Prokuror Rasim Məmmədova 15 illik həbs cəzası istəyir

Prokuror Rasim Məmmədova 15 illik həbs cəzası istəyir

21-11-2022 22:59 / Bu xəbər 263 dəfə oxundu

Bu gün, noyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Toplum TV-nin xəbərinə görə, prosesdə dövlət ittihamçısı Orxan Səmədov çıxış edərək Rasim Məmmədovun cəzasını ciddi rejimli cəzaçəkmə müəssində çəkməklə15 il müddətə azadlıqdan məhrum edilməsini istəyib.

Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. 

O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.

Rasim Məmmədov "Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. 

Cinayət işində 13 milyon 200 min manatın mənimsənilməsi, 42 milyon manatlıq məhsulun israf edilməsindən söhbət gedir. Cinayət işi üzrə dəymiş ziyan 185 milyon manat hesablanıb.

Rasim Məmmədova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrilə ittiham verilib.

Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Rasim Məmmədov ittihamları qəbul etmir, özünü təqsirli bilmir.

R.Məmmədov 2021-ci il fevralın 1-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunub. 

Ona qarşı Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.