Kreml Almaniyanın Ukraynaya dəstəyinə necə mane olmaq istəyib: maliyyə və yumşaq güc (ARAŞDIRMA)

Kreml Almaniyanın Ukraynaya dəstəyinə necə mane olmaq istəyib: maliyyə və yumşaq güc (ARAŞDIRMA)

06-08-2023 10:50 / Bu xəbər 678 dəfə oxundu

Fürerin kiçik köməkçiləri: Kreml "Almaniya üçün Alternativ” partiyasını necə maliyyələşdirib və ondan Ukraynaya hərbi yardımı dayandırmaq üçün necə istifadə edib...

Almaniyanın ifrat sağçı "Almaniya üçün Alternativ” Partiyası (AfD) Kremlin göstərişi və Rusiya pulu ilə Ukraynaya silah tədarükünə qarşı iddia qaldırıb. 

"The İnsider" və "Spiegel” təbliğatçı Vladimir Serqiyenkonun "sındırılmış” yazışmalarını araşdırıb. Oradan belə aydın olur ki, o, çıxışlarının mətnlərini Moskvadan alan, Kremlin təşəbbüsləri üçün lobbiçilik edən və hətta öz hökumətlərini məhkəməyə verən ifrat sağçı deputatlar və Kreml arasında vasitəçi olub. 

Serqiyenko pulları Almaniyaya qismən nağd, qismən də nəzarətində olan QHT vasitəsilə daşıyıb.

Özünü politoloq adlandıran Vladimir Serqienko təbliğat xarakterli tok-şouların daimi qonağıdır. 

O, vaxtının çox hissəsini Berlində keçirdiyi üçün dövlət kanallarında onu Almaniya ilə bağlı mövzulara şərh verməyə dəvət edirlər, hətta "alman politoloqu” kimi təqdim edirlər. 

Təbliğatçı çıxışlarında fantaziyalarına geniş yer verir: Almaniyanın Zelenskiyə sui-qəsd planı hazırladığını bəyan edir, sonra almanların 88 tank verməklə Ukraynaya necə "Nasist kodu” göndərdiyini söyləyir.
 
Bəzən isə o, "ukraynalı politoloq" rolunu oynayan həmkarı ilə studiyada dava salmaqla xalqı əyləndirir. Əslində, Serqienko göründüyü kimi zərərsiz bir təlxək deyil...

"Hack” edilmiş yazışmalardan göründüyü kimi, o, Kremldəki kuratorlarından AfD partiyasından olan deputatlara mesajlar ötürən bir əlaqələndiricidir (özünü hətta kurator da adlandırır). 

AfD parlamentdə 736 yerdən 83-ə (beşinci ən böyük) sahib olan marginal sağçı partiyadır, lakin yazda o, reytinqlər  qazanmağa başlayıb və ictimai rəy sorğularında hətta SPD-ni (kansler Olaf Şoltsun mənsub olduğu partiya) də qabaqlayaraq ikinci yeri tutur. 

AfD liderləri ifrat sağçı fikirlərini gizlətmirlər. Məsələn, partiyanın həmsədri Aleksandr Qauland bildirib ki, almanlar İkinci Dünya müharibəsində alman əsgərlərinin göstərdiyi şücaətlə fəxr edə bilərlər. 

Vermaxtın şücaətlərinin vəsf edilməsi, Kremlin bu il Qaulandı mayın 9-da təntənəli görüşə dəvət etməsinə mane olmayıb. 

Rəsmi olaraq, AfD Kremllə olan əlaqəni inkar edir, lakin "sındırılmış" yazışmalardan göründüyü kimi, bu fraksiyanın deputatları nəinki öz hərəkətlərini Moskva ilə razılaşdırırlar, hətta birbaşa oradan göstərişlər alırlar. 

Onların qarşısına qoyulan vəzifələrdən biri də Ukraynaya hərbi yardımı dayandırmaq olub. 

Kreml ümid edirdi ki, AfD məhkəmə yolu hərbi tədarüklərin qarşısını ala bilər. 

Serqiyenkoya bu ideyanı AfD deputatlarına izah etmək və onun hüquqi dəstəyini, eləcə də maliyyələşdirilməsini təmin etmək tapşırılıb və o, buna nail olub.

Martın 1-də Serqiyenko öz kuratoru Alekseyə məhkəmənin Kreml üçün niyə bu qədər vacib olduğunu izah edir: "Hökumətin işi çətin olacaq. Bu vəziyyət bizim üçün sərfəlidir, çünki istənilən halda tanklar ya nəzərdə tutulduğundan xeyli gec təhvil veriləcək, ya da tədarükün qarşısı alınacaq. Bu hərəkətləri dəstəkləmək üçün aşağıdakılar tələb olunur: buna razılıq, media dəstəyi, maliyyə dəstəyi. Bundestaqın deputatı iddianın hazırlanması ilə bağlı müqavilə bağlayacaq. Deputat sorğularından və Bundestaqın elmi xidmətinin cavablarından ayrıca istifadə olunur".

Serqiyenko dərhal bu iddia üçün hansı xərclərin tələb olunacağını bildirir: "Haradasa ayda 25.000 avro (təxminən iki-üç ay işə baxılacaq, məhkəmə təmin tədbiri, yəni tədarükün qadağan edilməsi də eyni zaman çəkəcək). Məbləği bir neçə ixtisaslaşmış hüquqşünası birləşdirən nüfuzlu hüquq firması tələb edəcək. Kuratorluq və nümayəndəlik üçün əlavə xərclər var (təxminən 10 min avro). İşə cəlb olunan həmkarların (Bundestaq deputatları) tam adları təqdim ediləcək".
 
Ertəsi gün Serqiyenko kuratora yazır: "Qaralamaya baxın”. 

O cavab verir: "Yaxşı. Dünən məlumat verdim, hələ cavab almamışam”.

"Gözləyirik", - deyə Serqiyenko cavab verir.

Alman deputatların "bişirilməsi” üzrə iş uğurlu alındı. İyulun 5-də AfD-nin parlament fraksiyası Federal Konstitusiya Məhkəməsində iddia qaldırdı, Karlsruedə № 2 BvE 5/23 işi üzrə proses davam edir. İddia üçün rəsmi bəhanə silah tədarükünün Bundestaqla razılaşdırılmamasıdır, baxmayaraq ki, heç bir Almaniya qanunları bunu tələb etmir.

Serqiyenkonun kuratorla razılaşdırılmış digər sənədləri də olub. Məsələn, AfD-dən olan siyasətçi və eyni zamanda Almaniyada Rusdillilərin Müdafiəsi Assosiasiyasının prezidenti Ulrix Oymenin Roma Papasına yazdığı məktubda o, "Ukraynada xristianların təqibinə” diqqət yetirməyi xahiş edir. 

Bu müraciətin layihəsi kuratora rus dilində aprelin 12-də göndərilib, aprelin 14-də isə artıq dərc olunub.

Serqiyenko Moskvadan birbaşa maliyyə alıb, bunu yazışmalar da təsdiqləyir.

Burada kurator Aleksey soruşur: "Alman QHT-yə köçürə bilərikmi? Rekvizitlər lazımdır?" 

Serqiyenko cavab verir: "Bəli. Alman QHT-yə köçürə bilərik. İndi auditorla aydınlaşdıraram”.

Ukraynaya hərbi yardımı kəsmək cəhdi Serqiyenkonun kuratorların tələbi ilə AfD-də məsələləri həll etdiyi yeganə nümunə deyil. Belə ki, aprelin 26-da o, kuratora məruzə edir.

Almaniya Bundestaqının deputatı, AŞPA-nın və AfD-nin Federal Rəyasət Heyətinin üzvü, professor Harald Vayel Avropa Şurası Parlament Assambleyasının sessiyasında bəyanatla çıxış edib. 

O bildirib ki, Kiyev hakimiyyəti Rus Patriarxlığına mənsub ukraynalı pravoslavları açıq şəkildə təqib edir və görülən işləri təsdiqləmək üçün video göndərir. 

"Qəbul etdim, əladır", - deyə Aleksey cavab verir və dərhal aydınlaşdırır: "Polşa mövzusunda olacaqmı?" 

İstənilən "Polşa mövzusunda" bəyanatın daha sonra AfD tərəfindən səsləndirilib-səsləndirilmədiyi aydın deyil, ancaq Kreml mediası Vayelin Rus Pravoslav Kilsəsinin təqibləri ilə bağlı bəyanatını dərhal tirajlayıb. Almaniyanın özündə də təbii ki, bu bəyanata fikir belə verilməyib.

Serqiyenko pulları təkcə QHT-lər vasitəsilə əldə etmir. Belə ki, aprel ayında gömrükçülər Serqiyenkonu saxlayıb və onun üzərində 9000 avro nağd pul tapıblar (maksimum icazə verilən 10.000 məbləğdən bir qədər az). 

İyun ayında o, yenidən sərhəddə yoxlanılıb və yenə də üzərində 9 min avro olub.

AfD-nin Kremllə sıx əlaqələri bundan əvvəl də mediada fəal müzakirə olunub. Məsələn, deputat Markus Fronmayer daim işğal olunmuş Krıma və Donbasa gəlir, Moskvaya səfər edir, burada müxtəlif kremlyönlü konfranslarda çıxış edir, hətta "İzvestiya”dan olan jurnalistlə evlənir. 

Bununla belə, səyahət üçün maliyyə almaq heç də Ukraynaya tədarükün kəsilməsinə yönəlmiş məhkəmə prosesinin maliyyələşdirilməsi ilə eyni deyil: sonuncu halda söhbət rəsmi araşdırma və cinayət işlərinin başlanmasından gedə bilər. 

Jurnalist sorğusuna cavab olaraq Vladimir Serqyienko onu Moskvadan olan kuratorla nəyin bağladığını izah edə bilməyib və cavab verib ki, pul köçürmələrinin belə qəribə üsulu yalnız Rusiyadan birbaşa bank ödənişlərinin qadağan olunması ilə bağlıdır.

Yeni məlumatlar çox güman ki, Serqiyenkoya artıq maraq göstərən Almaniya kəşfiyyat xidmətləri üçün əlavə arqument rolunu oynayacaq. Rusiyaya və AfD-yə bağlı şəxslərdən pul köçürmələri (onların mövcudluğuna dair çoxdan şübhələr olub, lakin sübut olunmayıb) Bundestaqın bir neçə deputatı barəsində cinayət işinin başlanılmasına səbəb ola bilər. Ancaq Serqiyenkonun özü üçün daha çox problem yarana bilər. Həm də təkcə deputatların maliyyələşməsinə görə yox. 

Serqiyenko Lvovda anadan olub və Ukrayna vətəndaşı olub, lakin ötən il Ukraynada təqib olunduğunu iddia edərək Almaniya vətəndaşlığını alıb. 

Almaniya səlahiyyətliləri onun təqib olunduğu ilə razılaşmayıblar, lakin ona vətəndaşlıq veriblər, çünki o vaxta qədər o, artıq uzun illər Almaniyada yaşayırdı. Lakin "sındırılmış" yazışmalarda onun daxili Rusiya pasportunun və 2022-ci ilin əvvəlində verilmiş Rusiya xarici pasportunun iki səhifəsinin şəkilləri aşkar edilib.
 
Onun Rusiya vətəndaşlığını alman hakimiyyət orqanlarından gizlətməsi və bundan imtina etməməsi Almaniya qanunlarına görə cinayətdir. Ona görə də təbliğatçı casusluqda təqsirli bilinməsə belə, Almaniyada ciddi problemlərlə üzləşəcək.

Tərcümə: Nizami Bağırov