düşmənə qarşı ən böyük ümidimiz Müqəddəs Ramazan ayının mərhəməti və sevgisi oldu. Mərhəmətli sevgi adamı idin sən. Sevgi dolu ayda da dünyanı tərk elədin.

Sən gözqamaşdıran varlı, vəzifəli adam deyildin. Amma sənin insanlığın, xanımlığın, fədakarlığın var idi. Mənəviyyatın güclü idi, təmiz idi. İnsan sevgisi vardı ürəyində. Özündən balacalara ana, yaşıdlarına bacı idin. Hər kəsi öz diliylə danışdırardın. Yaxşılıq etməyə çalışırdın. Bacardığın ən xırda şeylər də olsa nəsə etmək istəyirdin. "Qoymayın qızları şeir yazmağa” deyirdin. Bilirdin ki, qızlar xoşbəxtlikdən şeir yazmır. Onları şeir "atəşinə” salanlar var, olub, hər zaman da olacaq. Bunu sən yaşamışdın, anlamışdın. O üzdən yaşadığın iztirabları, əziyyətləri heç bir qızın çəkməsinə razı deyildin. Üsyan edirdin. Şeirlərin həyatını, həyatın şeirlərini əks etdirirdi.
 
"Payızda gözlə məni” kitabını mənə vermişdin illər qabaq. Üz qabığı sarı və solmuş ağacın yarpaqları idi. "Niyə payız?”-soruşdum səndən. Dedin, "mən özüm də payıza bənzəyirəm, həm də payızı sevirəm". "Payıza” kim döndərmişdi səni, kim sevdirmişdi o "payızı” sənə.... Ürəyi sevgi dolu, səmimi Fərqanə xanım, göz yaşlarımla yazıram bu yazını. Ömrümün 18 ilini səni yaxından tanımışam, sevmişəm. Ölüm sənə yaraşmır, payız qızı. Ruhun şad, məkanın cənnət olsun! İnanıram ki, sən izzətini də, elmini də, zənginliyini də bu dünyada yaşadın. Rahatçılıq axtarmağa  isə ehtiyacın olmadı. Çünki sən bu dünyanın hər üzünü şeirlərində göstərmişdin, yaşamışdın, öyrəşmişdin. O dünyan, mübarək, yerin cənnət olsun!

02. 05.2020

Fərqanə Mehdiyevanın "Qızları qoymayın şeir yazmağa” şeirini təqdim edirik:

Qoymayın yüyürsün həsrətə tərəf,
Arazdan baş alıb qarışır Kürə,
Bir misra yazırsa ölür min kərə,
Qızları qoymayın şeir yazmağa.

Qızlar bu dünyanın gülü olublar,
Qızlar bir ocağın külü olublar,
Divanə olublar, dəli olublar,
Qızları qoymayın şeir yazmağa.

Bacarın dərdini, odunu alın,
Yaralı soyunu, adını alın,
Dağılmış yerini, yurdunu alın,
Qızları qoymayın şeir yazmağa.

Taleyin qışından qoyun büstünü,
Başının daşından qoyun büstünü,
Üşüsə şeirlə örtün üstünü,
Qızları qoymayın şeir yazmağa.

Xəyalı göylərdə yerini yazır,
Qovrula-qovrula sirrini yazır,
Hələ beş dərdindən birini yazır,
Qızları qoymayın şeir yazmağa.

Mənbə: "525.az"